Futbolun Qulliveri: “Mənim üçün kədər yoxdur, qürur və minnətdarlıq hissi var. Hər şey üçün sağ olun...”
Zlatan İbrahimoviç futboldan gedəcəyini ilk dəfə hələ 2014-cü ilin avqustunda demişdi.
İsveçli forvard Parisin PSJ klubu ilə müqaviləsinin 2016-cı ilin yayında bitəcəyini və o tarixdən sonra böyük futbolla vidalaşacağını vəd etmişdi. Zlatan iki il əvvəl də futbolçu üçün artıq yaşlı idi: 32 yaş. Həmin vədə yetişdi, İbrahimoviç iki il də qocaldı.
34 yaş futbolçu üçün “əcəl zəngi”dir. Bəlkə də qapıda dayanmaq olar, amma əsl hücumçu üçün 34 yaş artıq son həddir. Meydanda qaldınsa, gərək sonra yarımmüdafiədə olasan, sonra müdafiəyə sığınasan, sonra da qapıçı olasan... Qoca Çex kimi, Buffon kimi... Yeri gəlmişkən, Çex də milli komandadan gedəcəyini Türkiyə ilə son oyundan sonra anons edib.
Zlatan milli komandada son oyununa çıxacağını “Stad- de-Frans”da Belçika ilə qrup mərhələsindəki oyun ərəfəsi mətbuat konfransında yada saldı. Seçmə mərhələdə milli komandanın 11 topunu vuran Zlatan getdi... “Avro-2016"nı qolsuz tərk edən İbrahimoviç...
***
Zlatan bu tarixi iki il əvvəldən vəd edərkən yəqin ki, İsveçin 2016-cı il Avropa çempionatına vəsiqə qazanacağını və milli komanda da son dəfə forma geyinəcəyini də hesablamışdı. İbrahimoviç Belçika ilə oyuna millinin formasında 116-çı matçına çıxdı. Dörd Avropa çempionatında iştirak edən futbolçu kimi tarixə də adını saldı, kaş ki, Fransada bir qol da vursaydı...
Adam həm də qəribə hisslər yaşayır. Vaxtilə böyüklərimiz bizə Vavanı, Didini tərifləyirdilər, biz də indi Maradonanı, Platinini, İbrahimoviçi övladlarımıza tərifləyirik... “Bilirsən, bala nə futbolçular vardı...” deyərək. Dayanaq! Nostalji üçün hələ zaman var.
***
İbrahimoviçə aşırı marağın və sevginin səbəbləri sırasında şübhəsiz ki, onun milli kimliyi də var. 1.95 boyu ilə meydanda Qulliveri xatırladan Zlatanın futbolkasının Avropadakı və dünyadakı müsəlman məhəllələrində Ronaldodan da, Messidən də məşhur olmasının səbəbi sırasında təkcə asan yadda qalan soyadı deyil. O özü ateist ola bilər, amma türklər üçün Osmanlının bir nişanəsi, ərəb üçün müqəddəs adın daşıyıcısıdır. Onun dini görüşləri kumirləri üçün çətin ki, maraqlı olsun. Əsas olan “İbra”dır... İbrahim Şəfiq oğlu. Müsəlman uşaqları üçün “İbrahim” digər məşhur ulduz futbolçulardan niyə də bir köynək yaxın olmamalıydı ki? Almaniyada əsas heyətdə 11 oyunçu var, amma müsəlmanlar Məsud Özilin köynəyini daha çox alır...
Ulduz futbolçu baxımından kasad olan İsveçdə də İbrahimoviç bir ikona, bir əfsanədir. Millinin heyətində 62 top vurmuş ulduz oyunçunun futboldan gedişi İsveç mili komandası üçün əvəzedilməz itkidir. Elə dünya futbolu üçün də...
***
Onun obrazı adamı qıcıqlandıra bilər, amma onun futbol oynaması, komanda yoldaşları ilə münasibəti bir nümunədir. Onu indiki “ötür-vurum” hücumçulardan fərqləndirən keyfiyyətlər də var. O çalışırdı ki, özü-özünə qol şəraiti yaratsın. Cərimə meydançasında məhz özünə şərait yaratmaq, topa dəqiq zərbə vurmaq üçün dartışırdı. Ötürmələr alınmayanda oyunçulara hirslənmir, qabalaşmırdı.
“Avro-2016"da İtaliya ilə məğlubiyyətdən sonra Antonio Kontenin əlinin sıxan Zlatan sanki bu hesabdan utanırmış kimi meydanı tərk etməyə çalışdı. Rus idman yazarları bu fakta diqqət çəkərək komandanın baş məşqçisinin də İbrahimoviçi fanatlar tribunasına yaxınlaşması üçün dilə tutmayıb. Ancaq Sebastyan Larson onun biləyindən tutaraq zorla tribunaya tərəf döndərə bilib. İsveçdə azarkeşə üz çevirib getmək azadlığı da yalnız bir nəfər üçün keçərli olub: İbrahimoviç üçün...
***
Zlatan niyə yaxşı futbolçudur, onun ailəsindən soyundan kimsə futbolla maraqlanıbmı? Zlatan tifaqı dağılmış Yuqoslaviyada bir gün belə yaşamayıb. Atası Bosniya müsəlmanı Şefik İbrahimoviç 1977-ci ildə Yuqoslaviyadan İsveçə köçüb, burda xorvat qadınla evlənib. 1981-ci ilin 3 oktyabrında İsveçin Malmö şəhərində Zlatan anadan olub. Valideynləri cəmi iki il sonra boşanıblar. Onun şəxsi həyatı haqda hekayələr çoxdur, amma ən doğrusunu özü “Mən Zlatanam” adlı kitabında yazıb. Hind filmlərini xatırladır onun həyatı. Tək qalmış ana, çətin həyat, küçə oğurluğu, həbs...
Anası xadimə işləyən Zlatan “anam çox vaxt ağlayırdı, həyatı çox ağır idi. Gün ərzində 14 saat işləyirdi. Bəzən də zibilləri toplamaq üçün biz ona köməyə gedirdik” yazır. Bir gün narkomanlığa qurşanmış əmisi qızının ucbatından polis anasını da həbs edir. “Mən oradan qaçdım. Küçələrdə dolanır, futbol oynayırdım. Başqalarından daha perspektivli və ya yaxşı olduğumu deyə bilmərəm. Mən, sadəcə, top arxasınca qaçan oğlanlardan biriydim. Komandadakı uşaqlara kəllə atmağı daha yaxşı bacarırdım. Amma futbol mənimdir”.
Yuqoslaviyada parçalanma başlayanda nənəsi bomba partlaması nəticəsində vəfat edir. “Hamı hüzn içindəydi. Məndən başqa, hamı. Heç vaxt anlamırdım ki, kim serbdir, kim bosniyalı. Amma atam üçün bu dözülməzdir.
Mənim isə öz dünyam-velosipedim, futbolum, Brus Li və Məhəmməd Əli ilə bağlı xəyallarım vardı. Onlar kimi olmaq istəyirdim".
Balaca İbraya atası ilk dəfə 6 yaşında futbol butsisi alır. O vaxtdan da futbolla məşğul olmağa başlayır. İlk klubu“Malmö BI” olur. Komandası 4-0 məğlub olarkən dövrə arasında oyuna girir və səkkiz qol vuraraq qalibiyyəti təmin edir. Erkən yaşlarında “Malmö FF”də nizamlı olaraq forma geyməyə başlayıb (1999-2001-ci illər). Növbəti müqaviləsi isə “Ayaks”la (2001-2004) olub. 2004-cü ildə 16 milyon avroya “Yuventus”a transfer olunub. “Yuventus”dakı karyerası 2006-cı ilə kimi davam edib. Bundan sonra üç il “İnter”də çıxış edib. 2008-də “Barselon”ya keçib. Sonra “Milan”da oynayıb. Son ünvanı Fransanın PSJ kubu olub. İbrahimoviç altı klubun heyətində Çempionlar Liqasında çıxış edib.
2001-ci ildən İsveçin mili komandasına dəvət olunub. Maraqlıdı ki, o, milli səviyyədə ilk qolunu 2001-ci il oktyabrın 7-də məhz Azərbaycana (3:0) vurub. Ötən il Zlatan Azərbaycana bir də gəlib. “Qolf oynamağa ” desə də, sonradan məlum olub ki, dəvətlə ova gəlib. Şamaxıda kabab süfrəsi arxasında fotosu da vardı...