İqtisadçı 8 MİLYARD dolların mənimsənilməsində hökuməti suçladı: "Maliyyə sisteminin bütün rəhbər şəxsləri məsuliyyət daşıyır"

 rovsah-aqayev-2

Maliyyə Nazirliyinin açıqladığı məlumatdan belə aydın oldu ki, Beynəlxalq Bank vasitəsilə 8 milyard dollara yaxın vəsait 2 kanalla mənimsənilib. 

Bu kanallardan biri bu olub ki, ayrı-ayrı Azərbaycan vətəndaşlarının adına iri məbləğdə (bəzən hətta 50-60 milyon dollar) kredit yazaraq şəxsi məqsədlər üçün istifadə edilib, sonra onların xeyli hissəsini almaq mümkün olmadığından, "problemli və ümidsiz borc" kimi rəsmiləşdiriblər.

Başqa kanal bu olub ki, ofşor zonalarda şirkətlər qeydiyyatdan keçirib, Bankın vəsaitlərini onların veksellərini almaq adı ilə ölkədən çıxararaq sonradan həmin vəsaitləri də xaricdəki şirkətlərinə və hesablarına yönəldiblər.

8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala, 20 illk səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir. Sözüm bunda deyil…

Son günlər əsas günahkarın dəqiqləşdirilməsi istiqamətində qızğın müzakirələr gedir. Hələlik ən böyük təqsirkar qismində hazırda məhkəməsi davam edən Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdir.

Məhkəmənin gedişi göstərir ki, Cahangir Hacıyevin özünü müdafiəsi üçün səyləri əbəsdir. Bütün faktlar əleyhinə işləyir. Heç nə yox, təkcə öz yaxın çevrəsinin adına açdığı təminatsız kredit xətlərinə görə ona mühakimə etmək mümkün idi.

Amma tək günahkar deyil. Bu işə görə ölkənin bütün maliyyə sisteminin rəhbər şəxsləri, bütövlükdə hökumət məsuliyyət daşıyır. 

Bu gün Maliyyə Nazirlyi bütün günahları onun boynuna qoyub. Amma Banklar Haqqında Qanunun 25-ci maddəsinə görə, Müşahidə Şurası bankların idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, bankın İdarə Heyətindən hesabat almaq, bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək, bankın fəaliyyətinin kompleks və ya ayrı-ayn sahələrinin yoxlanması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir.

Beynəlxalq Bankın Müşahidə Şurasına isə Maliyyə Nazirliyi rəhbərlik edib. Bu səlahiyyətləri icra etmək kifayət idi ki, indi şahidlik etdiyimiz böyük korrupsiya əməliyyatları baş verməmiş ola idi.

Bundan əlavə, bu Qanunun 34-cü maddəsinə görə, Mərkəzi Bank prudensial normativlər və tələblər baxımından bankın bütün iri kredit əməliyyatlarına, bank rəhbərliyində olan şəxslərə, onların yaxınlarına verilmiş kreditlərin həcminə və aktivlərin vəziyyətinə nəzarət etmək hüququ vardı. Bankın rəhbərliyi yıxılmayana qədər, 7-8 il ərzində bu qurumlardan heç biri səlahiyyətindən istifadə etməyib. Amma indi bunlar barədə danışmaq çoxlarına sərf etmir.

Bu işdə müdafiə olunacaq, günahsız olan bircə tərəf var – o da Azərrbaycan xalqıdır, 8 milyard dolları oğurlanmış zərəçəkən Azərbaycan xalqı…

Rövşən Ağayev,

iqtisadçı-ekspert






Fikirlər