Beynəlxalq Bankda daha bir yeni TƏYİNAT

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində daha bir dəyişiklik baş verib. Bankın yeni formalaşan peşəkar idarəetmə komandasına Cəlal Orucov da qoşulub.

O, ABB-nin Baş texnologiya inzibatçısı vəzifəsinə təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərovun Modern.az-a verdiyi məlumata görə, bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Cəlal Orucov ABB-də elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib. Ölkəmizin ən böyük prosessinq mərkəzlərindən sayılan Milli Kart prosessinq mərkəzinin 2006-cı ildən icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə Unibankın Texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, səhmdarların yanvarın 10-da keçirilmiş növbədənkənar ümumi yığıncağında ABB-nin İdarə Heyətinin sədri də dəyişib. Bu vəzifəyə Xalid Əhədov təyin olunub. Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan ABB-nin yeni menecmentinin əsas hədəfləri xərclərin optimallaşdırılmasına, restrukturizasiya hesabına fəaliyyətin effektivliyinə nail olmaq, həmçinin ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaqdan ibarətdir. Artıq yeni rəhbərlik tərəfindən bu istiqamətdə intensiv addımlar atılmaqdadır.






Fikirlər