UCARDA DƏHŞƏTLİ AVTOQƏZA - 13 avtomobil toqquşub, 2 ölü, 22 yaralı var + VİDEO (Yenilənib)

Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol qəzasında 22 nəfər xəsarət alıb və Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Yaralılar müxtəlif dərəcəli sınıqlar, daxili orqan əzilmələri və travmalar alıblar. Onların 14-ü kişi, 8-i qadındır.

Xəsarət alanlardan 11 nəfəri Bərdə, 5 nəfəri Mingəçevir, 1 nəfəri Gəncə, 1 nəfəri Şabran, 2 nəfəri Yevlax, 1 nəfəri Qax, 1 nəfəri isə Zaqatala sakinidir.

Hazırda 7 nəfərin müalicəsi xəstəxanada davam edir, qalan 15 nəfərin 6 - sı Təcili Yardım şöbəsində müşahidə altındadır, qalanları isə ambulator müalicə üçün evə buraxılıb.

 

 

***

Ucar rayonunda 13 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 22 nəfər yaralanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəzaya uğrayan “Mercedes”in sürücüsü “Report”a yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib.

Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, olay yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub, avtobillərdə sıxılıb qalmış sərnişin və sürücülər avtomobillərdən çıxarılıb.

Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı N.A., 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisədə ölənlər isə aidiyyəti üzrə təhvil veriliblər.

Qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.

Faktla bağlı araşdırma aparılır.

 






Fikirlər