“KORRUPSİYA problemini tədris hesabına həll etmək mümkün deyil”

Əyyub Kərimov: “Problemin həllində vətəndaş cəmiyyətləri də fəallıq göstərməlidir”

Bundan sonra ali və orta ixtisas məktəblərində antikorrupsiya mövzusu tədris ediləcək. Maraqlıdır, antikorrupsiya mövzusunun ali və orta ixtisas məktəblərində tədrisi ölkədə korrupsiyanın miqyasının azalmasına, bu sahədə vəziyyətin qismən də olsa yaxşılaşmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov məlum yeniliyin sadəcə maarifçilik baxımından əhəhmiyyət daşıdığını, real vəziyyətə təsir göstərməyəcəyini bildirib:

“Sözügedən yeniliyin real vəziyyətə təsir göstərəcəyini düşünmürəm. Antikorrupsiya mövzusunun tədrisi ilə bu problemin həllinə təsir göstərmək mümkün deyil. Hüquq fakültəsində cinayət hüququ tədris olunur. Bununla yanaşı, hüquqla əlaqədar fənlər də tədris edilir. Bu məntiqlə, gərək cinayətkarlığın kökü kəsilərdi. Bu, sadəcə maarifləndirmə məqsədli bir addım ola bilər. Bunun real mübarizəyə hər hansı təsirinə inanmıram.

Korrupsiyaya qarşı mübarizəni aparan konkret orqanlar var. Bunlar hüquq-mühafizə orqanlarıdır. Cəmiyyət də belə hallara qarşı fəal olmalıdır. Buna qarşı mübarizəni həm də vətəndaş cəmiyyəti aparmalıdır. Bu problemi tədris hesabına həll etmək mümkün deyil”.






Fikirlər