BANKLARDA kredit növbəsi - canlanmanın ƏSL SƏBƏBİ...

Əkrəm Həsənov: “Bizim bank sistemində qazancın ən rahat yolu kredit verməkdir”

Son zamanlar bank sektorunda müəyyən canlanma müşahidə olunur. Bankların mərkəzi ofislərində və filiallarında müştəri sıxlığı gözə dəyir. Ekspertlər də vurğulayır ki, bank sistemində müəyyən canlanma yaşanır. Problemli kreditlər həllini tapmasa da, banklar kreditlər təklif edir. Bəs görəsən, bu irəliləyişləri bank sektorunun sağlamlaşması kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçıekspert Əkrəm Həsənov bildirdi ki, problemli bankların sağlamlaşması haqqında danışmaq tezdir: “Bank sektorunda qismən canlanma müşahidə olunur. Səbəbi isə odur ki, Mərkəzi Bankın uçot dərəcələrini aşağı salıb və bankların kreditləşməsini davam etdirir. AMB uçot dərəcələrini 15 faizdən 11 faizə endirdi. Hətta faiz 15 dərəcə olsa da, kredit vermirdi. Bankların artıq vəsaiti çox zaman elə Mərkəzi Banka qayıdırdı. Çünki AMB yüksək faizlə depozit hərracları keçirirdi və həmin pullar elə bu quruma qayıdırdı. Buna görə də dövriyyədə pul qıtlığı var idi. Pul qıtlığı hələ də yaşanır, bu problemin tam aradan qalxdığını demək olmaz. Ancaq müəyyən canlanma var, dövriyyədəki vəsait artır. Banklarda vəsait varsa, onlar onun müqabilində nə isə qazanmalıdırlar. Bizim bank sistemində isə qazancın ən rahat yolu kredit verməkdir. Bu səbəbdən banklar kredit həcmini az da olsa tədricən artırmağa başlayıblar. Təbii ki, bu, fundamental kreditlər demək deyil. Çünki hər bir halda bankların əsas problemi olan kapital problem və problemli kreditlər azalmayıb. Bu baxımdan bank sisteminin sağlamlaşdığını demək olmaz”.

Ekspertin sözlərinə görə, əgər dövlət tərəfindən ciddi dəstək olmazsa, bu il də bir neçə bankın bağlanması gözlənilir:“Hazırda bir neçə bank var ki, onların vəziyyəti yaxşı deyil. Bu banklar bağlana bilər. 2016-cı ilin dekabr ayında dövlət başçısı tərəfindən təsdiqlənmiş Maliyyə Bazarının İnkişafına dair Strateji Yol Xəritəsində görə, 2018-ci ildə bankların sağlamlaşdırılması prosesi bitməlidir. Yəni bağlanacaq banklar artıq bu il fəaliyyətini dayandırmalıdır. Qeyd etdiyimiz bankların əsas çətinliyi problemli kreditlərinin çox olmasıdır. Banklar məcbur qalıb həmin kreditlərin bəzən elə 100 faizi həcmində ehtiyatlar yaradıblar. Ehtiyat yaratdıqları üçün  də kapitalları çox aşağıdır. Bu nəinki qanunvericilikdəki bankların minimal məcmu kapitalına dair tələbi ödəmir, hətta bəzilərinin məcmu kapitalı mənfidir. Ancaq bu o demək deyil ki, bu bank bağlanmalıdır. Əgər bank həmin kreditləri qaytara biləcəksə, bu problem həll oluna bilər. Banklar müraciət edirlər ki, bizə 2-3 il zaman verin və tədricən həmin problemli kreditləri qaytaracağıq, vəziyyətimiz düzələcək”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Ə.Həsənov onu da vurğuladı ki, hazırda problemli bankların fəaliyyətindəki əsas çətinlik likvit vəsaitin olmamasıdır:“Ancaq bankların işləməsi üçün likvit vəsait lazımdır, bu vəsait isə onlarda yoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu mənada sisteminə çox ağır zərbə vurub. MBNP ya bu bankları bağlamalıdır, ya  onlara imkan verməlidir ki, Mərkəzi Bankdan kredit götürüb fəaliyyətlərini davam etdirsinlər. Mərkəzi Bank banklara pulu yalnız Palatanın müsbət rəyi əsasında verə bilər. Palata isə məsuliyyəti üzərinə götürmək istəmir. Kredit ala bilmədikləri üçün bu bankların pulu yoxdur. Onlar gözləyirlər ki, nə zaman verdikləri kreditlər qayıdacaq. Bəzi banklar son 1 ildə xeyli problemli kreditləri qaytarmağa nail olublar. Ancaq Palata nəinki banklara kredit almaq üçün müsbət rəy vermir, hətta onların bir hissəsinə sanksiya qoyub, fəaliyyətlərini məhdudlaşdırıb. Xüsusən də sığortalanmış əmanət qəbul etməyi qadağan edib. Düzdür, banklar bu barədə ictimaiyyətə məlumat verə bilmirlər. Çünki belə olan halda mövcud əmanətçilər də vəsaitlərini geri çəkəcəklər, yəni bu, panikaya səbəb ola bilər. Palata bankları sağlamlaşdırmaq əvəzinə onları daha da çətin vəziyyətə salıb. Bəs banklar necə fəaliyyət göstərsin?

Mərkəzi Bank kredit vermir, əhalidən əmanət qəbul etmək qadağan edilib. Bəs nə etsinlər, pulu haradan tapsınlar? Həqiqi sağlamlaşdırma üçün MBNP heç bir tədbir görmür.

Bankların birləşməsi məsələsinə də toxunan Əkrəm Həsənov bunun o qədər də sadə proses olmadığını dedi:“Birləşməyə ehtiyacı olan, çətin vəziyyətdə qalan bir neçə bank var ki, onların adını çəkmək doğru olmazdı. Çünki bu, panikaya səbəb  ola bilər. Bu bankların da eləsi var ki, artıq bağlanmalıdır, eləsi də var ki, tədricən yaxşıya doğru gedir. Əgər iki bank birləşmək istəyirsə, onlar müzakirə edir , problemlərinin həllini hesablayırlar. Qərara gəlirlər ki, bunları 2-3 ilə həll edə bilərlər.  Birləşməkdə isə məqsəd odur ki, bəzi xərcləri azalsın, filialların sayı, eyni vəzifədə çalışanların sayı azalsın. Ancaq birləşmək üçün də vəsait lazımdır, kredit lazımdır. Mərkəzi Bank gərək o banklara kömək etsin, kredit versin ki, vəziyyətdən çıxa bilsinlər. İki problemli bankın texniki cəhətdən birləşməsi ilə problemlər həll olunmur. Banklar birləşəndə gərək dövlətin müvafiq qurumları da onlara kömək etsin. MBNP isə banklara tapşırıq verib ki, gedin əlavə vəsait tapın. Ancaq nə əmanət yatıran yoxdur, nə səhmlərini alan yoxdur. Bu baxımdan vəsait tapmaq mümkün deyil. Banklar birləşmək istəyəndə də vəsait baxımından çətinlik çəkirlər”.






Fikirlər