Banklar insanları SIXIŞDIRIR - Kredit borcları PİK həddə
Ötən il baş verən iki kəskin devalvasiya ölkə vətəndaşlarının həyatını ciddi şəkildə təhdid edir. Banklardan kredit götürən vətəndaşlar yüksək faizli kreditləri verə bilmir, üstəlik, kredit dollarla alındıqda, məsələ bir az da ciddiləşir. Banklar isə müxtəlif üsullarla borcluları sıxışdırır, borcu geri almağa çalışır və hətta məsələ həbs təhlükəsinə qədər gedib çıxır.
Faktiki olaraq bu gün vətəndaşlarda ciddi narazılıq yaradan məsələ bankların qəddar faiz siyasətidir.
Ölkədə ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il aprelin 1-nə 1 326,5 milyon manat təşkil edib. Mərkəzi Bankın xəbərinə görə, martın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 3 milyon manat və ya 0,22 faiz, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 182 milyon manat və ya 12,06 faiz azalıb. Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 6,73 faiz təşkil edib. Qeyd edək ki, martın 1-nə bu göstərici 6,54 faiz, ilin əvvəlində isə 6,94 faiz olub.
Manatla verilən vaxtı keçmiş kreditlər aprelin 1-nə 691,5 milyon manat təşkil edib ki, bu da martın 1-nə nisbətən 19,6 milyon manat və ya 2,92 faiz çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 148,7 milyon manat və ya 17,7 faiz artıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,2 faiz bəndi artıb, ilin əvvəlindən 0,7 faiz bəndi azalaraq 6,9 faizə çatıb. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 11,7faiz təşkil edib. Bir ay əvvəl bu göstərici 11,4 faiz, ilin əvvəlində isə 15,1 faiz olub. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı aprelin 1-nə 6,1 faiz, ilin əvvəlində 6,2 faiz, martın 1-nə isə 5,8 faiz təşkil edib.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi aprelin 1-nə 635 milyon manat təşkil edib. Bu, martın 1-nə nisbətən 22,6 milyon manat və ya 3,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 33,3 milyon manat və ya 5,0 faiz azalıb. Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi aprelin 1-nə 6,6 faiz, keçən ayın əvvəlində 6,4 faiz, ilin əvvəlində isə 6,2 faiz olub. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı aprelin 1-nə 9,5 faiz olub. Qeyd edək ki, keçən ay bu göstərici 9 faiz, ilin əvvəlində isə 8,6 faiz təşkil edib. Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı aprelin 1-nə 5,3 faiz, martın 1-nə 5,2 faiz, 2016-ci ilin əvvəlində isə 5 faiz olub.
Ekspert Rəşad Həsənov məsələ ilə bağlı bildirib ki, Azərbaycanda uzunmüddətli dövrdə həyata keçirilmiş məsuliyyətsiz kreditləşmə, eyni zamanda devalvasiyalardan sonrakı bank sektorundakı vəziyyət problemli kreditlərin həcminin kəskin artımının əsas səbəblərindəndir:“Rəsmi olmayan məlumatlara görə, kredit borcu olanların, problemli kreditlərin həcmi rəsmi rəqəmlərdə göstərildiyindən kifayət qədər artıqdır. Bununla bağlı da dəfələrlə mətbuata açıqlamalarımızda qeyd etmişik ki, problemli kreditlər bank sektorunda 30 faiz həddindən yuxarıdadır. Burada həm istehlak kreditləri, həm də biznes kreditləri var. Ciddi gecikmələr mövcuddur.
Bu gecikmələri bir çox hallarda banklar kreditlərin ödənişini zamana yaymaqla müəyyən qədər problemi uzatmağa çalışır. Amma düşünürəm ki, bu, sadəcə, qısamüddətli dövrdə effektiv ola bilər. Sonrakı dövrlərdə bu kreditlərin özündə problemlərin yaşanacağı qaçılmazdır. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri bununla bağlı öz fikirlərini qeyd edirlər ki, Azərbaycanda problemli kreditlər rəsmi rəqəmlərdə ifadə edildiyindən ən azı üç dəfə artıqdır. Həmçinin düşünürük ki, problemli kreditlər həqiqətən də hazırda 30 faizin üzərindədir. Kredit götürənlər üçün hər hansı güzəşt paketi olmazsa, qısa müddət sonra çox ciddi fəsadlar yaradacaq.
Nəzərə alsaq ki, son devalvasiyadan sonra 6 bankla bağlı Mərkəzi Bank ləğvetmə qərarı vermək məcburiyyətində qalıb. Daha iki bankın da linkvitlik problemi var. Düşünürəm ki, bu problem digər banklarda da var. Qısa müddət sonra bu problemin digər banklarda da olacağı gözləniləndir. Bu baxımdan, vəziyyət heç də ürəkaçan deyil. Maliyyə bazarlarına Nəzarət Palatası müəyyən qədər çevik addımlar atmaq istəyir. Amma düşünmürəm ki, bu, prosesi əngəlləyə biləcək. İlin sonuna qədər Azərbaycanda bankların bağlanması ehtimalı çox yüksəkdir. Qısamüddətli dövrdə bu problemi həll etmək olar. Çünki faktiki olaraq kredit götürənlərin, biznes və vətəndaşların çox ciddi gəlir problemi var. Faktiki olaraq bu insanlar krediti ödəmək qabiliyyətində deyillər. Hətta ötən qısamüddətli dövr ərzində bu fəsadlar dərinləşir və özünü büruzə verməkdədir. Bundan sonrakı dövrdə problemin daha da dərinləşəcəyini düşünürəm”.
Ekspert Əkrəm Həsənov isə bildirib ki, əksər hallarda vətəndaş kredit müqaviləsini şərtlərlə tanış olmadan imzalayır və kredit şərtlərində aldadılır: “Sonra da bank deyir ki, imzalamısan, krediti ödə. Vətəndaş da aldadıldığını sübut edə bilmir. Məsələn, krediti manatla istəyib, ona dollarla veriblər, yaxud da devalvasiyanın nəticələri haqda xəbərsiz olub və sair. Əslində ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinə əsasən bank istehlakçı olan borc alana kredit haqda zəruri və düzgün məlumat verməlidir. Bank məhkəmə proseslərində, bir qayda olaraq, deyir ki, guya müqavilə bağlanmazdan əvvəl vətəndaşı tam məlumatlandırmışdı. Halbuki reallıqda banklar bunu etmir və vətəndaşı aldadır. Vətəndaş da bunu sübut edə bilmir. Lakin sübutun çox asan yolu var. Belə ki, “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə əsasən müqavilələr bağlananadək bank müqavilə şərtləri ilə bağlı borcalana ətraflı izahat verməlidir və bu barədə müqavilədə qeyd etməlidir". Ekspert dollar kreditləri ilə bağlı hökumətin bundan sonra da addım atmayacağını düşünür və vətəndaşlara hüquqlarını məhkəmələrdə qorumağı məsləhət görür.