“DƏMİR BANK”da “70-in “ç” şantajı: Əmək hüquqları zibilliyə necə atılır?

“Dəmir Bank”da “70-in “ç” şantajı: Əmək hüquqları zibilliyə necə atılır?

Ötən yazımızda xəbər vermişdik ki, "Dəmir Bank”-da kütləvi ixtisarlar baş verib.

Miq.az-ın məsələ ilə bağlı araşdırmasında ixtisarlarla bağlı maraqlı faktlar ortaya çıxıb.
Əldə etdiyimiz məlumata görə, "Dəmir Bank” rəhbərliyi ixtisara saldığı işçini birbaşa yola salmır. Belə ki, əvvəlcə həmin əməkdaş məzuniyyətə göndərilir və onun iştirakı olmadan haqqında "işinə xitam” əmri verilir. 
Maraqlıdır ki, Mərkəzi Bankın dəstəyi ilə respublikadakı banklar devalvasiya dalğasından müəyyən qədər də olsa xilas ola biliblər. Hazırda bankların portfelində artım müşahidə olunur. "Dəmir Bank”ın işçilərinə qarşı bu addımı iki aspektdən qəbuledilməzdir.
Birincisi: devalvasiyadan sonra ölkə iqtisadiyyatında dirçəlmələr olsa da, hələlik iş yerlərinin çatışmazlıqları var. Belə bir çətin vaxtda işçinin ixtisara salınması haqsızlıqdır. Xüsusilə ölkə rəhbərliyinin sosial addımlar atması fonunda "Dəmir Bank”ın bu qanunsuz addımı sözün məcazi mənasında heç bir məcəlləyə sığmır.
İkincisi: Sözün həqiqi mənasında da "Dəmir Bank”ın bu addımı Əmək Məcəlləsinə ziddir. Çünki əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Əmək Məcəlləsi ilə müəyyən edilib.
Məcəllədə işçinin işinə xitam verilməsi haqda bildirilir ki, "işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər”. Yaxud əksinə, "işəgötürən bir təqvim ayı qabaqcadan işçiyə yazılı ərizə ilə xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam verə bilər”.
Məcəllədə o da qeyd olunur ki, "məzuniyyətdə olan işçinin əmək müqaviləsi məzuniyyət vaxtı bitmədən ləğv edilə bilməz”. Yəni söhbət, qanunvericilikdə göstərilən zəruri hallar olmadığı təqdirdə, işəgötürənin birtərəfli qaydada əmək müqaviləsinə xitam verməsi qanunla qadağandır. Göründüyü kimi, "Dəmir Bank” işçilərinə indiki şərtlər daxilində haqsızlıq etməklə yanaşı, məzuniyyətdə olan işçisini ixtisara salmaqla açıq şəkildə qanunsuzluq da edir.
"Dəmir Bank”da "70-in "ç” şantajı: işçilərə necə hədə-qorxu gəlinir
Lakin "Dəmir Bank”ın qanunsuzluq və haqsızlığı bununla bitmir. Əldə etdiyimiz məlumata görə, qanunsuz şəkildə əmək müqaviləsinin pozulmasına etiraz edən bankın əməkdaşları bank rəhbərliyini məhkəməyə vermək niyyətlərini açıqlayıblar. Bu zaman bank ixtisar etdiyi işçilərə qarşı şantaja əl ataraq, onlara Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə hədə-qorxu gəlir.
 Sözügedən maddənin "ç” bəndində deyilir: "İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi mümkündür”.
Bank rəhbərliyi isə etdikləri qanunsuzluq haqda məhkəməyə müraciət edəcəkləri təqdirdə, onları "70-in "ç”-si əmək kitabçana vuracam, ondan sonra görüm səni kim işə götürəcək” deyə hədə-qorxu gəlir. Təcrübə göstərir ki, hansısa işçinin əmək kitabçasında həmin bənddə göstərilən səbəb qeyd olunubsa, onun sonrakı karyerasında ciddi problemlər olur. "Dəmir Bank” rəhbərliyi də məhz bu maddəni şantaj üsuluna çevirərək, qanunsuzluğa etiraz edənləri susdurmaq istəyir. 
Halbuki, Əmək Məcəlləsində hədə-qorxu gəlmək haqda deyilir: "İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır”.
Faktlar isə "Dəmir Bank”ın qanunu saymadığını və istədiyi kimi zor tətbiq etdiyini göstərir. Bu davranış əmək qanunvericiliyinin pozulması ilə bağlı Cinayət 162-ci maddəsinə də ziddir.  
Məlumatlara görə, bankın "70-in "ç” şantajına məhəl qoymadan məhkəməyə müraciət edən işçilərinə isə bürokratik əngəllər yaradılır. Təbii ki, burada da "Dəmir Bank”ın qanunsuz üsulları əsas rol oynayır.
Əmək Müfəttişliyinin nəzarətsizliyi, yaxud "Dəmir Bank” hadisəsi nəyi sübut edir 
Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin də qüsurları aydın görünür. Respublika rəhbərliyi qanunun əməl edilməsi, sosial həyatın yüksəldilməsi, insanların əmək və digər hüquqlarının qorunması ilə bağlı ciddi tapşırıqlar versə də, "Dəmir Bank” hadisəsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək hüquqlarının qorunması ilə bağlı qanunun tətbiqinə ciddi nəzarət etmədiyini ortaya çıxarır.
Halbuki, Xidmətin əsasnaməsində "Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır” deyə bildirilir.
 
P.S  "70-in "ç” şantajı -əksər banklar və təşkilatlarda bu üsuldan istifadə edilir. Hətta məhkəmələrə üz tutan zərərçəkmişlər bürokratik əngəllərlə üzləşməli olurlar...Bütün bunlarla bağlı yazılara növbəti araşdırmamızda aydınlıq gətirəcəyik!






Fikirlər