Millimizin futbolçuları arasında DAVA - ŞOK İDDİA
Avropa çempionatının seçmə mərhləsinə Slovakiyada yekun vuran millimizin düşərgəsində qalmaqal yaşanıb. "AzerTaym.az" Sportinfo.az-a istinadən xəbər verir ki, görüşün fasiləsində komandamızın paltardəyişmə otağında futbolçularımız arasında dava düşüb. Belə ki, Ramil Şeydayev ilk hissədə qeyri-fəallığı ilə yadda qalan Eddi İsrafilova sərt etirazını bildirib. Eddiyə passiv və istəksiz oynamasını irad tutan Ramil "sənin kimilər bu formanı geyinməməlidir" deyib. İsrafilov komanda yoldaşına "sən mənə heç nə deyə bilməzsən" cavabı verincə, ara qarışıb. Şeydayevin müdafiəsinə qalxan Qara Qarayev Eddiyə tərəf gedib. Bu zaman digər futbolçular araya girərək, onların əlbəyaxa olmasının qarşısını güclə alıb. Nikola Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə qarışmayıb, sakitcə bir kənara çəkilərək yaşananları izləyib. Saytın iddiasına görə, İsrafilov bundan hiddətlənərək, formasını əynindən çıxarıb və "mən meydana çıxmıram" söyləyib. Onu duş qəbul etməyə getdiyini görən baş məşqçi Elvin Camalova ikinci hissədə meydana çıxmağı tapşırıb.