Banklar bizə necə KƏLƏK GƏLİR?

Banklar bizə necə KƏLƏK GƏLİR?

Şikayətçi: “Məzənnə lövhəsindəkı fırıldaqlarla bizi cəlb edirlər, amma...” 

Bir neçə gündür ki, vətəndaşların, xüsusən də iş adamlarının banklardan və valyutadəyişmə məntəqələrindən dollar ala bilməməsi medianın əsas müzakirə mövzusudur. Bəs görəsən, bu sahədə real vəziyyət necədir? Bankların dollar satmamasının səbəbi nədir?

Suallara cavab almaq üçün paytaxtdakı valyutadəyişmə məntəqələrinə və banklara baş çəkdik, müşahidə apardıq. Məlumdur ki, artıq paytaxtın mərkəzində əksər “Exchange”lərin fəaliyyəti bərpa olunub. Lakin bunun valyuta bazarındakı problemlərin həlli baxımından heç bir faydası yoxdur. Onların fəaliyyəti tam leqal şəkildə həyata keçirilmir. Hətta məntəqələrin önündəki məzənnə lövhələrində alış-satış məzənnəsi belə yazılmayıb. 

“Neftçilər” metro stansiyası ətrafında yerləşən valyutadəyişmə məntəqələrində müşahidə apardığımız müddətdə məntəqələrdə dollara tələbatın yüksək olduğunun şahidi olduq. Lakin dollar almağa gələnlər kor-peşman geri qayıdırdılar. Hətta hansı səbəbdən dolayı dollar satmadıqlarına görə valyutadəyişmə məntəqələrində çalışanlarla müştərilər arasında mübahisələr də yaşanırdı. Valyutadəyişmə məntəqəsində də çalışan şəxslə həmsöhbət olduq. Bildirdi ki, onlar fəaliyyətə başlasalar da, dolların satışı yox, yalnız alışı həyata keçirilir.(musavat)

Banklarda isə vəziyyət daha acınacaqlıdır. “Xalq bank,” “Ekspress” Bank kimi iri banklarda dollar satışı birmənalı olaraq dayandırılıb. Banklarda olduğumuz zaman onlarla insanın dollar almaq üçün müraciət etdiyinin şahidi olduq. Lakin hamı “yoxdur” sözünü eşidib, geri qayıdırdı.

Onu da qeyd edək ki, bankların bu formada fəaliyyət göstərməsi, dollar alıb-satmaması əhalinin banklardan narazılığını daha da artırıb. Hətta tez-tez müştərilərlə bank işçiləri arasında yaşanan mübahisələrin şahidi olurduq. 

Problemini danışan müştəri bildirdi ki, banklar həm hökuməti və həm də vətəndaşları aldadır: “Hansı banka gedirsən, tabloda alış-satış məzənnəsi göstərilib. İçəri daxil olan zaman isə ”dollar satmırıq" deyirlər. Bu nə deməkdir? Vətəndaşları niyə ələ salırlar? Niyə hökumət bu durumu nəzarətə götürmür? Əgər dollar satmırsansa, tablodakı satış məzənnəsini nə üçün sıfırlamırsan? Hökumət tərəfindən də banklara göstəriş verildi ki, dollar yığmayın. Təəssüf ki, bunlara xeyri olmadı. Görünür, bank sahiblərinin öhdəsindən gələ bilmirlər. Onlara şərait yaradılır ki, dollar yığsınlar altlarına..."

Bayırda valyuta məzənnələrini göstərən lövhəsi aktiv olan, lakin dollar satmayan banklardan bunun səbəblərini soruşduq. Bank əməkdaşları bildirdilər ki, satış olmasa belə, tablodakı məzənnənin olması zəruridir. Onlardan nə üçün bu yolla vətəndaşların aldadılmasını soruşduqda, sualımız cavabsız qaldı.

Əlavə edək ki, Azərbaycanda ən çox istifadə olunan xarici valyuta məhz dollardır. Həm idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları, həm xaricə getmək istəyən vətəndaşlar dollar almağa məcburdurlar. Bankların və “Exchange”lərin dollar satmaqdan imtina etməsi isə avtomatik olaraq qara bazarı formalaşdırır. Nəticədə banklar dolları qara bazarda daha baha satmağa nail olurlar. Ekspertlər də güman edir ki, dollar qıtlığının yaranmasının və bankların dollar satışından imtina etməsinin başlıca səbəbi budur. Təəssüf ki, bu duruma hökumət tərəfindən də müdaxilə olunmur. Bütün bu baş verənlər isə son nəticədə manatın dollar qarşısında dəyər itirməsi ilə nəticələnir.






Fikirlər