Toğrul İsmayıl: “WikiLeaks-ın açıqlamaları ciddi, əsaslı məlumatlar deyil”

Toğrul İsmayıl: “WikiLeaks-ın açıqlamaları ciddi, əsaslı məlumatlar deyil”

Türkiyədə 15 iyul gecəsi baş verən hərbi çevriliş cəhdindən 10 gün ötür. Hələ də hadisənin fəsadları aradan qalxmayıb, həbslər, araşdırmalar, ziyanlar davam edir. İstər mənəvi, istərsə də maddi cəhətdən qardaş ölkə bu prosesdə ciddi zərbə aldı. Türk xalqının dövlətçiliyin müdafiəsi istiqamətində hələ də meydanlarda olması hadisənin nə qədər ciddiliyinə bir işarədir. 

Günlər keçdikcə Amerika başda olmaqla, hərbi çevriliş cəhdində dünya güclərinin iştirakı ilə bağlı iddialar artmaqdadır. Hadisədə birbaşa adı hallanan Fətullah Gülənin ABŞ-ın Pensilvaniya ştatında yaşaması və rəsmi Vaşinqtonun onu Türkiyəyə qaytarmamaq yönündə bütün imkanlarından istifadə etməsi, eləcə də, həbs edilənlərin edam məsələsinin gündəmə gəlməsi hazırda əsas müzakirə mövzularıdır. 
Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl ilə prosesləri dəyərləndirdik.
 
- Türkiyədə son 10 gündə baş verənləri necə qiymətləndirirsiz?
- Bəzi məsələləri artıq aydın görürük. Bunlar Fətullah Gülənə və onun camaatına dolayı, birbaşa yolla bağlı olan qurumların bağlanması, ordu içərisində hadisədə iştirakçı olanların vəzifələrindən alınması, tutulmasıdır. Onların suçlu olub-olmamaları məhkəmə tərəfindən müəyyən ediləcək. 1200 xalqın tərəfinə keçən hərbçi azad edilib. Yəni bunları qarışdırmaq olmaz. Çoxlarına elə gəlir ki, Türkiyədə hər kəsi tuturlar. Sadəcə, hərbçilər arasında həbs edilənlər çoxdur. Hüquq sisteminə Gülənçilərin daha çox girdiyi üzə çıxdı. Ali təhsil müəssisələrindən çıxarılanların sayı yüksəkdir. Qərarlarda gözaltına alınma müddətinin 30 günə qədər olması müəyyən edildi. Fövqəladə vəziyyət dövlətin əlini gücləndirir. Çevriliş cəhdində iştirakı olanlardan axtarışları davam edənlər də çoxdur. Helikopteri qaldıranlardan biri qadın pilotu idi ki, Yalovada həbs edildi. Bu məsələlər getdikcə davam edir. Hadisədə iştirak etməyən şəxslərin nədənsə qorxmalarına qətiyyən ehtiyac yoxdur. 10 gün içərisində bunları görürük. Bağlanan universitetlərin hamısı özəldir. Bunların bəziləri birbaşa və dolayısı yolla “Gülən camaatı”na bağlıdır. Ora işə düzəlmək olduqca çətin idi. “Camaata” bağlı olmadığın halda işə götürmürdülər. Ya “camaatın” üzvü olacaqdın, ya da onlara simpatiya göstərib, dediklərini etməli idin. Bağlanan  universitetlər, Fateh Universiteti istisna, elə də böyük deyillər. Təbii ki, elmi yanaşmada təhsil ocaqlarının bağlanmasına və müəllimlərin durumuna heyfsilənirəm. Ümid edirəm ki, bunlar qanunlar çərçivəsində həll olunacaq. Burada əsas məsələ günahsız insanların cəzalandırılmamasıdır. 
- Növbəti belə hadisə yaşana bilərmi?
- Bunu dəqiq deyə bilmərəm. Çünki bunu demək üçün çoxlu məlumata sahib olmaq lazımdır. Amma səlahiyyətli şəxslər fövqəladə vəziyyət olmasına baxmayaraq, xalqı meydanlara çağırırlar, səhərə qədər hər kəs meydandadır. Demək, bu ehtimal istisna deyil. Çevrilişin qarşısı alınıb, amma təhlükə tamamilə sovuşmuş deyil. Prezidentin köməkçisi, qvardiyası bu çevrilişin içərisində yer alıbsa, bu hadisənin nə qədər dərin olduğu göz önündədir. Xəyal etməyəcəyimiz qədər çox dərin və təhlükəli məsələdir. Mütəxəssis olaraq bunu deməyi özümə borc bilirəm ki, bu, qiyam deyil, qiyam tamam başqa anlayışdır. Bu, hərbi çevriliş cəhdidir. Qiyam nədənsə narazı olanların təşkil etdikləridir. Amma fikir verirsinizsə, Türkiyə hərbiçilər nə istəmişdilərsə, onları təmin etmişdi.
- Gülənin taleyi maraq doğurur. Amerika onu geri qaytaracaqmı? Əks halda nələr baş verə bilər?

““Türkiyə hökuməti ilə ABŞ arasında ciddi narazılıq yarana bilər”

- Amerika israrla qanunilik və işin texniki tərəfini gündəmə gətirir. Türkiyə isə məsələnin yalnız texniki tərəfini deyil, siyasi tərəfini də gündəmə gətirir. Burada siyasi tərəf ikili münasibətlər, Gülənin fəaliyyəti, onun bağlantıları, Türkiyə və Amerikadakı əlaqələridir. Bunların hamısı çox ciddi məsələlərdir. Amerika Güləni verib-verməyəcəyini dəqiq deyə bilmərəm. Açıqlamalar çox maraqlıdır. Amerika vermə məsələsini istisna etmir, amma bu məsələnin texnik tərəfinə daha çox diqqət ayırır. Türkiyə əllərində dəlil-sübutlar olduğunu deyir. Türkiyə tərəfdən ora hökumət heyəti gedəcək. Hətta prezident də olacaq. Görüşmələr olacaq, amma nəticəsinin necə olacağını demək çətindir. Amerika verməzsə, nə olacaq? Türkiyə hökuməti ilə ABŞ arasında ciddi narazılıq yarana bilər. Münasibətlər son illərdə onsuz da gərgindir. Amma daha da gərginləşə bilər. Bildiyiniz kimi, Türkiyədə hökumətdə təmsil olunanların əksəriyyəti bu çevriliş cəhdinin arxasında Amerikanın olduğunu deyirlər. Gülənin verilməməsi topluma ciddi təsir edəcək. Onsuz da türk cəmiyyətində antiamerikan əhval-ruhiyyəsi yüksəkdir. Bu, hədsiz dərəcədə arta bilər.
 
- Bunlar Türkiyənin Avropadan qopub, Rusiyaya yaxınlaşması anlamına gəlmirmi?
- Bunu düşünmürəm. Türkiyəni sosial şəbəkələrdə düzgün qələmə vermirlər. Azərbaycanlılar da bu proseslərdə aktiv görünürlər. Guya burada qanun, ədalət yoxdur, bir nəfər nə edirsə, onu edir. Qınamıram azərbaycanlıları, çünki gördükləri odur. Türkiyə ciddi dövlətdir. Ərdoğan prezident olaraq güclü siyasətçidir. Amma bəzi məsələlər onun istəyindən asılı deyil. Türkiyə dünya beynəlxalq sisteminin bir parçasıdır. Üzərinə aldığı öhdəliklər var. Bunların hər birinin pozulması dövlət olaraq Türkiyənin imicinə ciddi zərbə vura bilər. Bunlar Türkiyəni Orta Doğu görmək istəyənlərin işinə yaraya bilər. Bu baxımdan inanmıram ki, Türkiyə birdəfəlik üzünü Qərbdən çevirib, başqa istiqamətə yönələr. Son illərdə Türkiyənin çoxtərəfli siyasət yürütdüyünü görürük. Amma Rusiya və Çinlə olan münasibətlər müttəfiqlik səviyyəsinə qədər yüksəlməyib. Diqqətlə yanaşdıqda, fərqli şeylərin ortaya çıxdığını görürük. Ruhunda imperialist olanlar Türkiyəni güclü görmək istəməzlər. Amma açıq şəkildə Türkiyə ilə münasibətləri pozmaq heç bir dövlətin işinə yaramır. Açıqlanan “WikiLeaks” sənədlərini ciddiyə almaq lazım deyil. Bundan əvvəl açıqlanan digər sənədlərdən sonra dünyada nələrin baş verdiyini görmüşük. “WikiLeaks”in açıqladıqları ciddi, əsaslı məlumatlar deyil. Bunların dəqiqliyini yoxlamaq gərəkir. 
- Həbs edilənlərin edam məsələsi gündəmdədir. Sizcə, Türkiyə Parlamenti hansı qərarı verəcək?
- Düzdür, xalq bunu tələb edir.  Onu da nəzərə alaq ki, prezident xalqın tələbinin nəzərə alınacağını söyləyib. Amma burada bir məsələ var. Türkiyə Avropa Şurasının üzvüdür. Bu şuranın üzvü olan ölkələrin edam cəzasından vaz keçməsi gərəkir. Sizin qəzetə verdiyim müsahibələrdə bunu demişdim ki, Rusiyada ölüm cəzası var. Amma onun tətbiqi yoxdur. Yəni Rusiya bu cəzanı qaldırmış deyil. İndi Türkiyənin belə addım atıb-atmayacağını demək çox çətindir. Bunu zaman göstərəcək. Bir mütəxəssis olaraq, onu deyə bilərəm ki, Türkiyənin bununla bağlı üzərinə aldığı öhdəliklər var. Yəni edam cəzasından birmənalı şəkildə vaz keçib. Bu cəzanın geri gətirilməsi Türkiyə üçün siyasi gərginliyə səbəb ola bilər. Xüsusilə, Avropa Birliyi ilə olan münasibətlər ciddi şəkildə zədələnər. Türkiyənin bunları göz önünə alıb, yenə də bu qərarı tətbiq edib-etməyəcəyini zaman göstərəcək. Amma məndə olan qənaət odur ki, hələlik edam cəzası məsələsi siyasi açıqlamalardan o tərəfə keçmir. 
 
- Türkiyə 10 gün öncə aldığı zərbəni qısa müddətdə adlada biləcəkmi?
- İndi bunu söyləmək çox çətindir. Çünki bunun nəticələrini tam olaraq, hələ dərindən görə bilmirik. Gərginlik çox böyükdür. Amma onu deyə bilərəm ki, türk ordusu bu hadisələrdən ciddi zərbə aldı. Türkiyənin hüquq sistemi, təhsili də ciddi zədələndi. Xüsusilə, imtahan sistemi. Sualların oğurlanması, yaxınlarına ötürülməsi imtahanlara ciddi şübhələr yaratdı. Hələ dağılan binaları, yaralananların vurduğu zərbələri demirəm. Bu arada onu deyim ki, Türkiyə şəhid olanların yaxınlarına, yaralananlara maaş kəsəcək. Bir çox məktəblərin adı ölənlərin ismi ilə anılacaq. Burada türk millətinin fədakarlığını unutmaq olmaz. Radioda bir xəbər eşitdim. Xalq ölkə iqtisadiyyatı zəif düşməsin deyə banklara 8 milyard civarında maliyyə yatırıb. Bunlar Azərbaycanda görünməyən məsələlərdir. Azərbaycanlılara, xüsusilə, “Yeni Müsavat” oxucularına bir az səbirli olmağı tövsiyə edirəm. Çünki bu proses dərindir, içərisində nələrin olduğunu sadə insanlar, bizlər belə bilmirik. Elə şeylər ortaya çıxır ki, insan məəttəl qalır, bunlar necə ola bilər deyə. Kimin ağlına gəlirdi ki, dindən danışan insanlar öz millətini bombalayacaq, onları yaxın məsafədən vuracaq, tankla üstündən keçəcək? Bunlar normal insanın ağlına gəlməyən şeylərdir. Hadisələrin gedişatını səbirlə izləmək lazımdır. Türkiyənin gələcəyinin necə olacağı məsələsi hər kəsi narahat edir. Demokratik proseslərdən vaz keçiləcəkmi?  Açığı buna inanmıram. Çünki var olan sistemin qorunması məhz demokratik proseslərlə bağlıdır. Əgər demokratiya olmasaydı, xalq öz haqqını bilib, meydanlara çıxmazdı, hər kəsə itaət edərdi. 
 
- Prezident idarə-üsuluna keçilməklə bağlı Türkiyədə son aylarda ciddi proseslər gedirdi. Hərbi çevriliş cəhdi bu yöndə olan əngəlləri aradan qaldırdımı?
- Zənn etmirəm, əksinə göstəriş var ki, Türkiyənin hazırda birliyə ciddi ehtiyacı var. Bu baxımdan iqtidarın yaranmış vəziyyətdən yararlanıb, istəklərini həyata keçirəcəyinə inanmıram. 
 
- Türkiyə bu proseslərdə dünya tərəfindən təkləndimi?
- Türkiyə bu proseslərdə Amerika, Avropa və dünyadan dəstək aldı. Amma istənilən şəkildə dəstək aldığını söyləmək çətindir. Azərbaycandan dövlət tərəfindən ciddi dəstək oldu. Amma ictimaiyyət arasında bu, birmənalı olmadı. Prosesləri dərindən anlamırlar. Bunu həmişə deyirəm və sərt təpkilər alıram. Buradakı proseslərə çox emosional yanaşılır. Bunları deyərkən, vətəndaşlarımızın anlayışlarının zəif olmasını nəzərdə tutmuram. Sosial şəbəkələrdə bir qrupun millətə etdiyi zikri bütün kütləyə bağlayırlar. Türkiyə 79 milyonluq böyük xalqdır. Bunun içərisində hər tipli şəxslər olacaq. Türkiyədə tək Fətullah “Gülən camaatı” deyil ki. İnsanları geyim tərzinə görə qiymətləndirmək düzgün deyil. Əsgərlərin döyülməsini görüb, emosional olmaq lazım deyil. Günahsız əsgərin döyülməsi yolverilməzdir və bunları edənlər cəzalandırılmalıdır. Bunu iqtidar və müxalifət liderləri də dedilər. Dövlət Bağçalının bu barədə Məclisdə dediyi fikirlər ən doğru yanaşma idi.
Buradakı mitinqlərdə Allahu-Əkbər sözlərinə yer verilməsi Türkiyənin islamlaşması anlamına gəlməməlidir. Çünki ülküçülərin, millətçilərin ən çox işlətdikləri ifadələr budur. Kiçik məsələlər insanlarda başqa fikirlər yaratmamalıdır. Kimsə Ərdoğanı müdafiə etmir. Səhər siyasətin nə olacağını demək mümkün deyil. Bu gün  Türkiyənin birlik və bərabərliyə ehtiyacı var. Azərbaycan kimi qardaş ölkənin dəstəyinə Türkiyənin böyük ehtiyacı var. 






Fikirlər