Vahid Əhmədov: “Azərbaycanda struktur dəyişikliyinə getmədən islahat mümkün deyil”

Vahid Əhmədov: “Azərbaycanda struktur dəyişikliyinə getmədən islahat mümkün deyil”

“O insanlar vəzifəyə gəlməlidir ki, iqtisadiyyatı, siyasi səhnəni yaxşı bilirlər, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək iqtidarındadırlar” 

 

Ölkə konstitusiyasına dəyişiklikləri nəzərdə tutan referendumdan sonra Azərbaycanda ciddi islahatlara start veriləcəyi əsas müzakirə mövzusudur. Milli Məclisin deputatı Vahid Əhmədovla budəfəki söhbətimiz Azərbaycan insanını narahat edən mövzular, vəziyyətdən çıxış yolları barədədir.
- Vahid bəy, indi hər kəs ölkədəki islahatları gözləyir. Sizin məlumatlarınız, təxminləriniz nədən ibarətdir? Vitse-prezidentlik institutu fəaliyyətə başlayandan sonra Nazirlər Kabinetinin ləğv ediləcəyini gözləmək olarmı?
- Referendum Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi hadisədir, deyərdim ki, dönüş nöqtəsidir. Azərbaycan yeni bir dövrə qədəm qoyur. Çünki dünyada baş verən siyasi, iqtisadi hadisələr dövlət başçısını məhz belə bir vaxtda referenduma getməyə vadar etdi. Hegemon dövlətlər, böyük güclər dünyanın yenidən bölünməsi üçün mübarizə aparır. Azərbaycan prezidenti də bütün bunları bilir, dəyərləndirir. Azərbaycanın xarici və daxili siyasətini sərbəst apardığı üçün referendumla əlaqədar qərar verdi. İndiki məqamda Nazirlər Kabinetinin ləğvi düzgün addım olmazdı. Çünki Nazirlər Kabineti icra orqanıdır, orada çox savadlı kadrlar yetişib. Bu qurumda istənilən qərarın, sərəncamın, qanunun tətbiqi ilə əlaqədar minlərlə normativ aktlar hazırlanır. Ona görə də müəyyən müddətdə Nazirlər Kabinetinin qalması vacibdir. Ola bilər ki, 3-5 ildən sonra vitse-prezidentlik institutu ölkədə oturuşarsa, normal vəziyyət yaranarsa, onda Nazirlər Kabineti ləğv edilə bilər. Amma indiki məqamda bu qurum qalmalıdır.
- Vitse-prezidentlər hansı sahələrə nəzarət edəcək?
- Mən hesab edirəm ki, bir vitse-prezident Dağlıq Qarabağ məsələsi ilə məşğul olmalıdır. Bu, bizimçün çox önəmlidir. Beynəlxalq aləmdə də görməlidilər ki, Azərbaycan bu sahəyə nə qədər çox diqqət yetirir. İkinci bizimçün ən önəmli olan Naxçıvan məsələsidir. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir, eyni zamanda müəyyən problemlər var, o cümlədən illərdir Ermənistan tərəfindən blokadada saxlanılır. Bu sahəyə də vitse-prezidentlik statusu vermək olar. Eyni zamanda iqtisadiyyatla məşğul olan bir vitse-prezident olmalıdır. Bu da ölkədə iqtisadi islahatların aparılmasına, hazırlanan “Yol xəritəsi”nin icra mexanizminin işə salınmasına və hökumətlə bir yerdə prosesi aparmağa kömək edəcək. Bu, bizimçün çox önəmlidir. Çünki əgər biz iqtisadiyyatımızı normal vəziyyətdə saxlaya bilsək, onda Dağlıq Qarabağ məsələsinin həllində daha çox inamlı olarıq, prezidentin əlində daha çox rıçaqlar olar.
- İslahatları təcrübəli, enerjili kadrlarla aparmaq lazımdır. Kadr bankında vəziyyət buna imkan verirmi?
- Kadr bankı kifayət qədərdir. Hətta islahatlarla əlaqədar xaricdən kadrların cəlb olunması da normaldır. Amma Azərbaycanda islahatları aparmaq üçün kifayət qədər kadr var, o kadrlardan istifadə etmək lazımdır. Belə kadrlar parlamentdə də, müxalifətdə də var, sərbəst iqtisadçılar var ki, çox yaxşı kadrlardır. Yəni Azərbaycanın kadr axtarışına çıxmasına ehtiyac yoxdur. Kadr bankını yaradıb onlardan istifadə etmək lazımdır.
-  Prezidentin bir sıra sərəncamları, yaxud parlamentin qərarları olub ki, onların icra vəziyyəti qaneedici sayılmır. Zamanla ayaqlaşa bilməyən, “yorulan” məmurların islahatlara mane olması mümkündürmü?
- İslahatlara birbaşa cənab prezident özü rəhbərlik edir. Ondan başqa da Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev xüsusilə kənd təsərrüfatında gedən islahatlarla əlaqədar olaraq çox ciddi məşğuldur. Son 1,5-2 ildə çox ciddi qərarlar, qanunlar qəbul olunub ki, iqtisadiyyatı müəyyən qədər postneft dövrünə hazırlaya bilək. Müəyyən müsbət məqamlar var, amma biz hələ ciddi hazırlığı başa çatdıra bilməmişik və ciddi problemlərimiz də qalmaqdadır. Ona görə də köhnə kadrların prosesə mane olması mümkündür. Açığını deyim, elə məmurlar var ki, əllərində külli miqdarda vəsait var, onlar bu vəsaitin əldən çıxacağından narahat ola bilərlər. Necə ki, Beynəlxalq Bankla əlaqədar hadisələr baş verdi. Bu mənada müəyyən narahatlıq ola bilər. Amma Azərbaycan artıq oturuşmuş dövlətdir, kifayət qədər gücü var, milli təhlükəsizlik qüvvələri kifayət qədər güclüdür, Daxili İşlər Nazirliyi, prokurorluq sistemində çox yüksək ixtisaslı kadrlar var. Mən hesab etmirəm ki, kimsə bu ölkədə öz vəsaitindən, yaxud ranqından istifadə edib nəsə etmək istəsin. Buna Azərbaycan xalqı imkan verməz. Heç biz də imkan vermərik. Biz istəyirik ki, ölkəmiz inkişaf etsin. Dövlət başçısının da bununla əlaqədar kifayət qədər iradəsi var.
- Müsahibələrinizin birində demişdiniz ki, baş nazirin 6 müavininin olması çoxdur, ikisi də bəs edər. Bu mənada struktur islahatlarını gözləməyə dəyərmi?
- Ümumiyyətlə, həm siyasi, həm iqtisadi, həm də instisuonal islahatlara gedilməlidir. Həmçinin idarəetmədə ciddi islahatlar aparılmalıdır. Azərbaycan Nazirlər Kabineti 25 ildir həmin tərkibdə fəaliyyət göstərir. Ötən 25 ildə ölkədə çox ciddi dəyişikliklər baş verib, müəyyən sahələrdə inkişaf gedib, islahatlar həyata keçirilib. Əlbəttə, 6 baş nazirin müavininə ehtiyac yoxdur. Müəyyən nazirliklər, komitələr birləşdirilməlidir. 10 milyonluq dövlət üçün belə bir hökumət strukturu çox böyükdür,  şişirdilib. Yəqin ki, islahatları aparan şəxslərin, bu sahələrə baxacaq vitse-prezidentin də təklifləri olacaq və islahatlara gediləcək. Azərbaycanda struktur dəyişikliyinə getmədən bu islahatları aparmaq mümkün deyil. Ən ciddi məsələlərdən biri də kadr islahatıdır. Özü də burada yaşa baxmaq lazım deyil. Əgər kadr yaşından asılı olmayaraq, ölkənin inkişafı üçün əlindən gələni edirsə, ağıllı islahat aparırsa, onu vəzifəsində saxlamaq lazımdır. Yox, elə biz cavan kadrları gətirib ölkəni pis vəziyyətə salacağıqsa, bu, qəbuledilməzdir. O insanlar vəzifəyə gəlməlidir ki, Azərbaycanın iqtisadiyyatını, siyasi səhnəsini yaxşı bilsinlər, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək imkanlarına malik olsunlar.

Vaxtı ötmüş kreditlərin məbləği 1,5 milyard manatı keçib, bu barədə fikirləşmək lazımdır”

- Bank sektorunda vəziyyət getdikcə ağırlaşır, sonuncu “Bank-Standart”ın lisenziyası ləğv edildi. Bu günlərdə deputat İlham Əliyev bank sektorundakı duruma və maliyyə bazarındakı böhrana görə Mərkəzi Bankın məsuliyyət daşıdığını deyib. Siz indiki vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Mən bir neçə dəfə demişəm, yenə deyirəm, Azərbaycanda bank sistemində ciddi islahatlar həyata keçirilməsə, bizim vəziyyətimiz yaxşı olmayacaq. Dövlət başçısı da tapşırıq verib ki, bank sistemində islahatlara gedilsin. Maliyyə Bazarlarına Nəzarət Palatası niyə yaradılıb? O yaradılıb ki, ölkənin bank sistemi sağlamlaşdırılsın, burada ciddi islahatlara şərait yaradılsın. Mən millət vəkili olaraq heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışam, indi də tərəfdarı deyiləm. Çünki istənilən bağlanan bankda problemlər yaranır. İndi “Bank-Standart”ı bağladılar, orda 560 milyon manata yaxın əmanət var. Dedilər ki, onun 460 milyon manatı qorunandır, qalanı qorunan deyil. Bəs, qorunmayan əmanətlərə görə kim cavab verəcək? Yəni bankların təmərküzləşməsi prosesini həyata keçirmək lazımdır. Onları birləşdirib 15-20 bank yaratmaq lazımdır. Dedilər ki, istəmirlər və s. Hər kəs bilir ki, banklar kimlərindir. Maliyyə Bazarlarına Nəzarət Palatası 8 aya yaxındır fəaliyyət göstərir, bankların bütün diaqnostikasını aparıb. Açığı, bu, çox böyük işdir. Amma bundan sonra atılan addımları görmürük.
- Siz həmkarınız Əli Məsimli ilə birgə hökumətə konkret təkliflər vermisiniz və artıq 4 ay keçib.  Nə reaksiya var?
- Bəli, 14 səhifədən ibarət təklif vermişik ki, bank sektorunun sağlamlaşdırılması, o cümlədən dollar kreditləri ilə bağlı. O təkliflərə Maliyyə Bazarlarına Nəzarət Palatasında da baxılıb, Mərkəzi Bankda da, Prezidentin islahatlar üzrə köməkçisi də baxıb. Amma müsbət qərarlar yoxdur. Mənə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri məktub göndərib. Faktiki olaraq o, prezidentin köməkçisi Natiq Əmirova verdiyi cavabı mənə göndərib. Açığını sizə deyim, burdakı fikirlər çox dağınıqdır. Fakt bundan ibarətdir ki, bunlar nə banklara, nə insanlara kömək etmək istəmirlər. Vaxtı keçmiş kreditlərin miqdarı 1,5 milyard manatı keçib, bu barədə fikirləşmək lsazımdır. Eləsi var ki, kreditini qaytara bilməyəcək. İnsanları məhkəməyə verməklə, qorxutmaqla onlar vəsaitmi tapacaqlar? Biz adamların vəziyyətini bilirik axı. Cənab prezidentə düzgün məlumat vermək lazımdır ki, əhalinin vəziyyəti, banklarda durum nə yerdədir. Bu gün banklar heç kimə kredit vermir. Mərkəzi Bank da öz faizini 15-ə qaldırıb. Əgər bank Mərkəzi Bankdan 15 faizə kredit götürürsə, o, krediti neçə faizlə verməlidir? Bunlar istəyir ki, ölkədə pul kütləsi az olsun və manatı qoruyub-saxlasınlar. Amma bank sistemini sağlamlaşdırmaq üçün əhali ilə bərabər, bankların özünə də kömək etmək lazımdır. Açığı, əhalini bu vəziyyətə salan banklar olub. 30-35 faizlə kreditlər veriblər. Amma indiki vəziyyət tələb edir ki, banklara da yardım edək ki, insanlarla işləsinlər.
- Vahid bəy, siz müstəqilliyimizə səs verən millət vəkillərindənsiniz. İki həftə sonra dövlət mütəqilliyimizin bərpasının 25 ili tamam olacaq. Üstündən illər keçib, amma yenə də Azərbaycana yönəlik təhlükələr müzakirə mövzusudur. Bu ərəfədə təhlükəsizliyimizi təhdid edən bir hadisənin şahidi olduq. Rusiya “İsgəndər” raket kompleksini işğalçı Ermənistana verdi. Siz baş verənləri necə şərh edərdiniz? Şimaldan Azərbaycanın müstəqilliyinə ciddi təhlükə varmı?
- Bəli, 18 oktyabrda biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik, Konstitusiya Aktının qəbul olunduğu gündür. Mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Əgər ötən əsrin əvvəlində Azərbaycan cəmi 23 ay müstəqil dövlət kimi yaşaya bildisə, artıq 25 ildir müstəqilik. Bu siyasət davam edərsə, Azərbaycan müstəqilliyinin 50, 100 illiyini də qeyd edə bilər. Bu 25 ildə Azərbaycana çox böyük təhdidlər olub, dövlət çevrilişi cəhdləri edilib, Azərbaycanı istəməyən qüvvələr buna daha çox çalışıb. Çox təəssüf ki, mətbuat bir məqama ciddi fikir vermədi. Azərbaycanın dövlət başçısı referendumla bağlı öz iradəsini ortaya qoyandan sonra, Rusiya məhz bu ərəfədə Ermənistana “İsgəndər” tipli raketlərin verilməsi haqqında qərar verdi. Bu, adi bir qərar deyildi. Bu qərar birbaşa Azərbaycanı təhdid etmək və onu qorxutmaq üçün atılan addımlardan biridir. Cənab prezident də faktiki olaraq Bakı Humanitar Forumda Azərbaycana təhdidlərin, təhlükələrin həddən artıq çox olduğuna işarə vurdu. Azərbaycanın dövlət başçısının yürütdüyü müstəqil siyasət çox dövlətlərin xoşuna gəlmir, Azərbaycanda öz hökmranlığını bərpa etmək istəyirlər. Amma biz Milli Məclisin iclasında Avropa Parlamenti ilə bağlı, təzədən bu təşkilatla işləməklə əlaqədar mühüm bir qərar qəbul etdik. Bu, Azərabaycan üçün çox əhəmiyyətli bir qərardır. Söhbət Azərbaycanın Avropa və ya Rusiyanın boyunduruğu altına girməsindən getmir. Söhbət siyasi münasibətlərin yüksək səviyyədə qurulmasından gedir. 
Biz müstəqillik dövründə bir sıra layihələr həyata keçirmişik. Azərbaycanda iki layihəyə mən çox böyük əhəmiyyət verirəm: birincisi, Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”dir, ikincisi isə, 30 sentyabrda Milli Məclisdə təsdiq etdiyimiz TANAP-TAP qaz layihəsi. Hansı ki, cənab İlham Əliyevin şəxsən iradəsi nəticəsində bu müqavilə imzalandı. 
Bu layihə həm Azərbaycan qazının, həm də ola bilər gələcəkdə Türkmənistan, İran qazının Avropaya çıxması üçün çox böyük əhəmiyyət kəsb edir. Mən bilirəm ki, bu layihələrin həyata keçirilməsində nə qədər əziyyətlər olub. Dövlət başçısına nə qədər təzyiqlər oldu ki, bu layihə reallaşmasın. Hətta bu yaxınlarda Türkiyə və Rusiya arasında münasibətlər yumşalanda yenə də bu layihəyə müəyyən əngəllər törətmək, öz qazını ixrac etmək üçün Rusiya “Türk axını” layihəsinə üstünlük  verdiyini nümayiş etdirdi. 
Yəni təzyiqlər həmişə olub, indi daha da şiddətlənib və biz özümüzü bunlardan qorumalıyıq. Ümumiyyətlə, bu kimi mühüm layihələr Azərbaycanın müstəqilliyinin qarantıdır. Eyni zamanda ölkədə vətəndaş həmrəyliyinin mövcud olması çox vacibdir. Düzdür, bəzi qüvvələr mitinqlər keçirdi və s. Amma mən bunu da adi qəbul edirəm, burada qeyri-adi bir şey yoxdur. Unutmaq olmaz ki, Azərbaycanda birlik olarsa, iqtidar və müxalifət arasında dialoq, normal münasibətlər davam etdirilərsə, bu, bizim dövlətimizin, xalqımızın və hökumətimizin faydasına olar.






Fikirlər