ÖLKƏDƏ KREDİT BÖHRANI… – Dəhşətli statistika

kredit

Dövlət Statistika Komitəsi ödəmə vaxtı keçmiş kreditlərin məbləğinin ümumi kredit portfelinin 8,3 faizini təşkil etdiyi barədə məlumat yayıb.

Ancaq azadlıq.info hökumətin problemli kreditlərin ümumi kredit portfelinin cüzi hissəsini təşkil etdiyi barədə verdiyi məlumatların həqiqəti əks etdirmədiyini bildirir.

Belə ki, bir neçə gün əvvəl vəkil Cavad Cavadov problemli kreditlərlə bağlı dəhşətli statistika açıqlayıb.
O qeyd edib ki, 2014-cü ildə məhkəmələrdə 153 606 mülki işə baxılıb. Bu işlərdən kredit, borc münasibətləri üzrə 95 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilib. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62 faizini təşkil edir.
2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılıb və 2014-cü illə müqayisədə işlərin həcminin birdən birə artması məhz kredit münasibətlərindən irəli gələn işlərlə bağlıdır. Keçən il baxılan mülki işlərdən 171 664 iş kredit münasibətlərindən irəli gələn işlər olub, bu isə ümumi işlərin həmin il üçün 75,15 faizini təşkil edir.

Nəzərə almaq lazımdır ki, Cavad Cavadovun açıqladığı statistika yalnız baxılan işlərə aiddir. Kredit borcuna görə icraata götürülən işləri bunun üzərinə gəlsək, o zaman daha dəhşətli mənzərə yaranar. Digər tərəfdən, kredit borcu olanlara ən böyük zərbə 2015-ci ilin dekabrında baş verən ikinci devalvasiya zamanı dəyib. Cavad Cavadovun təqdim etdiyi statistika 2014 və 2015-ci illəri əhatə edir. Deməli, 2016-cı ildə məhkəmələrdə kredit işlərinin sayı daha çox olacaq. Məlumat üçün deyək ki, Azərbaycanda 2.5 milyon nəfərin kredit borcu var. Təkcə baxılan işlər problemli kreditlərin 10 faizdən çox olduğunu göstərir.
Dövlət Statistika Komitəsinin başqa bir məlumatına görə isə 2015-ci ilin ilk 6 ayı ərzində əhalinin gəlirlərinin 580,3 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş.
Ölkə üzrə kredit portfeli təxminən 18 milyard manat təşkil edir. Banklar bir çox hallarda illik 25-30 faizlə kredit verir. Lakin biz 20 faiz götürsək, əhali 6 ay ərzində kreditlər üzrə faizlərin ödənilməsinə 1 milyard 800 milyon manat sərf etməlidir. Amma rəsmi məlumatda göründüyü kimi 580,3 milyon manat sərf olunub. Deməli, kredit faizlərinin təxminən 60 faizi ödənilməyib. Bu fakt da problemli kreditlərin 8,3 faiz təşkil etməsi barədə məlumatın yalan olduğunu ortaya qoyur.

 






Fikirlər