ABŞ-ın Minnesota ştatından olan gənc müsəlman xanım Amayya Zəfər qadın üçün tipik olmayan fəaliyyət növü seçib.
16 yaşlı məktəbli qız özünü bütövlükdə boksla məşğul olmağa həsr edib. Bir müsəlman qız olaraq o, qarşısına idmanın bu növündə uğur qazanmaq məqsədi qoyub.
Beynəlxalq Boks Assosiasiyasının normalarına görə boksçu xanımlara baş örtüyündə çıxış etməyə icazə verilməsə də, Amayya rinqdə hicabda məşq edir.
“İlk dəfə rəsmi şəxslərdən birindən hicabı çıxarmayınca yarışlarda iştirak edə bilməyəcəyim barədə elektron məktub gələndə çox məyus oldum. Ancaq dövr dəyişir və qaydaları da buna uyğun dəyişmək gərəkdir”- deyə qətiyyətli xanım söyləyir.
Məktəbli qızın valideynləri dəstək üçün Amerika-müsəlman Əlaqələri Şurasına (CAİR) müraciət ediblər. Eyni zamanda hüquqşünaslarla birgə ABŞ Boks Assosiasiyasına sorğu göndəriblər. Həmin qurum isə rinqdə hicabla çıxış etməyə icazə ilə bağlı Həvəskar Boks üzrə Beynəlxalq Assosiasiyaya müraciət etməyə razılıq verib.
Amayya və ata-anası sözügedən qurumlardan cavab gözləyirlər. Lakin müsəlman qız vaxtını itirmir və hicaba olan qadağanın götürüləcəyi ümidi ilə hər gün məşq edir.