Məşhur futbolçu 30 yaşında dünyasını DƏYİŞDİ
Çinin “Beytszin” klubunun və Kot-d İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında vəfat edib. APA-nın verdiyi xəbərə görə, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələlik məlumat verilmir. Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb. 2010-cu ildən İngiltərənin “Nyukasl” klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib. Kot-d İvuar milli komandasının heyətində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.