GƏDƏBƏY cəhbəsinin ƏFSANƏVİ KƏŞFİYYAT KOMANDİRİ - Gözyaşardan həyat hekayəsi - VİDEO - FOTOLAR

Onu Gədəbəydə tanımayan yoxdur. Adı Qarabağ müharibəsinin qızğın çağında bütün ölkəyə yayılmışdı.

Mükəmməl savada, geniş dünyagörüşünə malik olan qələm ustası Mehman Fituri illər sonra jurnalistikadan döyüşün içinə atıldı. Usta qələm sahibi bu dəfə qələmi silahla əvəz etmişdi.

Kəşfiyyat­ komandiri, jurnalist Mehman Fituri Kərəm oğlu. Hərbidəki təqdimatı verildikdən sonra Azərbaycan ordusunun Qərb cinahında-Gədəbəy bölgəsində yeni bir ulduz parladı. Qısa müddətdə düşmənin bütün hərəkət treyaktoriyasını,əməliyyat-diversiya planlarını və koordinatlarını əvvəlcədən öyrənmək mümkün oldu...

Mehman 1957-ci il avqustun 29-da Gədəbəy rayonu Gədəbəy qəsəbəsində ziyalı ailəsində anadan olub. 1990-1992-ci illərdə Vətənimizin ərazi bütövlüyü uğurunda döyüşlər başlayanda "Tərəqqi" qəzetində şöbə müdiri işləyirdi. Üç körpə qız övladı vardı. Universitet illərindən sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdəki uğurlarına görə,  baş leytenant rütbəsini almışdı.

Bax belə bir zamanda düşmən qapıya dayandı. Ehtiyatda olan zabit Mehman üçün bu dəfə döyüş meydanı yerini dəyişdi. Bir müddət sonra Şəmkir-Gədəbəy alayında kəşfiyyat bölüyünün komandiri təyin olunur. Bir çox döyüşlərdə fəal iştirak edir, ən təhlükləli kəşfiyyat tədbirlərinə rəhbərlik edir, düşmən mövqelərini, onların silah-sursatları haqqında dəqiq məlumatlar əldə etməyə nail olur.

Günlər sonra Şınıxda davam edən qanlı qarşıdurmanın ön cərgəsində yer alır. Bu dəfə tapşırıq daha çətin və daha təhlükəli idi.

Ona hazırda Milli Qəhrəmanımız İsgəndər Aznaurovun şərəfinə "İsgəndər Qalası" adı verilmiş zirvəni əldə saxlamaq tapşırığı verilir. (İsgəndər Qalası yerləşən zirvədə post yox imiş, "Daş Yurd" adlanırmış, ora İlk dəfə Mehman Fituri baxır və deyir ki, buranı qorumalıyıq, postu da burda qurmalıyıq. Dik yüksəkliyin  3 tərifində ermənilərin postları var, O qala olmasa, Şınığı saxlamaq qeyri mümkün olardı-red.).

Bu strateji nöqtə vasitəsilə Başkəndə doğru hərəkət edən ordumuza təhlükə yarada bilərdirlər. Kəşfiyyat bölüyünün komandiri Mehman Fituri və onun rəhbərlik etdiyi "Subaylar" adlı kəşfiyyat qrupu,  həmçinin 6 nəfərdən könüllülərdən ibarət bir dəstə daş qalaqlarından  özlərinə səngər qurmaqla, zirvəni  qoruyub saxlayırlar.

Həmin günlərdə Mehman həm döyüşmüş, həm də gördüklərini qələmə almağa davam edir,  19 hekayə və şeirdə Gədəbəy cəbhəsində baş verən hadisələr detallarına kimi təsvir edilir.

Növbəti döyüş tapşrığı düşmən ərazisinə keçmək və “dil” gətirmək idi.

Həmən səfər Mehman üçün ölümlə bitəcəkdi...

Amma..

4 saat düşmən ərazisində qalır. Geri dönmək üçün bütün gücünü sərf edir. Sərhəddimizə dönəndə əsgərləri onun sağ qayıtmasına inana bilmirlər.

Sol ayağı sınıq ola-ola 4 saat sürünərək düşmən cəbhəsindən çıxa bilibmiş. Sağaldıqdan sonra yenidən orduya qayıdıb xidmətini davam etdirib.

Azərbaycan ordusunun daha bir uğurlu əməliyyatı Göyçəylə sərhəd olan “Örükdaş”da baş tutur. İrimiqyaslı əməliyyatda əsas zərbə qüvvələrinə rəhbərlik edir...

Döyüşün gərgin anında hər şey alt-üst olur. Yaxınlığında baş verən dəhşətli partlayış onu  onu bir neçə metr kənara-yola atır.

Bir müddət özünə gələ bilmir. Əməliyyatda iştirak edib, geri dönən tanklarımızdan biri yolda kiminsə uzandığının fərqinə varmır.

Döş cibində olan qumbaralar qabırğalarını sındırır, ağrının təsirindən ayılan Mehman ani bir cəhdlə özünü kənara atır. Bu dəfə takın tırtılı sağ ayağını əzir. Bu azmış kimi dəmir maşının altındakı qarmaq Mehmanın hərbi geyiminə ilişir və bir neçə metr sürüklənir. Qan içində, başına gələn dəhşətli hadisəni uzaqdan görən əsgərləri onu xilas edə bilirlər.

4 il müalicədən sonra ayağı pəncədən amputasiya olunur. 2-ci qrup əlil kimi vətənin bütövlüyü üçün canını fəda edir.

Sonrakı dövürlərdə də vətənə xidməti müxtəlif dövlət orqanlarında çalışmaqla həyata keçirib. Son dövrlərdə Gədəbəy 1 saylı orta məktəbdə müəllim kimi çalışır.

Amma ölüm yenə də bu qəhrəmandan əl çəkmir. 2006-cı ildə avtomobil qəzasında  həyatını itirir.

Əziz Əlibəyli

 

 






Fikirlər