Bankların bağlanması 4200 nəfəri İŞSİZ QOYDU

"Hal-hazırda bank sektoru ən çətin dövrlərini yaşayır. Ötən dövr ərzində bir sıra bankların bağlanması nəticəsində 4200 bank işçisi iş yerini itirib".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda Amerika Ticarət Palatası" ("AmCham-Azerbaijan") və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.
 Onun sözlərinə görə, devalvasiya nəticəsində sahibkarların və əhalinin ödəniş qabiliyyəti zəifləyib: "Bu, bankların vəziyyətinə və onların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərib. Bu baxımdan bank üçün effektivliyin artırılması istiqamətində atılan hər bir addım önəmlidir".
 Sədr banklarda səyyar yoxlamalar zamanı bazar qiymətləri məsələsinə də toxunub: "Banklarda oxşar mal və xidmətlərə görə təqdim olunan bazar qiymətləri ilə bağlı daim Vergilər Nazirliyi əməkdaşları ilə problemlər yaranır. Çünki banklar tərəfindən müxtəlif  strategiyalar tətbiq olunur. Bununla bağlı təklifimiz ondan ibarətdir ki, kredit faizlərinə bazar qiyməti prinsipi ya ümumiyyətlə tətbiq olunmasın və yaxud tətbiq olunarkən eyni bankda olan kreditlər üzrə, yəni son 30 gündə verilən kreditlər üzrə bazar faizi anlayışı  tətbiq edilsin. Restrukturizasiya olunan kreditlərlə də bağlı təklifimiz oxşardır. Təklif edirik ki, restrukturizasiya olunan kreditlərlə bağlı bazar qiyməti ümumiyyətlə tətbiq olunmasın. Olunarsa, yalnız restrukturizasiya olunmuş kreditlər əsasında bazar qiymətinin müəyyən olunması və hesablanması həyata keçirilsin".
AzerTaym.az
 
 






Fikirlər