27.05.2014. - «Azercell»in «5 manat» fırıldağı
Ötən gün redaksiyamıza müraciət edən Cəlal Səfərov adlı Bakı sakini «Azercell» mobil operatoru ilə yaşadığı problemdən bəhs edib. Mediaya müraciət edən vətəndaş bildirir ki, bu yaxınlarda sözügedən şirkətin kampaniyası ilə tanış olub və 500 dəqiqə danışıq əldə etmək üçün 8770 nömrəsinə 500 rəqəmini yazaraq göndərib.
Şikayətçi deyir ki, həmin kampaniyaya əsasən 500 dəqiqə üçün şirkətin 5 manat çıxacağı qeyd olunu. «Mən də deyilən kimi etdim. Mesaj gəldi ki, 500 dəqiqə 24 saat ərzində balansıma yatırılacaq. Amma anındaca hesabımdan 5 manat çıxıldı. Doğrusu, təəccüb elədim və məsələni aydınlaşdırmaq üçün «Azercell»in operatorları ilə telefonla danışdım. Onlara izah etdim ki, hesabımdan çıxılan 5 manatın 500 dəqiqə ödənilmədən alınması qanusuzdur. Çünki şirkət həmin danışıq dəqiqələrini mənim hesabıma yatırmaya da bilər. Və ya hal hazırda mənim danışıq üçün həmin 5 manata ehtiyacım ola bilər. Amma şirkətin nümayəndəsi hər hansı bir köməklik göstərə bilməyəcəyini deyib, dəstəyi yerinə qoydu».
Cəlal Səfərov bildirir ki, «Azercell»in qeyd olunan kampaniyasının müddəti mayın 24-ü başa çatıb. «Yəni, mayın 25-dən etibarən 500 dəqiqə üçün müraciət edənlərin balansına bu danışıq müddəti yatırılmayacaq. Artıq ödəmənin üzərindən 2 gün keçib və mən hələ də 500 dəqiqəmi ala bilməmişəm. Bu «Azercell»in növbəti fırıldaqlarından biridir».