"Son zamanlar kənd təsərrüfatına olan diqqət daha yüksəkdir. Kənd təsərrüfatına diqqəti, birincisi, cənab prezident yüksək səviyyədə saxlayır. İkincisi, mütəmadi olaraq müşavirələr keçirilir, Prezident Administrasiyası bu işlə çox ciddi məşğuldur”.
AzerTaym.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı, baş nazirin sabiq birinci müavini Vahid Əhmədov musavat.com-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin qaldırdığı bütün məsələlər sərəncamlar və yardımlar verilməklə, vəsaitlər ayrılmaqla həll olunur. Belə bir vəziyyətdə bu sahədə heç bir problem olmamalıdır:
"Mən diqqət edirəm və görürəm ki, kənd təsərrüfatı məhsullarının ixracatı artıb. Ola bilsin ki, hansısa yerlərdə problemlər meydana çıxır. Məncə, bu, artıq yerli icra hakimiyyəti orqanlarının problemidir. Çünki ölkəyə kifayət qədər texnika alınıb gətirilib və gətirilməkdə də davam edir”.
Deputat qeyd edib ki, əksər rayonlarda texnika ilə əlaqədar mərkəzlər yaradılıb. Yerli icra hakimiyyəti orqanları işləri elə qurmalıdır ki, fermerlər problem yaşamasınlar. Taxılçılıq sahəsinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də diqqət böyükdür:
"Yerlərdə ortaya çıxan problemlər çox güman ki, rayon rəhbərliyinin fəaliyyətinin yetərli olmamasından qaynaqlanır. Xatırlayırsınızsa, bir müddət öncə cənab prezident müşavirələrin birində dedi ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə o rayona qoyulan investisiya ilə əlaqədar qiymət verəcəyəm”.
V.Əhmədovun sözlərinə görə, rayon icra hakimiyyəti orqanları başa düşməlidirlər ki, kənd təsərrüfatının inkişafı onların fəaliyyətindən çox asılıdır. Əgər hansısa məsələni öz gücləri hesabına həll edə bilmirlərsə, mərkəzə müraciət etməlidirlər:
"Mənim demək olar ki, əksər rayonların icra hakimiyyətləri ilə münasibətim var. İnkar etmək olmaz ki, yaxşı işləyən icra başçıları var. Elələri var ki, işə can yandırırlar, işlərini düzgün qura biliblər.
Məsələn, Sumqayıta Zakir Fərəcovu icra başçısı təyin etdikdən sonra bu şəhərin vəziyyəti müsbətə doğru çox ciddi şəkildə dəyişib. Digər bir sıra rayonlar da var ki, belə misallar gətirə bilərəm. Amma elə icra hakimiyyəti orqanları da var ki, rayonun inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, insanların yaşayışı ilə maraqlanmırlar. Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar. Belələri yanlış yol seçiblər. Birdəfəlik bilməlidirlər ki, rayonun inkişafına onlar sorumludurlar və ölkə rəhbəri onlardan hesab soracaq”.