FARİZ Məmmədov: “Yeniyetməliyim səngərdə, KİŞİ vaxtlarım isə HƏBSXANADA keçdi” (VİDEO)

Снимок
“Hərdən keçmişə qayıdanda təəssüflənirəm. Arzulayıram ki, məktəb, uşaqlıq illərimi yaşayım. Amma mən həmin illəri yaşamamışam”.
Bu sözləri Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü, peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu adını qazanan Fariz Məmmədov deyib.
“Azad Azərbaycan” kanalında yayımlanan “Kişi klubu” proqramında qonaq olan F. Məmmədov hayatda yaşadıqlarından danışıb: “Həddən artıq tez böyüdüm. Erkən yaşlarımdan müharibə, qan gördüm. Uşaqkən belə olmasını istəmirdim. Tanrı həyatı elə yaradıb ki, hər yaşın öz gözəlliyi var. Həyatda hər şeyi öz vaxtında yaşayanda yaxşı olur. Amma mənim uşaqlığım səngərdə, yeniyetməliyim sürgündə, gəncliyim isə həbsxanada keçdi”.
Tanınmış boksçu təhsil almamağın çətinliklərindən də söz açıb: “Ali təhsıl almamağım xarici ölkələrdə olarkən çətinliklər yaradır. Çox istəyirəm ki, bu yaşımda da olsa, təhsil alım. Dünya görüşünə gəldikdə isə müharibə mənə çox şey öyrətdi. Bu, Tanrının qisməti idi. 7 illik həbsxana həyatından sonra azad yaşaya bilmirdim. Ətrafım mənə darlıq edirdi. Çünki özümü cəmiyyətdə yad hiss edirdim. Mən indiki Farizəm. Millətimi sevirəm, ömrümün sonuna kimi xalqım üçün çalışacağam”.
Fariz Məmmədov 7 ildən sonra həbsxanadan çıxdığı günləri belə xatırlayıb: “2012-ci il yanvarın 27-də azadlığa çıxdım. Qısa müddətdə sənədlərimi düzəltdim. Martın 4-ü isə başımı götürüb getdim. Fikirləşmirdim ki, vətənə dönəcəm. Arxamda heç vaxt çirkinlik qoymamışam. Yenidən özümə gəlməyimdə çox adamların köməkliyi oldu. Bu baxımdan ilk öncə “Qəbələ” Idman Klubunun adını çəkə bilərəm. Onların yenidən həyata, idmana qayıtmağımda böyük rolu oldu. Çoxları mənə inanmirdi. Farizin qayıdacağına inanmırdılar. Əslində bu, normal olaraq da qeyri-mümkün görünürdü. Çünki 7 illik fasilədən sonra peşəkar boksa qayıtmaq çətin idi. Lakin peşəkar boksda kim axırq qalırsa,  o da çempon olur. Peşəkar boks sonu görünməyən çətin bir yoldu. 2001-ci ildə bu yola çıxdım və 15 il sonra istəyimə çatdım”.
Futbolxeber.az






Fikirlər