Azərbaycan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi reytinqində 31-ci yerdədir

Azərbaycan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi reytinqində 31-ci yerdədir

 

 

ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) hazırlanıb. Sənəddə 180 ölkə arasında 2 sahə (insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9 istiqamət üzrə  qiymətləndirmə aparılıb. 
Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycanı dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83.78 balla 31-ci yerə qoyub.
Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail  kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Digər diqqətçəkən məqam odur ki, qiymətləndirmədə qonşu Gürcüstanla Azərbaycan arasında 20 bal fərq olduğu halda, Azərbaycanla 1-ci yerdə olan Finlandiya arasında cəmi 7 bal fərq var.
Eyni zamanda, regional səviyyədə aparılmış qiymətləndirmənin nəticələrinə əsasən Yel və Kolumbiya Universitetləri Azərbaycanı Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə 2-ci yerə çıxarıb. Bu sıralamada Azərbaycan Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Belarus kimi ölkələrdən qabaqdadır. MDB ölkələri arasında isə 1-cidir.
Əldə edilən bu yüksək göstərici, ölkədə ətraf mühit sahəsində son illərdə baş verən müsbət dəyişikliklərin çox qısa müddətdə sürətlə və ciddi şəkildə aparılmasına dəlalət edir. Yəni ənənəvi olaraq inkişaf etmiş ölkələrdə ekoloji vəziyyətin sağlamlaşdırılması uzun illər ərzində müəyyən bir bazanın yaranması nəticəsində əldə edilib və bu ölkələrdə baş verən dəyişikliklərin son illərdə o qədər də gözə çarpan olmaması fonunda Azərbaycanda qısa zamanda bu sahədə aparılan islahatlar və uğurlu fəaliyyətin sürəti baza səviyyəsinə nisbətdə köklü dəyişikliklərə səbəb olub və ABŞ universitetləri tərəfindən obyektiv qiymətləndirilib.
Başqa bir qiymətləndirmə. Sənədə əsasən Azərbaycan İqlim və Enerji istiqamətinə görə sıralamada 100 ballıq sistem üzrə 97.94 balla qiymətləndirilərək bütün ölkələr arasında 2-ci, həmin bölmənin Karbon İntensivliyi göstəricisi üzrə isə 100 balla 1-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, son illər ölkədə iqtisadiyyatın 3 dəfədən çox böyüməsinə baxmayaraq tullantıların azaldılması istiqamətində həyata keçirilən konkret tədbirlər hesabına həmin tullantıların 1990-cı ilin baza səviyyəsindəki 73 milyon tondan 51 milyon tona qədər endirilməsinə nail olub. Belə ki, 1990-2000-ci illərdə Azərbaycanda istilik effekti yaradan qaz tullantılarının azaldılması əsasən Sovet iqtisadiyyatının dağılması səbəbindən iqtisadi tənəzzüllə bağlı idisə,  2000-ci ildən sonrakı dövrdə ölkə üzrə ÜDM-in və sənaye istehsalının dəfələrlə artmasına, minlərlə yeni müəssisələrin yaradılmasına  baxmayaraq, tullantıların miqdarı  azalmış və karbon intensivliyi göstəricisi aşağı düşmüşdür ki, bu da  ölkədə bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətlərlə, xüsusilə də yeni texnologiyalardan istifadə və  yeni meşəsalma tədbirləri  nəticəsində karbon udulması prosesləri  ilə  bağlıdır.
Daha bir uğurlu göstərici isə odur ki, Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub. Bu yüksək göstəricinin əldə edilməsinin səbəbi yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılaraq 11,8 faizə çatdırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağac kəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması olub.
 Ümumilikdə bu günə kimi ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin qiymətləndirmə nəticələri ilə müqayisədə, ABŞ-ın tanınmış Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış bu Ekoloji İndeksdə Azərbaycanın sıralamada yüksək yer tutması, ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsinin aydın təzahürüdür.






Fikirlər