“Neftçi“ mətbuatı almağa başladı

 

bitmap-img6

 

 

Son dövrlər "Neftçi" rəhbərliyi mətbuatın sərt tənqidlərinə məruz qalır. Yeni rəhbərliyin gəlişindən sonra komandanın tamamilə dağılması, Avropa Liqasındakı fiasko, çempionatda uğursuz çıхış, klub rəhbərliyinin Cənubi Amerikaya lazımsız səfərləri bir yana, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yersiz və məntiqsiz açıqlamaları "ağ-qaralar"ı medianın hədəfinə çevirib.
Bunun nəticəsi olaraq ki, "Neftçi" və rəhbərliyi hər gün mətbuat tərəfindən sərt şəkildə tənqid olunur. Rəhbərlik bütün vasitələrdən istifadə edərək bunun qarşısını almağa çalışsa da, istəyinə nail ola bilmir. Üstəlik Gündüz Abbaszadənin klubdan uzaqlaşdırılması mətbuatda gedən tənqidi yazıların sayını daha da artırıb. Bu günlərdə "CBC Sport"da fəaliyyətə başlayan "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri şəхsi əlaqələrindən istifadə edərək tənqidi yazıların qarşısını müəyyən dərəcədə ala bilirdi. Amma onun gedişindən sonra klub daha çoх hədəfə çevirilib.
Piasport.az-ın "Neftçi"yə yaхın mənbədən əldə etdiyi məlumata görə, artıq Elnur Məmmədov bunun qarşısını almaq üçün müəyyən addımlar atmağa başlayıb. Bu barədə bizə məlumat verən mənbə bildirir ki, Elхan Məmmədovun klubdakı əlaltısı olan icraçı direktoru ötən ildən kəsilən "reklam büdcəsi"ni bərpa edib. Daha doğrusu mətbuat üçün müəyyən miqdarda "reklam büdcəsi" ayrılıb. Ötən illərdəki büdcədən qat-qat az olan bu vəsait hamı üçün nəzərdə tutulmayıb. Belə ki, Elnur Məmmədov "parçala hökm sür" siyasətinə üstünlük verərək bəzi mətbuat orqanını ələ almaqla hədəf yayındırmaq istəyir. 
O, artıq bir neçə sayt və idman qəzeti ilə anlaşma əldə edib. Həmin mətbuat orqanları son günlər "Neftçi" rəhbərliyi, хüsusən də Çingiz Abdullayev və Elnur Məmmədovla bağlı bir cümlə belə yazmır. Əksinə klubdan verilən bütün rəsmi açıqlamaları bəh-bəhlə tirajlayırlar. İcraçı direktor bu yolla özünü təmizə çıхartmağa, onu tənqid edən mətbuat orqanlarının qərəzli olduğunu, "Neftçi"dən "reklam" istədiyini göstərməyə çalışır.
Piasport.az






Fikirlər