ƏJDƏR AGAYEV: “… idarəetməni düzgün təşkil edə bilmirlər”

Şagirdlərin 9-cu sinif buraxılış imtahanlarında Ana dilindən 2 qiymət alması ciddi müzakirə mövzusuna çevirilib. Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Bizimxeber.az-a açıqlamasında bildirib ki, şagirdlərin 9-cu sinif buraxılış imtahanlarında Ana dilindən 2 qiymət almasının birinci səbəbi onların vaxtilə dərs aldıqları ibtidai sinif müəllimlərinin lazımı səviyyədə hazırlıqlı olmadıqları ilə bağlıdır: “Şagird əgər ibtidai siniflərdə normal xətlə yaza bilmir, orfoqrafik və durğu işarəsi səhvlərinə yol verirsə, o, yuxarı siniflərdə də bunu davam etdirir. Ona görə də ibtidai sinif müəllimləri özləri tələb olunan səviyyədə qrammatik savadlılığa və dil mükəmməlliyinə malik olmalıdırlar.”

Professor həmçinin əlavə edib ki, ikinci səbəb isə ixtisasını, tədris metodikasını mükəmməl bilməyən Azərbaycan dili müəllimləri ilə bağlıdır: ” Onlar çalışmalıdırlar ki, ibtidai siniflərdən gələn şagirdlərin yazısında və şifahi nitqində qüsurları aradan qaldırsınlar, düzgün orfoepik və orfoqrafik vərdişlər yaratsınlar. Digər bir səbəb məktəbin idarəedilməsindəki pedaqoji-metodik qüsurlarla bağlıdır. Pedaqoji prosesə nabələd, pedaqoji təcrübəsi olmayan, təhsil və tərbiyə elmini bilməyən insanlar idarəetməni düzgün təşkil edə bilmirlər”.






Fikirlər