Tikinti şirkətləri binaları sökərkən vətəndaşların HÜQUQLARI necə qorunur?

“Sipark” şirkətinin nümayəndəsi Rizvan Abdullayev: “Sakinlərin rahatlığı üçün hər cür şərait yaratmışıq”

Məlum olduğu kimi, bu ilin martında baş nazir  Artur Rasi-zadə “Xruşşovka”ların sökülməsinə qərar verdi. Bundan sonra paytaxtda növbəti tikinti bumunun başlayacağı gözlənilən idi. Qərarda qeyd edilirdi ki, Bakı şəhərinin mikrorayonlarında “Xruşşovka” kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikiləcək.

Qeyd edək ki, artıq Bakının əksər mikrorayonlarında bu işə başlanılıb və əsasən investorların, yəni özəl tikinti şirkətlərinin iştirakı ilə həyata keçirilir. Lakin burada önəmli məsələlərdən biri də söküləcək köhnə binalardan çıxarılan sakinlərin mülkiyyət hüququnun təmin olunması, yeni binalar hazır olduqdan sonra onların mənzillə təmin olunması, həmçinin bu müddətdə onların kirayə evlərlə təmin olunması idi.

Bəs görəsən, hazırda bu işi həyata keçirən şirkətlər sakinləri hansı şərtlərlə köçürürlər? Onların mülkiyyət hüququ Nazirlər Kabinetinin qərarında göstərilən şəkildə təmin olunurmu?

“Yeni Müsavat”ın müxbiri bu suallara aydınlıq gətirmək üçün bir neçə özəl tikinti şirkətinə baş çəkib, həyata keçirilən pilot layihələrin şərtləri ilə maraqlanıb.

İlk olaraq Nizami rayonu ərazisində fəaliyyət göstərən “Orbita” MTK-nın ofisinə baş çəkdik. Qeyd edək ki, bu şirkət Nizami rayonundakı ikimərtəbəli və beşmərtəbəli  köhnə və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərini köçürüb, yerində yeni binaların tikintisinə başlayıblar.

sirket (4).jpg (123 KB)

Satış meneceri bizə bildirdi ki, artıq Tofiq Abbasov 24-26 ünvanındakı ikimərtəbəli qəzalı binanın sakinlərini köçürüb, binanı söküblər: “Yerində təzə binanın tikilməsi üçün bünövrə qazılır. Şərtlərinə gəlincə isə köçürülən sakinlər ilk növbədə iki il müddətinə kirayə evlərə yerləşdirilib və aylıq kirayə haqları şirkət tərəfindən ödənilir. Yeni binanın iki ilə təhvil verilməsi gözlənilir. Bundan sonra həmin sakinlərə yeni və təmirli mənzillər təqdim olunacaq. Lakin veriləcək mənzil bizim tərəfimizdən seçiləcək. Bəzi vətəndaşlar bizdən mənzil əvəzinə pul tələb etsələr də, bununla razılaşmırıq. Əksər sakinlərin evləri bir otaqlı olsa da, biz onlara daha geniş mənzil verəcəyik”.

“Bina hazır olduqdan sonra köçürülən sakinlərə seçim imkanı veririk. Yəni vətəndaş 16 mərtəbəli binanın istənilən mərtəbəsindən, istənilən hissədə olan mənzili seçə bilər”

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən sakinlərə köhnə mənzillərinin kvadratmetrindən 20 faiz daha böyük mənzil verilməsi nəzərdə tutulur. Bu isə həmin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir.

sirket (2).JPG (5.84 MB)

Növbəti üz tutduğumuz ünvan özəl tikinti şirkəti olan “Sipark” şirkətinin Nərimanov rayonunda yerləşən ofisi oldu. Bu şirkətin köçürmə şirkətinin şərtləri daha çox sakinlərin mənafeyinə xidmət edir. Şirkətin rəsmisi Rizvan Abdullayevin “Yeni Müsavat”ın müxbirinə verdiyi məlumata görə, hazırda rayon icra hakimiyyətinin göstərişi ilə iki pilot layihə həyata keçirilir: “Məlumdur ki, köhnə binaların sökülüb yerində çoxmərtəbəli binaların tikilməsi pilot layihə çərçivəsində aparılır. Nərimanov Rayon İcra Hakimiyyətinin göstərişi ilə biz Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində 16 mərtəbəli 5 girişli yaşayış kompleksi, həmçinin Təbriz küçəsi və Kazım Kazımzadə küçələrinin kəsişməsində yenə də böyük bir pilot layihənin işlərinə başlamışıq. Əsas məqsədimiz köçürüləcək olan sakinlərin heç bir hüquqlarını pozmamaqdır. Onun da qeyd edim ki, çox zaman köçürüləcək olan ailələrin mənzillərinin kvadratmetri az olur. Köçürmələr zamanı bir çox mənzillərin 15-20 kvadratmetr olduğunun şahidi olduq. Lakin buna baxmayaraq həmin ailələrə 53-54 kvadratmetrlik mənzillər veriləcək. Nazirlər Kabinetinin sərəncamına əsasən, pilot layihələrdə mənzilin ümumi kvadratmetrinin 20 faizi qədər əlavə mənzil həmin sakinlərə verilir. Ancaq biz çalışırıq ki, onların maddi rifahını, yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün əlimizdən gələni edək. Ona görə də, kiçik kvadratlı mənzil sahiblərinin əksəriyyətinə 53-54 kvadratmetrlik mənzil verməyi nəzərdə tuturuq”.

sirket (1) (1).jpg (135 KB)

Mənzil sahibləri ilə müqavilələrin hansı şərtlərlə bağlanmasına gəlincə, R.Abdullayev bildirdi ki, köçürülən sakinlərlə 2 illik müqavilə bağlanıb: “Həmin sakinləri şəhərin müxtəlif yerlərində ailə tərkiblərinin sayından asılı olaraq ikiotaqlı, üçotaqlı kirayə mənzillərdə yerləşdirmişik. İki il müddətində mənzildən asılı olaraq 300 manatdan 600 manata qədər aylıq kirayə haqlarını ödəyirik. Daha sonra onları təmirli, yeni mənzillərə köçürəcəyik”.

sirket (4).jpeg (123 KB)

Məlum olduğu kimi, Bakıda tikinti şirkəti ilə köçürüləcək olan sakinlər arasında tez-tez mübahisələr yaranır. Mənzil sahibləri pilot layihələr həyata keçirən şirkətə o qədər də etibar etmirlər. Bəs görəsən, tikinti şirkətləri insanları inandırmaq üçün necə iş aparırlar?

“Sipark” şirkətinin rəsmisi qeyd etdi ki, köçürüləcək binanın sakinləri ilə şirkət rəhbərliyi səviyyəsində görüşlər keçirilir:“Vətəndaşları da başa düşmək olar. Biz köçürmədən öncə həmin binaların sakinləri ilə fərdi qaydada görüşlər keçiririk. Bu görüşlərdə onları inandırmağa çalışırıq. Hüquqi sənədləri, tikintisi aparılan bina üçün müvafiq qurumlardan aldığımız icazələri təqdim edirik. Onlar da görürlər ki, "Sipark" digər şirkətlərdən fərqlənir. Təqdim etdiyimiz şərtlər onlara sərf edir. Söhbət zamanı bəlli olur ki, sakinlər bəzi tikinti şirkətləri ilə yaşanan qalmaqallardan sonra bu məsələdə ehtiyatlı davranmağa çalışırlar. Yəni kirayə mənzillərə görə kirayə haqqının az verilməsi, evlərin ölçüsünün düzgün hesablanmaması və sair kimi hallar yaşanır. Sözsüz ki, narazı qalanlar da olur. Belə olanda biz onları şirkətə çağırıb, onlar üçün qaranlıq qalan məqamları izah edirik".

sirket (2).jpeg (196 KB)

Vətəndaşların əsas narahatlıqlarından biri də yeni binalar hazır olduqdan sonra onların ən narahat və arzuolunmaz mənzillərə köçürəcəkləri qorxusudur. Tikinti şirkətləri daha gözəl mənzilləri satışa çıxartmaq üçün, köçürəcəkləri sakinlərə yaxşı mənzillər vermirlər.

Bu məsələyə münasibət bildirən Rizvan Abdullayev  təmsil etdiyi şirkətin təcrübəsini bizimlə bölüşdü: “Bizim təcrübəmiz belədir ki, bina hazır olduqdan sonra köçürülən sakinlərə seçim imkanı veririk. Yəni vətəndaş 16 mərtəbəli binanın istənilən mərtəbəsindən, istənilən hissədə olan mənzili seçə bilər. Bildiyiniz kimi, hər bir sırada eyni ölçülü mənzillər olur. Misal üçün 1-dən, 16-dək eyniölçülü ikiotaqlı mənzillərdir. Bütün bunlar sakinlərin arzusuna uyğun şəkildə veriləcək ki, şirkətlə mənzil sahibi arasında problem yaranmasın. Çünki bu, hər iki tərəfin imzası ilə təsdiq olunmuş müqavilədir. Müqavilənin bir nüsxəsi onlarda, bir nüsxəsi isə bizim şirkətdə olur. Bu, şirkət tərəfindən təsdiq olunmuş müqavilədir. Əgər qanun çıxarılsa ki, şirkətin verdiyi müqavilə notarial qaydada təsdiq olunsun, biz ona da gedəcəyik. Bu həm bizə olan güvəni artıracaq, həm də mənzil sahibində əminlik yaradacaq ki, dövlət orqanı tərəfdən təsdiq olunmuş sənədi var. Səhv etmirəmsə, bu prosesə artıq baxılır. Bu bizim şirkət üçün də müsbətdir”.

 “Yeni Müsavat”






Fikirlər