Yasamal Sakinlərinin NƏZƏRİNƏ: Daha 7 BİNA SÖKÜLƏCƏK
2020-ci ilədək Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan daha 7 yaşayış binası mərhələli şəkildə sökülüb yenidən tikiləcək. Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq 11 belə binanın – Abbas Mirzə Şərifzadə, 33, 86, 122, Akim Abbasov, 3, İsfəndiyar Zülalov, 19, Məhəmməd Naxçıvani, 25, Süleyman Dadaşov küçəsi, 568-ci məhəllə, 16/33, 15/42, 13/38, Zahid Xəlilov küçəsi, 568-ci məhəllə, 14/40, 18/46 ünvanlarındakı qəzalı evlərin yerində tikinti işlərinə başlanılıb. Qəzalı binaların sakinləri kirayə evlərə köçürülüb, sakinlərə kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilib. Bundan başqa, Zahid Xəlilov küçəsi, 30, 32, 34 nömrəli qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binalarının yerində 2 girişli binanın, Zahid Xəlilov küçəsi, 48 A və Əbdürrəhimbəy Haqverdiyev küçəsi, 2 nömrəli istismar müddəti başa çatmış binaların yerində 3 girişli binanın tikintisinə artıq icazə verilib. Həmçinin Abbas Mirzə Şərifzadə 162 və 174 nömrəli evlərin, İsmayıl bəy Qutqaşınlı, Kazım Kazımzadə və Ayna Sultanova küçələrinin və Abbas Mirzə Şərifzadə, Nazim Hikmət və Xıdır Mustafayev küçələrinin əhatə etdiyi ərazidə istifadə müddəti başa çatmış fərdi yaşayış evlərinin yerində yeni yaşayış binalarının layihələndirilməsinə icazə verilib. Artıq Zahid Xəlilov küçəsi, 30, 32 və 34, Abbas Mirzə Şərifzadə küçəsi, 162 və 174 nömrəli evlərdən sakinlərin köçürülməsi başa çatdırılıb.
Ümumilikdə tikilməkdə olan və layihələndirilən 821 mənzilli 19 yaşayış binasının və 228 fərdi evin, cəmi 1049 mənzil və fərdi evin sökülərək yeni layihələr üzrə 303 422 kv.m ümumi sahəsi olan 3382 mənzilin tikilməsi nəzərdə tutulur.