“Qəbələ”də rüşvət qalmaqalı: – “Onun işdən azad edilməsinə nail OLACAM”
“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov sosial şəbəkədəki paylaşımı ilə rüşvət məsələsinə diqqət çəkib. Yeniçağ.az xəbər verir ki, N.Kərimov sosial şəbəkələrdə çalışdığı futbol akademiyasına qarşı yönələn rüşvət iddialarına münasibət bildirib. Klub rəsmisi həmçinin belə halların baş verəcəyi halda ona müraciət edilməsini bildirib: “24 gün əvvəl idi; yeni il girməyə hazırlaşırdı. Araz Abdullayevi transfer etməyimiz haqda xəbərləri oxuyanda qarşıma Avropa Liqaları səhifəsində Arazın şəkli və altında birbaşa akademiyaya yönələn ittihamlar çıxdı. Emin Talıbov adlı istifadəçinin başlatdığı mövzuda Nazim Qafarov, Anvar Anvarli və s. “feysbuk” hesabı sahiblərinin rəylərini oxudum. “Qəbələ” Futbol Akademiyasında onlardan və ya qohumlarından, dostlarından rüşvət istənildiyini iddia edirdilər. Emin, Nazim və Anvar bəylərə bütün hörmətimlə (lətifəsi sizlərdən uzaq), trabzonlu məşqçi Mustafa Akçayın “TRT Spor”un efirində: “Trabzonspor”u yönətənlər 15-30 yaş arasında sanal aləmdə ağıl verən kütlədən özlərini qurtarmaq məcburiyyətindədirlər. Altına işəyən insanların verdiyi ağılla klub idarə etmək, plan, layihə inkişaf etdirmək olmaz” – sözləri yadıma düşdü. Amma yan keçə bilmədim. Emin Talıbov dostundan 12, Nazim Qafarov isə onun özündən 7 min manat istənildiyini yazmış, Anvar Anvarli xalası oğlunun da başına belə iş gəldiyini bildirmişdi. Sonuncu digər ikisindən fərqli olaraq ittihamını ünvansız qoymuş, konkret olaraq “Qəbələ” Futbol Akademiyasına yönəltməmişdi. İttihamlar ciddi olduğuna görə, statusa rəy yazdım və xahiş etdim ki, rüşvət istəyənin kim və ya kimlər olduğunu tutarlı şəkildə bildirsinlər, mən də həmin şəxsi ictimaiyyət qarşısına çıxaracam, işdən azad edilməsinə nail olacam və bir daha futbol sahəsində işləyə bilməməsi üçün əlimdən gələni edəcəm. Həmin 3 şəxsə mesaj vasitəsilə əlaqə nömrəmi də göndərdim. Onlardan yalnız Emin Talıbovla danışmaq qismət oldu; “feysbuk” vasitəsilə. Dedi ki, bu hadisə dostumun başına gəlib, o, Azərbaycanda deyil, zəng vurmağın da mənası yoxdu, heç kim qorxusundan ad verməz, o heç dostum da deyil, yaxın bir insandı, o yalan deyirsə, bəs digər rəy yazanlar da yalan deyirlərmi və s. Belə məsləhət verdi ki, kənardan bir nəfəri tutub aparın akademiyaya, baxışdan keçsin, keçərsə, ondan da pul istəyəcəklər. Akademiyanın hər seçiminə 500-1000 yeniyetmə gəldiyini, 9 seleksionerimizin bütün bölgələrdə futbolçu axtardığını, futbolçu götürmək üçün son qərarı texniki direktorumuz Halim Fıçıcının verdiyini, onun təsdiqi olmadan heç bir futbolçunun götürülmə və ya çıxarılma, Halim Fıçıcıcın da rüşvət alma ehtimalının olmadığını, digər rayonlardan akademiyaya cəlb olunan 80-90 futbolçunun əksəriyyətinin kasıb ailələrdən gəldiyini bildirdim və söhbəti çox uzatmadığımı zənn etdim, yekunlaşdırdım. Emin Talıbovdan tutarlı heç bir cavab ala bilməyəcəyim aydın oldu. Bir gün sonra səhifənin admini əvvəlcə şəklin altından mənim rəyimi, sonradan, deyəsən, şəkli tamamilə sildi (amma məndə xeyli skrinşot qalır). Anvar Anvarli və Nazim Qafarov müraciətimə cavab vermədilər. Nazim Qafarova bu gün də yazdım, çünki ittihamı daha dəqiq və ünvanlı idi. Ümid edirəm ki, özündə cəsarət tapacaq və rüşvət istəyənin kim olduğunu, nə vaxt, harada istədiyini mənə deyəcək. Əks halda, onun da əsassız danışdığı məlum olacaq. Belə məsələlərin olduğuna inanmaq istəmirəm və ümid edirəm ki, heç vaxt müraciət edən olmayacaq, amma istənilən vaxt dinləməyə, araşdırmağa, cəzalandırmağa və cəzalanmağa hazıram”!
Bu kiçik olayın tarixçəsini bura yazmağımın səbəbi adları çəkilən “feysbuk” istifadəçilərini haqsız çıxartmaq yox, içimdə yaranan şübhəyə aydınlıq gətirmək istəyi oldu. Akademiyamızın məşqçilərinə, seleksionerlərimizə, ot mütəxəssislərindən mühafizəçilərə qədər hər kəsə inamımız böyükdü, lakin hamıya cavabdeh ola bilmərik.
Dostluğumda xeyli əlaqədar şəxs var: 100-dən çox media mənsubu, məşqçilər, futbol fuksionerləri, futbolçular, valideynlər və s. Əgər kimsə buna bənzər bir hadisə eşidib və ya yaşayıbsa, mütləq mənə bildirsin, tələb edərsinizsə, konfidensiallığı nəzərə alacağımıza əmin olun. Həmçinin, bu müraciəti mümkün qədər ictimailəşdirin ki, heyətimizdə bizim prinsiplərə zidd gedən əməkdaşlar varsa, onları aşkarlayaq. Hansısa məşqçi rəhbərlikdən gizli şəkildə rüşvət ala (çox müxtəlif yolları var və sadə yolları var), inzibatçı və ya mühafizəçi özünü başqa vəzifənin sahibi kimi təqdim edib valideynə yaxınlaşa və ya hər hansı kənar şəxs “Qəbələ” Futbol Akademiyasının adından sizlərdən pul tələb edə bilər. Belə hallara qarşı birlikdə, cəsarətlə mübarizə aparmaq lazımdır!