Ermənistanın milli futbol komandasının müdafiəçisi Varazdat Aroyanın iki il müddətinə Təbrizin “Traxtur” klubuna dəvət edilməsi barədə razılaşmadan imtina olunub.
Təbrizin “Traxtur” futbol klubunun icraçı direktoru Mustafa Acorlu özünün “İnstaqram” səhifəsində məlumat yayaraq, Aroyanı “Traxtur” klubuna dəvət etməkdən vaz keçdiklərini açıqlayıb.
Mustafa Acorlu bildirib ki, erməni futbolçu ilə müqavilə imzalanacağı barədə xəbər yayılandan dərhal sonra, “Traxtur” tərəfdarları onun “İnstaqram” səhifəsində məsələ ilə bağlı şərh yazaraq öz etirazlarını bildiriblər: “Mən əziz azərbaycanlıların vəhdəti üçün Təbrizə gəlmişəm. Məqsədim isə bütün şərəfli türklərin “Traxtur” ətrafında toplaşması və birliyidir. Ermənistanlı futbolçunun “Traxtur”a gəlişi bu vəhdət və birliyə xələl gətirə, onu təhdid edə bilərdi. Məhz buna görə də ermənistanlı futbolçunu satın almaqdan və onu klubumuza dəvət etməkdən vaz keçdik”.
Məsələyə Ermənistandan da reaksiya verilib. Ermənistanın “Alaşkert” klubunun qapıçısı
Gevorq Kasparov yerli mediaya açıqlamasında bildirib ki, İranın futbol klubu “Traktor” erməni futbolçusu Varazdat Aroyandan azərbaycanlı və türkiyəli azarkeşlərin təzyiqi nəticəsində imtina edib. O iddia edib ki, Ermənistan milli yığmasının və “Pünik” komandasının oyunçusu V.Aroyandan imtina qərarı siyasidir. Yazıda bildirilir ki, əvvəlcə Təbriz klubu erməni oyunçunu dəvət edəcəyini bəyan etsə də, sonrakı gün müdafiəni gücləndirmək üçün başqa varianta əl atılacağını deyib. Erməni futbolçunun iddiasına görə, Aroyanın oyunlarını izləyirmiş və sonda onu “Traxtur”a dəvət etmək qərarı varmış. Amma azarkeşlərin tələbləri gözlənilməz olub. Təbriz klubundan əlini üzən Aroyan isə İranın “Padide” klubuna keçib.
Qeyd edək ki, aprel döyüşlərindən sonra “Traxtur”un oyunları zamanı azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları ilə izdihamlı yürüşlər keçiriblər.