Fikrət Yusifov: “Bu qərarlar qeyri-neft sektorunun sürətli inkişafı yolunda mövcud olan bütün maneələrin aradan qaldırılmasını və azad sahibkarlığın sürətli inkişafının təmin edilməsini nəzərdə tutur”; Rafael Cəbrayılov: “İdarəçilikdə islahatların aparılması qaçılmazdır”
Azər Mehtiyev: “İslahatlar ilk növbədə iqtisadi sahələrdə olan inhisarçılığın, xüsusilə məmur inhisarçılığının aradan qaldırılmasına, rəqabət mühitinin yaradılmasına yönəlik olmalıdır”
“Azərbaycan iqtisadiyyatının şok terapiyaya ehtiyacı yoxdur. Belə addım adətən, hiperinfilyasiya baş verdikdə atılır. Bizim iqtisadiyyat isə dünyada baş verən iqtisadi və maliyyə təlatümləri fonunda bir qədər geriləsə də bu müvəqqəti bir haldır”.
Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumun ardınca geniş sahələri əhatə edən islahatlara start veriləcəyi bildirilirdi.
Ölkə prezidenti bundan əvvəl “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiq edib və prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərliyi ilə inkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi qrupunun yaradılması barədə sərəncam imzalayıb. Bir sıra ekspertlər tezliklə “Yol xəritəsi”nin ictimailəşdiriləcəyi və islahatlara başlanılacağını gözləyir.
F.Yusifov da təsdiqlədi ki, artıq ölkə iqtisadiyyatının yeni iqtisadi modellə inkişafını nəzərdə tutan yol xəritəsi hazırdır: “Buna qədər isə son bir ildə ölkədə real sektorun inkişafına yönəlik çox ciddi qərarlar qəbul edilib. Bu qərarlar qeyri-neft sektorunun sürətli inkişafı yolunda mövcud olan bütün maneələrin aradan qaldırılmasını və azad sahibkarlığın sürətli inkişafının təmin edilməsini nəzərdə tutur. Artıq bu qərarların pozitiv nəticələri hiss olunmaqdadır. Bir faktı nəzəriniz çatdırım: hökumət təkcə aqrar sektorda strateji məhsul olan pambığın istehsalını 3 il ərzində 10 dəfə artırmağı nəzərdə tutur. Baramaçılığın, tütünçülüyün və ölkəyə valyuta gətirə biləcək digər sahələrin də eyni sürətlə inkişaf etdirilməsi yolu seçilib. Bura tranzit yükdaşımalar və turizm sahəsindəki islahatları da əlavə etmək lazımdır. Ona görə də yaxın iki il ərzində biz iqtisadiyyatın neftdən asılılığı sahəsində əsaslı dönüşün şahidi ola biləcəyik”. F.Yusifov onu da qeyd etdi ki, prezident İşçi Qrupuna “Yol xəritəsi”ni hazırlamaq üçün oktyabra ayına qədər vaxt verilmişdi.
Burada xatırladaq ki, Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov yol xəritəsinin yekun müzakirəsinə həsr olunmuş iclasında da bəzi məqamlara aydınlıq gətirmişdi. Onun sözlərinə görə, milli iqtisadiyyatın strateji yol xəritəsi Azərbaycanın növbəti on il üçün iqtisadi strategiyasında əsas sənəd olacaq. N.Əmirov deyib ki, hazırda aşağıdakı sənədlərin hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir: “Bir il üçün nəzərdə tutulmuş ətraflı yol xəritəsi, 2016-2020-ci illər üçün strateji iqtisadi inkişaf və 2025-ci ilədək tədbirlər planı, uzunmüddətli baxış və 2025-ci ildən sonra məqsədli baxış. Yol xəritəsi istehsal və xidmətlər sahəsində 6 əsas sektoru, iki sosial sektoru və 3 infrastruktur sektoru əhatə edir”.
Maraqlıdır, iqtisadçılar ortaya qoyulacaq sənəddə konkret nələri görmək istəyir, islahatların aparılmasında öncə hansı addımların atılmasını zəruri sayır? Fikrət Yusifov: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin əsas müddəaları ilə müəyyən bir səviyyədə tanışam. Bu sənəd praktik olaraq ən qısa zaman kəsiyində ölkə iqtisadiyyatının real sektora transformasiya olunmasını nəzərdə tutur. Sənəddə bütövlükdə ölkə iqtisadiyyatının və iqtisadiyyatın əsasını təşkil edən qeyri-neft sektorunun inkişafını əhatə edən bütün məqamlar öz əksini tapıb. Bu sənəd dünya təcrübəsinə əsaslanaraq, yerli xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilib. Orada ölkə iqtisadiyyatının inkişafı ilə bağlı hər bir iqtisadçının gözləyə biləcəyi bütün məqamlara toxunulub”.
Bəzi ekspertlər islahatların yalnız iqtisadi deyil, siyasi və hüquqi sahələri də əhatə etməsini arzulayır. Milli Məclisin üzvü, deputat Rafael Cəbrayılov qəzetimizə dedi ki, islahatlara nə zaman start veriləcəyi və hansı sahələri əhatə edəcəyi müfəssəl məlumatı yoxdur: “Amma konstitusiyada olan hüquqi dəyişiklərin həyata keçirilməsi baxımindan idarəçilikdə islahatlarin aparilmasi qaçılmazdır”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev də islahatları zəruri sayır: “Ölkəyə gələn neft gəlirlərinin azalması ilə 2015-ci ildən Azərbaycan iqtisadiyyatının düşdüyü və hazırda davam etməkdə olan durumu islahatları qaçılmaz edir. Bir tərəfdən, buna görə əhalidə iqtisadi islahatlarla bağlı gözləntilər var. Digər tərəfdən, hələ bu ilin mart ayının 16-da prezident ”Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin hazırlanması ilə bağlı sərəncam imzalayıb ki, həmin sərəncama əsasən müvafiq strategiya sənədinin hazırlanmasına 6 ay müddət verilmişdi. Referendumla eyni vaxtda həmin müddət də başa çatır ki, islahat gözləntiləri həm də bununla bağlı ola bilər. Üçüncüsü, bu ilin əvvəlindən başlayaraq prezident iqtisadi proseslərin tənzimlənməsində dəyişiklikləri nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalayıb ki, bunlaırn icrası və nəticə verməsi üçün də islahatların aparılması tələb olunur. bir sözlə, ölkə iqtisadiyyatının inddiki durumu ölkədə ciddi şəkildə işlənilmiş və əsaslandırılmış islahatların aparılmasını zəruri edir. Hər-halda hökumət dairələrindən gələn məlumatlar da islahatların olacağını söyləməyə əsas verir".
Amma A.Mehtiyevin fikrincə, bu islahatların nə qədər əsaslı olacağını söyləmək çətindir: “Çünki son 6 ayda iqtisadi sferada qəbul edilmiş bir çox addımlar daha çox inzibati xarakterlidir və bunlar mövcud inhisar qruplarının mənafeyinə işləyir. İqtisadi islahatlar ilk növbədə iqtisadi sahələrdə olan inhisarçılığın, xüsusilə məmur inhisarçılığının aradan qaldırılmasına, rəqabət mühitinin yaradılmasına yönəlik olmalıdır. Bunun üçün məmur sahibkarlığının aradan qaldırılması və birdəfəlik qarşısının alınması üçün tədbirlər - məsələn, məmurların gəlir və əmlak bəyannamələrinin elan edilməsi və s. - həyata keçirilməlidir. sahibkarlıq mühiti yaxşılaşdırılmalıdır. Bu, heç də yalnız sahibkarlara vergi güzəştləri və ucuz kredit demək deyil, Əlverişli sahibkarlıq mühiti, ilk növbədə, mülkiyyət toxunulmazlığına zəmanət və mülkiyyət hüquqlarının qorunması, ədalətli və müstəqil - icra hakimiyyəti sistemindən asılı olmayan - məhkəmə sistemi deməkdir. Bu, qanunçuluğa əməl etmək və qanun qarşısında hər kəsin bərabərliyi deməkdir ki, hər kəsə ilkin bərabər şərtlər təmin edilsin. Bunlar olmayınca, dövlətin güzəştlərindən yalnız məmur sahibkarlar və onların şefliyi altında işləyənlər faydalanacaqlar. Eyni zamanda, ölkədə bank sisteminin böhrandan çıxarılması istiqamətində ciddi addımlara ehtiyac var”.