“Baboşları, zənoşları, gəndalaşları o müəllimlər yetişdirib!” - SƏRT SÖZLƏR

“Baboşları, zənoşları, gəndalaşları o müəllimlər yetişdirib!” - Sərt sözlər

“Vallah, bu, biabırçılıqdır. Deməli, ikinci dəfə də şans verilir ki, gəl sertifikasiyada iştirak elə görək, ixtisasınla bağlı nə bilirsən? Bu da nəticə…” 

Bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib.

O, imtahandan keçə bilməyən müəllimlərin dayanmadan ona zəng vurub nə edəcəklərini soruşduqlarını bildirib: 

“8 iyunda keçirilmiş təkrar sertifikasiyada 3424 ibtidai sinif müəllimi, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi müvafiq keçid balını, yəni 30 balı toplamayıb. 

Dünəndən də zəng-zəng dalınca gəlir ki, Elçin müəllim, nə etmək olar? Deyirəm heç nə. Apellyasiyaya müraciət edin. Bir tərəfdən də əsəbimdən bitəhərəm. Deməli, millətin balasına dərs verməyə çalışanlar görün hansı üsullara əl atmağa cəhd edirlər”. 

O, ibtidai sinif müəllimlərinin nəticələrini faciə adlandırıb: 

“12305 ibtidai sinif müəllimi 0-30 bal aralığı nəticə əldə edib. Millətin faciəsi budur. Baboşları, zənoşları, nəbilim gəndalaşları yetişdirənlər məhz bunlardı. Ən həssas, ən kritik, ən strateji dövr ibtidai təhsil dövrüdür ki, məhz bu ixtisasını bilməyənlərə görə minlərlə şagird bədbəxt olub. Təməlləri düzgün qoyulmayıb. Təəssüf!”. 

Ekspert kəsilən müəllimləri müdafiə edənlərə sərt cavab verib:

“Əziz humanistşüvənlər özünü atıb ortaya ki, bəs amandı, o kəsilən müəllimlər necə dolanacaq? İndi qayıdıb deyəcəm ki, səsini başına atınca, apar övladını tapşır, o, dərs keçsin, dodaqlarını büzəcək. Ağzı əyilib qulağına çatacaq. Səmimi olun. Çox demirəm, barı bir az. Öz övladınıza rəva görmürsünüzsə ki, həmin şəxslər dərs desin, o zaman başqalarının da övladlarına qıymayın. 

Mən tam əminliklə deyirəm ki, ixtisası ilə bağlı minimal biliklərə sahib olmayan birinə heç bir valideyn övlad etibar edə bilməz. Elə isə imkan verin aidiyyəti qurum öz işini görsün. Vaxtilə tanışlıqla, tapşırıqla, korrupsiya ilə, saxta diplomla, kurs sertifikatı ilə təhsilə gələnlər birmənalı olaraq prosesdən kənarlaşdırılmalıdır! Onun da yolu sertifikasiya və bu kimi yoxlama-ölçmə vasitələridir”.  Yenisabah.az 






Fikirlər