DÇ: Bu gün daha dörd cüdoçusumuz MÜBARIZƏYƏ QOŞULUR

DÇ: Bu gün daha dörd cüdoçusumuz mübarizəyə qoşulur

Macarıstanda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq.

Mundialın altıncı günündə 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində kişi, 78 kiloqramdan yuxarı çəkidə qadın cüdoçular yarışacaq.

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Kişi cüdoçuların yarışında Azərbaycanı təmsil edəcək Rio Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) ilk görüşündə Otqonbatar Lxaqvasuren (Monqolustan) - Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibi ilə güləşəcək.

Digər idmançımız dünya və Avropa çempionumuz, "Bakı-2017"nin qalibi Elxan Məmmədov (100 kq) isə ilk cəhdində Luis Medina (Dominikan Respublikası) - Kayl Reyes (Kanada) görüşünün qalibi ilə qarşılaşacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edəcək Avropa kubokunun və qitə çempionatının mükafatçısı Uşanqi Kokauri isə braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində tatami üzərinə çıxacaq təmsilçimiz - "Bakı-2017"də ikinci yeri tutmuş İrina Kindzerska toqolu idmançı Essoxanam Koros ilə qüvvəsini sınayacaq.

İlk görüşlər Bakı vaxtilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında yeddinci yerdə qərarlaşıb. Millimizin heyətində mötəbər yarışda yüksək əzmkarlıq nümayiş etdirən Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.

Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparır. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə iştirak edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti də hazırda Budapeşt şəhərindədir və yarışları izləyir.






Fikirlər