Peşəkar Futbol Liqası (PFL) 9 klubun yeni futbolçu transfer etməsinə qadağa qoyub.
Azərtaym.az-ın məlumatına görə, bu haqda PFL-in prezidenti Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində bildirib.
O, bildirib ki, "Qarabağ"dan başqa digər klublar borclarını ödəməyənədək bu qərar qüvvədə olacaq.
"Qərara gəldik ki, qış transfer dövründəki transferləri bağlayaq. Hansı komanda borcludursa, yeni transferlər etməsinə icazə verilməsin. Təbii ki, digər cəzalar da yaddan çıxmayıb. Borclarını ödəsələr, icazə verəcəyik".
Musayev hətta klublara satdıqları topların pulunu belə ala bilmədiklərini deyib:
"Bu gün hamı eyni topla oynayır. Amma topların da pulunu vermirlər. Biz gətirməsəydik, nə ilə oynayacaqdılar? Elə o, 10 manatlıq toplarla? Xaricdə təlim-məşq toplanışlarına gedən klublarımızı alqışlayıram. Bəs yaxşı, borcu niyə vermirsiniz?"