02.02.2014. - Suriyada öldürülən azərbaycanlı gəncin atası danışdı - (Video)

02.02.2014. -  Suriyada öldürülən azərbaycanlı gəncin atası danışdı - (Video)
02.02.2014. -  Suriyada öldürülən azərbaycanlı gəncin atası danışdı - (Video)

Dünyanın ən iri media qurumlarından olan “Al Jazeera”nin türk bölməsinin müxbiri İrfan Bozan Bakıya gələrək Suriya döyüşlərində həlak olmuş Rüstəm Əsgərovun ailəsindən reportaj hazırlayıb.

AzerTaym.az-ın məlumatına görə ANS PRESS “Al Jazeera Turk”ə istinadən bildirir ki, Suriyada müxalifətçi “Ahraruş Şam” silahlı qruplaşmasının tərkibində vuruşmuş Rüstəm Əsgərov dekabr ayında Hələbdə dünyasını dəyişib. Atası Musa Əsgərov oğlunu 2013-cü ildə sentyabrın 27-də gördüyünü deyib: “Uşaqlarını və xanımını gətirdim. Bir də görmədim”. 3 uşaq atası Rüstəm Əsgərovun övladlarından sonuncusu onun ölümündən sonra dünyaya gəlib. İrfan Bozan Bakıda Musa Əsgərovgilin mənzilində olan zaman körpə 6 günlük olub.
“Al Jazeera Turk”ün yazdığına görə, Azərbaycan mətbuatı Rüstəm Əsgərov barədə 10 il qabaq da material dərc etmişdi. 2003-cü ildə Rüstəm 22 yoldaşı ilə birlikdə partizan dəstəsi yaradaraq Qarabağda savaşacağını bəyan etmişdi və buna görə tutularaq 2 il 6 ay həbsxanada qalmışdı. Mərhumu yaxından tanıyan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı onun sələfi olduğunu, həbsdən sonra Bakıda dükan açdığını və sonra İstanbula köçdüyünü deyib.
Rüstəm Əsgərovun atası İrfan Bozanın “Oğlunuzun şəhid olduğunu düşünürsünüzmü?” sualına “O həmişə deyirdi ki, İslam dininin yolunda, müsəlman qardaşlara kömək etmək üçün şəhid olmaq istəyirəm. Amma onun şəhid olub-olmadığını Allah bilir. Yalnız Allah bilir ki, kim şəhiddir” cavabını verib.
Daha sonra İrfan Bozan Azərbaycan sələfilərinin lideri Qamət Süleymanla görüşüb. Ona belə bir sualla müraciət edib: “Eşitmişk ki, bəzi azərbaycanlı gəncləri Suriyaya cihada gedirlər və bunlar üçün Azərbaycanda din adamları fətvalar verirlər. Siz belə fətva verdinizmi?”

Qamət Süleymanov isə buna cavabında deyib: “Xeyr, bu, yalandır. Ümumiyyətlə, orada cihadın olması sual altındadır… Orada cihad yoxdur. Neçün?.. Çünki cihad ibadətin bir növüdür. Onun növləri var, xüsusən də döyüş cihadının qaydası var. Şərtləri var ki, nə vaxt eləmək olar, nə vaxt olmaz, nə vaxt etmək qadağandır. Şəriətdə bu məsələdə belə bir mövzular var. Ona görə də orada cihadın olması barədə böyük alimlərdən heç biri deməyib. O ki qaldı, Azərbaycanda hansısa elm əhli desin… Biz əksinə orada cihadın olmasının əleyhinəyik. Həmçinin, kim onu cihad adlandırır, şəri cəhətdən əsası yoxdur… Ola bilər ki, hansısa təkfirçi, radikal qrupların başbilənləri cihad desin, amma onlar sayılmır”.
Qamət Süleyman Suriyaya gedən gənclərin xaricdən idarə olunduğunu vurğulayıb. Onun fikrincə, çox vaxt belə gənclər internet vasitəsi ilə edilən çağırışlara aldanaraq döyüşlərə gedirlər.









Fikirlər