“Dünya çempionu olub boksdan gedəcəm” – Fariz Məmmədov



 

"Hədəfimə çatmamış boksdan getməyə haqqım yoxdur"
Qəbələ” idman klubunun üzvü, Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov hazırda dünya kəməri uğrunda döyüş üçün Ukraynada hazırlıq keçir.  Qol.Az saytına müsahibəsində o, qarşıdan gələn döyüş və digər məsələlərdən danışıb.
 
- Əvvəlcə bilmək istərdik ki, hazırlıqlar necə gedir?
- Artıq beş həftədir ki, Ukraynadayam. Üç həftə fiziki hazırlıq keçdim. Bir həftə bərpa prosesindən sonra boks hazırlığına başlayacam. Təxminən altı həftə də bu cür hazırlaşacam. Fiziki durumumdan çox razıyam.
- Niyə vacib döyüşlərə məhz Ukraynada hazırlaşırsan?
- Boksçular öz aralarında Ukraynaya “boks fabriki” deyirlər. Burda yaxşı bokçular, mütəxəssislər var. Bundan əlavə, Ukraynanın təbiəti hazırlıq üçün əlverişlidir. Hazırlıq keçdiyim şəhərdə bir neçə meşə, göl və çay var. Yəni burda boks üçün hər şərait mövcuddur. Həm də, burda özümüz üçün rəqib se çmək rahatdır.
-Dünya kəməri uğrunda döyüşəcəyin rəqib bəllidir?
- Gəlin, bu haqda indidən danışmayaq. Mən 20 ildən artıqdır ki, boksla məşğulam. Peşəkar boksçu kimi 2001-ci ildən müqavilə bağlamışam. Bu müqaviləni bağlayan gündən dünya kəmərini qazanmaq arzusu ilə yaşayıram. Bildiyiniz kimi, Azərbaycanın ilk peşəkar boksçusuyam. Bu idman növündə heç vaxt dünya çempionumuz olmayıb. Ona görə də ömür boyu bu arzu ilə yaşamışam. İndi bunun bir addımlığındayam. İstəyim, hədəfim budur ki, dünya kəmərini qazanım. Döyüşün vaxtını müəyyənləşdirmək istəyirik. Düzdür, mən may ayında belaruslu idmançıya qalib gələndən sonra artıq dünya kəməri uğrunda vuruşmaq hüququnu qazanmışam. Ancaq nə qədər ki, müqavilə masanın üstündə olmayacaq, dəqiq bir söz deyə bilmərəm. Döyüşün noyabr və ya dekabrda keçiriləcəyi gözlənilir. Mənə meksikalı idmançı Alvarodo Roblesi rəqib seçiblər.
- Döyüşün harda olacağı gözlənilir?
- Mən istəyirəm ki, bu döyüşü Azərbaycanda keçirim. Azərbaycanda ilk dünya çempionu adını qazanan peşəkar boksçu olmaq istəyirəm. Bununla da boksla vidalaşmaq fikrim var. Çünki həqiqətən çox ağırdır Mən nə qədər xarakter göstərsəm də, həyatımda olan müəyyən çətinliklər özünü göstərir. Çox yoruluram, zədələnirəm. İstəyirəm boksda nida qoyum və karyeramı bitirim. Bəli, Fariz Məmmədov Azərbaycanın ilk peşəkar boksçusudur. Ancaq bununla kifayətlənmək fikrim yoxdur. İstəyirəm ki, həm də Fariz Məmmədov Azərbaycanın dünya çempionu olan ilk peşəkar boksçusu olsun. Bundan sonra rinqdəki fəaliyyətimi dayandırıb, ölkəmizdə boksun inkişafına xidmət edəcəm.
- Dünya kəməri uğrunda döyüşün nəticəsindən asılı olmayaraq boksla vidalaşmaq istəyirsən?
- Mən dünya kəmərini qazanacam və boksla vidalaşacam. Sonra şəxsi həyat quracam.İstədiyim hədəfə çatmamış boksdan getməyə haqqım yoxdur.  Çünki uzun illərdir ucu-bucağı görünməyən yollar gəlmişəm. Bu yolda tonlarla tər tökmüşəm. Bu əziyyəti birdən-birə yerə vura bilmərəm. Mən həbsdə olanda deyirdim ki, boksa qayıdıb istədiyim nəticəni qazanacam. Bu sözləri deyəndə hər kəs mənə lağ edirdi. Deyirdilər ki, bunu etmək mümkün deyil. Mən isə onlara bildirirdim ki,  arada olan bu boşluğa görə uzun illər çəkdiyim əziyyəti heçə çıxara bilmərəm. İndi həmin insanlar deyirlər ki, səndən bu xarakteri gözləmirdik.
- Qeyd etdiyin kimi, çox çətinliklər çəkmisən. Sənin üçün yeddi illik fasilədən sonra boksa qayıtmaq çətindir, yoxa indiki halda dünya kəmərini qazanmaq?
- Həbsdən sonra erməni idmançısına qalib gəlmək daha çətin idi. Menecerim hərdən deyir ki, dünya kəməri uğrunda döyüşdə rəqibin erməni də ola bilər. Mən isə cavabında bildirirəm ki, lap yaxşı olar. Deyir sən nə danışırsan, ikinci dəfə belə risk etmək olmaz. Mən riski sevirəm. Adi çempion olmaq istəmirəm. Mən keçircəyim döyüşü səbirsizliklə gözləməliyəm. Eləcə də hamı həmin döyüşü maraqla izləməlidir. Ajiotajlı bir döyüş olmasını istəyirəm. İdman hər şeydən əlavə bir millətin qürurunu daşıyır. Ona görə də həmin vaxt erməniyə qalib gəlməli idim. Bu, mənim üçün həyatda ən böyük uğurdur.
- Döyüş Azərbaycanda baş tutmasa, harda keçirilə bilər? 
- Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri yaxud da Ukraynada ola bilər. Rusiya variantından imtina etdim. Ən böyük istəyim odur ki, döyüş Azərbaycanda olsun. Çünki iki dəfə ölkəmizdə uğursuz çıxış etmək mənim üçün ağırdır. Bu millətin haqqını verməliyəm.






Fikirlər