Samir Şərifov baş bankirə qalib gəldi - Yeni sədr qalmaqalı

Samir Şərifov baş bankirə qalib gəldi - Yeni sədr qalmaqalıMart ayının 18-dən Beynəlxalq Bankın boş qalan İdarə Heyətinin sədri vəzifəsinə, nəhayət, seçki keçirilib. İyulun 22-də Beynəlxalq Bankın Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib.

Məlumata görə, İdarə Heyəti sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri “Kapital Bank” ASC-nin keçmiş, “Azəri-Türk Bank” ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

Səsvermə nəticəsində İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib. Elə həmin gün bankın İdarə Heyətinin sədrinin müavini və baş maliyyə direktoru Rəşad Hacıyev vəzifəsindən istefa verib.

Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizə Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov arasında hələ Cahangir Hacıyevin dönəmindən başlamışdı. C.Hacıyevin istefasından sonra isə hər iki şəxs bu posta özünə yaxın adamı təyin etdirməyə çalışırdı. Məhz bu mübarizə də sədr seçilməsinin yubanmasına səbəb oldu.

Ş.Şərifovun Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizədə fəal olması əslində başadüşüləndir. Çünki Beynəlxalq Bankın 50,2 faiz səhmi dövlətə - Maliyyə Nazirliyinə məxsusdur. Məhz bu səbəbdən də maliyyə naziri bank rəhbərliyinə əvvəllər “Kapital Bank”ın rəhbərliyində çalışan Elmar Məmmədovun sədr gətirilməsinə çalışırdı və bunu gizlətmirdi də.

Mərkəzi Bank rəhbəri isə Rəşad Orucovun namizədliyini müdafiə edirdi. Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışan R.Orucov baş bankirin ən yaxın adamlarından sayılır. Maraqlıdır ki, Rəşad Orucov “Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin həm də kürəkənidir.

Rəşad Orucovun təyinatının baş tutmamasını maliyyə nazirinin Elman Rüstəmov üzərində qələbəsi kimi qiymətləndirmək olar. Bu, həm də baş nazir postuna iddialı olan Samir Şərifovun sözünün daha mötəbərliyinə işarədir. Məlumdur ki, S.Şərifov cidd-cəhdlə baş nazir olmaq istəyir. Bunun üçün də ətrafına yaxınlarından ibarət güclü komanda yığır. Həmin komandada indi Beynəlxalq Banka rəhbər gətirilən Elmar Məmmədovun adı həmişə birinci çəkilib.

Beynəlxalq Bankın yeni rəhbəri 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbayel filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib. Ötən il dekabrın 14-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri olub. Elmar Məmmədov “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur. (Musavat.com)






Fikirlər