11.09.2014- Bakı məktəblərində görünməmiş yenilik

11.09.2014- Bakı məktəblərində görünməmiş yenilikGələn tədris ilindən başlayaraq, Bakıda şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək.

ANS-in məlumatına görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib ki, bu addım təhsilin yüksək səviyyəyə qaldırılması istiqamətində tətbiq olunan yeniliklərdən biridir.

“Bu zaman məktəb seçimi elektron formada, müəllim seçimi isə xüsüsi proqram tərəfindən həyata keçiriləcək”, - deyə Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilin iyun ayında ilk dəfə keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakının orta məktəb müəllimlərinin 96 faizi iştirak edib. Müəllimlərin 14,4 faizi qiymətləndirmədə zəif, 85,6 faizi qənaətbəxş nəticə göstərib.

Qeyd edək ki, 2013-2014-cü tədris ilinin nəticələrinə görə, 20155 şagird attestat alıb. Onların 28-nə qızıl, 1-nə gümüş medal verilib. Ötən dərs ilində 2197-si fərqlənmə olmaqla, 25 950 şagird şəhadətnamə alıb. Ötən tədris ilində keçirilən eksternat qaydasında imtahanın nəticələrinə görə, 92 nəfər attestat, 21 nəfər şəhadətnamə alıb.

Qeyd edək ki, sentyabrın 20-də Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində iştirak etməmiş müəllimlərin sınaq qiymətləndirilməsi aparılacaq.






Fikirlər