FHN əməkdaşlarına MƏNZİL paylandı - FOTO
FHN əməkdaşları üçün tikilmiş yaşayış binalarının açılışı olub Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları üçün inşa olunmuş hər biri 12 mərtəbəli, 96 mənzilli 2 yaşayış binası istifadəyə verilib. Nazirliyin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, yaşayış binalarının açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin FHN əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları Novruz bayramı münasibətilə təbrik edən nazir müavini vurğulayıb ki, yeni mənzillərin təqdim olunması nazirlik əməkdaşlarının bayram sevincini ikiqat artırıb. Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti kapitan Şahbaz Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbçilərin və nazirliyin mülki əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində əməkdaşların ailələri üçün əsl bayram hədiyyəsi təqdim olunub. O, dövlət başçısının bu qayğısının FHN əməkdaşlarının daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olacağını bildirib. Sonra fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı F.Tağı-zadə yaşayış binalarının rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müsair standartlara uyğun olaraq inşa edilib.