31.05.2014.- Cəbhə xəttində yol təmir edilir (VİDEO)
Cəhbə xəttində yerləşən Qapanlı kəndinin yolu bərpa olunur.
ANS TV-nin məlumatına görə, Tərtərin cəbhə xəttində yerləşən Qapanlı kəndinin əsas problemlərindən biri artıq öz həllini tapır. Son 20 ildə bir dəfə də olsun, təmir olunmayan və uzunluğu 6 km olan kənd yoluna indi asfalt örtüyü salınır.
Xatırladaq ki, Qapanlı-Seyidsulan yolu hələ sovetlər dövründə çəkilib. Qarabağ müharibəsi zamanı hərbi texnikanın hərəkəti nəticəsində yolun asfalt örtüyü tamamilə dağılıb. Nəticədə yolda iri çalalar əmələ gəlib. Qarşı tərəfin mövqelərindən aydın müşahidə edilən yolun bərbad olması kənd sakinlərinin işini daha da çətinləşdirib. Belə ki, 6 km yolu qət etmək üçün sakinlər bir saatdan artıq vaxt sərf etməli olurdular. Ekstremal vəziyyətlərdə isə əhali çıxılmaz vəziyyətdə qalırdı.
Kənd sakini Lətif Həmidovun sözlərinə görə, hər an yaralımız da, şəhid olanımız da olub: “Döyüşlər zamanı yaralıları rayon mərkəzinə aparmaq saatlarla vaxt tələb edirdi”.
Əsaslı təmir işlərinə bu ilin mart ayından başlanıb.
Yol İstismar İdarəsinin rəisi Əliqulu Bayramov deyir ki, yolun 3 km-lik hissəsi 2 aya yekunlaşacaq: “Yol tam şəkildə təmiri isə ümumilikdə 4 ay cəkəcək”.
Əliqulu Bayramov sonda onu da əlavə edib ki, əsas diqqət işin keyfiyyətinə yönəldilib. İşlər yekunlaşana qədər isə əhali yeni salınan alternativ torpaq yoldan istifadə edəcək.
"AzerTaym.az"