Rusiyada azərbaycanlı biznesmen OĞURLANDI
Rusiyada oktyabrın -25-də Azərbaycan əsilli şəxs oğurlanıb. Bu gün onunla bağlı bəzi təfərrüatlar məlum olub. Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, hadisə Peterburqun Vıborqsk rayonunda, Engels prospekti, 129 ünvanında baş verib. Həmin an müşahidə kameralarına düşüb. Videodan görünür ki, dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayır. Onlar öncə kişini yerə yatırır, sonra isə “Volkswagen Caravelle” markalı göy rəngli mikroavtobusa əyləşdirirlər. Hadisədən təxminən 6 saat sonra həmin şəxs Leninqrad vilayənindəki kəndlərdən birindən daşınmaz əmlak üzrə rielter işləyən 45 yaşlı həyat yoldaşına zəng edib və bildirib ki, onu həbs ediblər. Sonra da əlavə edib ki, onun azad edilməsi üçün 1,5 milyon avro istəyirlər və həmin məbləği tapıb Andrey adlı vasitəçiyə vermək lazımdır. Bundan, daha dəqiq desək, iki gündən sonra qadın polisə müraciət edib. Məlum olub ki, ona zəng edilən telefon müxtəlif saatlarda müxtəlif rayonlarda qeydə alınıb. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, onu oğurlayanlar avtomobidə daim hərəkətdə olublar. KİV-in yazdığına görə, oğurlanan şəxs Astara rayonunun Ərçivan kəndində anadan olub, hazırda Peterburqun Prosveşeniya prospektində qeydiyyatdadır. O, əvvəllər ərzaq daşınması ilə məşğul olan kiçik firma sahibi olub, firma 2013-cü ildə bağlanıb. Faktla bağlı araşdırma aparılır.