ÖLKƏDƏ ƏMƏK HAQLARI DƏYƏRSİZLƏŞİR - Maaşlar artırılmır, iş yerləri bağlanır

qubad

Qubad İbadoğlu: “Əmək haqlarının indeksləşdirilməməsi işləyənlərin maddi vəziyyətini pisləşdirir”

“Azərbaycanda yalnız işsizlik artmır, həm də mövcud iş yerlərində əməyin dəyərsizləşməsi prosesi gedir. 2016-cı il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521 min 100 nəfər olmuş, onlardan 58,5 faizi və ya 889,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 41,5 faizi və ya 631,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib”. Bunu İqtisadi Təqdiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Facebook” hesabında bölüşüb.

Ekspert bildirib ki, iqtisadiyyatın dövlət bölməsində struktur və kadr islahatlarının aparılmasının, dövlət büdcəsinin maliyyə imkanlarının məhdudlaşmasının əksinə olaraq, son 1 ildə dövlət bölməsində çalışanların sayı 15,3 min nəfər artıb.: “Son 1 ildə manatın ABŞ dollarına nəzərən məzənnəsinin 55,4 faiz dəyərdən düşməsinə baxmayaraq, orta aylıq nominal əmək haqqı 6,7 faiz, avqust ayının 1-ə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5 faiz artıb. Göründüyü kimi, inflyasiyanın artımı hətta nominal gəlirlərin və əmək haqqının artımını üstələyir”.

Ekspert bununla yanaşı son zamanlar iş yerlərinin bağlanması, mövcud iş yerlərində əmək haqların aşağı salınması, rəsmi və qeyri-rəsmi əlavə ödənişlərinin dayandırılması, maaşların gecikdiirilməsi halları da kütləviləşməsini də qeyd edib:

“Bütün bunların nəticəsində əmək bazarında, əməyin ödənilməsi sahəsində hazırda qərarlaşmış tendensiyaların aşağıdakılardır.

1. Azərbaycanda əmək haqlarının sürətlə dəyərsizləməsi prosesi gedir. Buna qiymətlərin artımı, manatın məzənnəsinin ucuzlaşması, işsizlər arasında rəqabətin kəskinləşməsinə görə işləyənlərin əmək haqlarının aşağı salınması, eləcə də əmək haqlarının gecikdirilməsi təsir göstərir.

2. Dövlət bölməsində izafi işçi probleminin mövcudluğuna baxmayaraq, son 1 ildə işləyənlərin sayının artması bu sahədəki dəyişikliklərin rasionallığını aşağı salır.

3. Əmək bazarında işsizlər arasında olan rəqabətin yüksəlməsi əmək məhsuldarlığına müsbət, əməyin ödənişinə isə mənfi təsir göstərir.

4. Mövcud sahibkarlıq mühiti, sərmayə qıtlığı, investisiya büdcəsinin ixtisarına görə dövlət sifarişlərinin azalması yeni iş yerlərinin açılması potensialını aşağı salır.

5. Əmək haqlarının indeksləşdirilməməsi işləyənlərin maddi vəziyyətinin pisləşməsini sürətləndirir”.

 






Fikirlər