12.02.2014. - Azərbaycan planşet kompüterlərin istehsalına hazırlaşır
AzerTaym.az-ın «APA-Economics»ə istinadən verdiyi məlumata görə, «Kür» kompüter texnikası istehsalı zavodu öz brendi ilə bu cihazların istehsalına hazırlaşır.
Şirkətin baş direktoru Rizvan Osmanov məsələ ilə bağlı danışarkən bildirib ki, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur: «Bu da alıcıların prioritetlərinin dəyişməsi ilə bağlıdır. Əhali planşetlərə daha çox üstünlük verir. Bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallaşıb».
Bu sahədə dünya vendorları ilə rəqabət aparmağın onlar üçün bir qədər çətin olduğunu önə çəkən R.Osmanov bunun səbəbini Azərbaycan bazarında əlverişli qiymətə qurğuların sayının kifayət qədər olmasında görür: «Buna baxmayaraq, «Kür» planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük».