"Bos Şelf"-də dollar maxinasiyası - 3 min fəhlə etiraza HAZIRLAŞIR
“BOS ŞELF MMC”-nin işçiləri prezident İlham Əliyevə media vasitəsilə müraciət ediblər. AzerTaym.az-ın verdiyi məlumata görə, müraciətdə bildirilir ki, şirkət fəhlələri qul vəziyyətinə salaraq istismar edir: "Ölkədə baş verən bahalaşmaya və dolların məzənnəsinin artaraq manatı 100% üstələməsinə baxmayaraq, “BOS ŞELF MMC” əmək haqları verilərkən dolların kursunu 0,80% göstərərək fəhlələrin əmək haqqını yarı-yarıya mənimsəyr. Çox çətin və məsuliyyətli işləri görən fəhlələri elə bir vəziyyətə çatdırıblar ki, artıq etiraz aksiyası keçirməyə hazırlaşırıq. İxtiyar Axundov zavodda öz adamlarını yerləşdirməklə, qeyri-insani rəftarı ilə çaşqınlıq, əlaqədar dövlət qurumlarının fəaliyyətinə qarşı inamsızlıq yaradır. Zavodda üç min işçi çalışır. Üç min işçinin ümumi əmək haqqının yarısını hesablayanda İxtiyar Axundovun hər ay milyonlarla pul əldə etdiyini aşkar etmək mümkündür. Bildirdiyimiz faktlarla yanaşı, zavodda qohumbazlıq, yerlibazlıq və qruplaşma baş alıb gedir. Mükəmməl qaynaq vuran və iş bacaran işçilərə 300-400 manat verən Axundov öz qohumlarına və yerlilərinə daha yüksək əmək haqqı verir. Bu haqsızlığa etiraz edən işçilərsə işdən qovulur. Onu da xatırladırıq ki, İxtiyar Axundovun işdən çıxardığı Abbas adında bir iş yoldaşımız var idi. Abbas banka olan borcunu ödəyə bilmədiyinə görə ürək tutmasından dünyasını dəyişdi. Cənab Prezident, nə qədər ki, İxtiyar Axundov bizlərin axırına çıxmayıb, Sizdən onun haqqında tədbir görülməsi üçün göstəriş vermənizi xahiş edirik".
Şikayətçilər bildirirlər ki, şirkət tərəfindən işçilərə hər ay əmək haqqı ilə birlikdə hesablaşma vərəqi verilir. Ünvanlanan müraciətə əlavə olaraq həmin maaş vərəqinin fotokopyasını da təqdim edən müəlliflər dediklərini sübut etməyə çalışıblar.
Qeyd edək ki, müraciəti gunxeber.com saytı yayıb.