Azərbaycan bayrağına sayğısızlıq edən professor İŞDƏN ÇIXARILDI
Toğrul İsmayıl: “Bir professorun davranışı Türkiyə millətini, dövlətini əks etdirməz, o fərdin özünü əks etdirər” Türkiyənin Uludağ Universitetində Azərbaycan bayrağına sayğısızlıq edilməsi məsələsi gündəmdən düşmür. Ali məktəbin ilahiyyat professoru Salih Payın Ermənistan bayrağının universitetin bayraqları sırasından çıxarılmasını əsas gətirərək, Azərbaycan bayrağının endirilməsi barədə verdiyi qərara ölkəmizdən sərt təpkilər var. Mətbuat və sosial şəbəkələrdə professorun sərt şəkildə cəzalandırılması tələb olunur. Xüsusilə son zamanlar Türkiyədə hər iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək üçün bu cür təxribatçılıq hallarının artması ciddi narazılıq doğurub. Qeyd edək ki, Uludağ Universitetində bayrağımızla bağlı anlaşılmazlıq aradan qaldırılıb. Modern.az saytı məsələ ilə bağlı Azərbaycan Təhsil və Kültür Dərnəyinin sədri Aygün Həsənoğlu ilə əlaqə saxlayıb. O, məsələnin həll edildiyini deyib: “Türkiyədə hansısa yerdə Azərbaycan bayrağının endirilməsi, Türkiyə dövlətinin və xalqının mövqeyi deyil. Bu, universitet rəhbərinin hansı əqidənin sahibi olması ilə bağlıdır. Sovet sistemindən çıxmışıq deyə hansısa ölkədə kimsə nəsə bir neqativ iş görəndə dərhal dövlətin adına yazırıq. Halbuki sosial şəbəkələrdə Türkiyə dövlət başçısının ünvanına aşağılayıcı fikirlər söylənilir. Bu isə təbii ki, Azərbaycan dövlətinin mövqeyi deyil. Ona görə də universitet rəhbərinin hərəkəti qəbuledilməzdir və bunun qarşısı alındı. Bayraq yerinə qaytarıldı". Aygün Həsənoğlu bu cür məsələlərdə daha diqqətli olmağı tövsiyə edib: “Ona görə də mətbuat bu cür məsələləri işıqlandıran zaman diqqətli olmalıdır. Televiziyalar, qəzetlər, saytlar ayrı-ayrı konsulluqların nəzarətindədir. Dövlətin nəzarətində deyil. Məsələn, mən bu gün əgər pulum olarsa, çox rahat şəkildə Türkiyədə televiziya aça bilərəm. Medianın, universitetlərin bir çoxu özəldir. Türkiyə demokratik ölkə olduğundan hər kəs fikrini açıq deyə bilir. Ona görə də Uludağ Universitetinin rektorunun etdiyi Türkiyə dövlətinin adına yazıla bilməz”.
Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında Uludağ Universitetində baş verən hadisənin xoşagəlməyən olduğunu söylədi: “Bu hadisənin çox da böyüdülməsi, şişirdilməsi doğru deyil. Bir professorun davranışı Türkiyə millətini, dövlətini əks etdirməz, o fərdin özünü əks etdirər. Bu insanın görüşlərinin təzahüri ola bilər. Azərbaycanda bəzən bu cür hadisələri şişirdirlər. Onu da vurğulamaq yerində olar ki, nə qədər kiçik hadisə olsa da, Azərbaycanın burada yaşayan ziyalıları bu məsələdə çox həssaslıq göstərdilər. Türkiyədəki dostlarımız da eyni münasibəti sərgilədilər. Müdaxilə edildi, məsələ həll olundu, artıq Azərbaycan bayrağı yerinə qoyulub, insident bitib. Müəllim də xəbərdarlığını alıb. Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi həmin yerə gedib, araşdırmalar aparıb. Biz azərbaycanlıların təpkisinin olması olduqca anlamlıdır. Amma bu hadisəni Türkiyədəki bəzi proseslərlə, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlamaq mənə görə doğru deyil. Necə ki, erməni sevdalısı olan və Azərbaycanın xoşuna gəlməyən bəzi məsələləri dəstəkləyənlər var, unutmamaq lazımdır ki, Azərbaycanda da yetərincə Türkiyəni pisləyən, Türkiyədəki prosesləri tənqid edən, ona sərt mövqe göstərən insanlar az deyil. Bu məsələlər iki toplum arasında problemlər kimi göstərilməməlidir. İki ölkə arasındakı münasibətlər bundan çox-çox üstündür. Əlbəttə, bu tipli hadisələrin olmaması üçün biz ziyalıların üzərinə böyük işlər düşür. Biz hadisələri yaxından izləyirik. Bəziləri səslərini çıxarıb, bəziləri də səssiz olub, belə məsələlərin həlli üçün əllərindən gələni edirlər. Azərbaycan diasporu və buradakı azərbaycanlılar bu məsələdə həssas olduqlarını tam göstərdilər, lazımi addımlarını atdılar. Separatçı bölgəyə səfər edən 4 türk vətəndaşının gündəmdən düşməməsi və yenidən müzakirələrə səbəb olması barədə deyə bilərəm ki, Türkiyə böyük dövlətdir, burada ən müxtəlif xalqlar yaşayırlar. Hətta bizi bəzən təəccübləndirən odur ki, Türkiyə Böyük Millət Məclisində separatçı çağırışlar edən millət vəkilləri təmsil olunur. Türkiyə demokratik ölkədir. Həmin vətəndaşların işğal edilmiş Azərbaycan ərazilərinə səfər etmələri barədə deyə bilərəm ki, məsuliyyət Azərbaycan dövlətinin üzərinə düşür. Beynəlxalq qanunları öndə tutaraq, lazımi cəzaları tətbiq etməsi lazımdır. Çünki onlar işğal edilmiş ərazilərə getməklə beynəlxalq qanunları pozublar. Biz Türkiyədə yaşayan azərbaycanlı ziyalılar olaraq, üzərimizə düşənləri etməyə hazırıq və edirik də. Bunlardan ən başlıcası iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək, hay-küylə deyil, gerçək işlə bunları ortaya qoymaqdır. Burada Azərbaycan dövlətinin də biz ziyalıları dəstəkləməsi yerində olardı. Mənə görə bu çərçivədə bəzi fəaliyyətlər yetərli deyil. Bunun yenidən gözdən keçirilməsi vacibdir. Türkiyəyə göndərilən səfirimiz Xəzər İbrahimin fəaliyyəti ilk mərhələdə xoşa gələndir. İnşallah, davamı gələr. Buradakı bütün çevrələrlə ən azından görüşməyə çalışır. Amma əskiklərimiz çoxdur. Qardaş dediyimiz ölkədə azərbaycanlıların səsini yayan nə yazılı media, nə radio, nə də televiziya var. Nəticədə Azərbaycanın haqlı səsini yaymaqda müəyyən problemlər yaşanır”. Politoloq Azərbaycan dövlətinin belə məsələlərdə üzərinə düşən işlərə də toxundu: “Azərbaycan dövlətinin üzərinə düşən əsas işlərdən biri Türkiyədəki diasporasını, aydınlarını, ziyalılarını tək türk ictimaiyyətinə deyil, Azərbaycan ictimaiyyətinə də tanıtması lazımdır. Əl-ələ vermədən bu tipli məsələlərin öhdəsindən gəlmək imkansızdır. Belə məsələlərdə birlik, həmrəylik çox vacibdir. İşbirliyində qısqanclıqları kənara qoymaq lazımdır. Sözügedən insident əslində böyük bir insident deyil, xoşagəlməyən bir hadisədir. Zamanında olan müdaxilə sonunda məsələ həll olundu. Bu insidentin iki ölkə, xalqlar arasındakı münasibətlərə mənfi təsir edəcəyini düşünmürəm. Çünki belə hadisələr olacaqdır, buna hazırlıqlı olmaq lazımdır. Bu cür hadisələr Azərbaycanda da, Türkiyədə də baş verə bilər. Sadəcə, belə hadisələri şişirtmədən həll etmək vacibdir, necə ki, indiki kimi. Amma deyildiyi kimi, ”Milçək kiçik olsa da, mədə bulandırır". Eyni şəkildə mədə bulandırıcı hadisədir. Bu tipli hadisələr olan kimi qəti şəkildə deyirəm ki, üzərinə gediləcək və həll olunacaq. Son insidentin həllində əməyi keçən, iş görən hər kəsə sizin vasitənizlə təşəkkür etmək istəyirəm". Nəzərə çatdıraq ki, Türkiyədə yaşayan həmvətənimiz, tanınmış ziyalı, sabiq universitet rektoru, professor Aygün Attar da Türkiyədə bir universitetdə Azərbaycan bayrağının bayraqlar asılan stenddən endirilməsi ilə bağlı yaşanan xoşagəlməz olay barədə yazı qələmə alıb. Hörmətli A.Attarın həmin dəyərli, Azərbaycanı sevən hər kəsin səsi olan yazısı orijinal variantda, yəni Anadolu türkcəsində müsavat.com saytında təqdim edilib. Ona görə ki, Aygün Attarın bu yazısı həm də Türkiyənin səsidir. Azərbaycana qardaş Türkiyəmizin! “Ay -ulduzlu bayrağımız - Aygün Attarın yazısı” başlıqlı həmin yazı ilə http://musavat.com/news/ay-ulduzlu-bayragimiz-aygun-attarin-yazisi_491741.html linkinə daxıl olaraq tanış ola bilərsiniz. Günün sonunda isə xəbər yayıldı ki, məlum davranışı göstərən professor artıq işdən azad edilib. Yenicag.az saytı xəbər verir ki, Uludağ Universitetinin müəllim-tələbə heyəti, o cümlədən Türkiyə və Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasını nəzərə alan rəhbərlik təfriqəçi professoru işdən azad edib. Məlumata görə, hazırda Salih Payın fəaliyyəti ilə bağlı araşdırma aparılır. Göründüyü kimi, universitet rəhbərliyi məsələnin həssaslığını nəzərə alaraq, Azərbaycan bayrağına hörmətsizlik edən professorun dərsini verib.