EKSPERT “Maliyyə Monitorinqi Xidməti ”BOMBA"nı TAPMALIDIR" dedi

Əkrəm Həsənov: “Niyə ölkədə bir nəfər də olsun çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb edilməyib?”

Prezident İlham Əliyevin Maliyyə Monitorinqi Xidmətinin müstəqil qurum kimi yaradılması haqqında fərman imzalaması ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)  faktiki olaraq bu sahə ilə bağlı funksiyalarını itirmiş oldu.

Müstəqil elan edilən Maliyyə Monitorinqi Xidməti  prezidentin fərmanı ilə 2009-cu ildə Mərkəzi Bankın nəzdində yaradılmışdı. 2016-cı ilin fevralından isə onun tabeliyi dəyişdirilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına keçirilmişdi. Gözlənilirdi ki, Rüfət Aslanlının nəzarətində qurumun işi daha da təkmilləşəcək, fəaliyyətində dəyişikliklər baş verəcək. Lakin bunların heç biri baş vermədi.

Son zamanlar MBNP-nin  fəaliyyətindən çox, onun rəhbəri Rüfət Aslanlı ekspertlər tərəfindən kəskin tənqidə məruz qalırdı.

“Yeni Müsavat”a danışan ekspert Əkrəm Həsənov bildirib ki, Maliyyə Monitorinqi Xidməti illərdir ki, öz işinin öhdəsindən gəlmir: “Bu xidmət Azərbaycanda artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir, amma ölkədə bir nəfər də olsun çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb edilibmi? Xeyr. Halbuki  dünyanın ən inkişaf etmiş ölkələrində belə çirkli pulların yuyulmasına görə hər il neçə nəfər məsuliyyətə cəlb olunur. Belə çıxır ki, bizdə çirkli pullar yuyulmur və korrupsiya da yoxdur. Bütün aparıcı ölkələrdə Maliyyə Monitorinqi Xidməti müstəqil qurumdur. Dəfələrlə bu barədə çıxış edərək demişəm ki, xidmət heç bir qurumun nəzdində olmalı deyil. Bu baxımdan hesab edirəm ki, Maliyyə Monitorinqi Xidmətinin müstəqil qurum olması daha çox beynəlxalq qurumların tələbi idi. Çünki bilirik ki, Azərbaycan çirkli pulların yuyulması ilə bağlı bir sıra beynəlxalq sazişlərin və müqavilələrin iştirakçısıdır. Onların da əsas tələblərindən biri budur ki, Maliyyə Monitorinqi Xidməti müstəqil olmalıdır.  Yəni hesab edirəm ki, bu, birbaşa Rüfət Aslanlı və ya digəri ilə bağlı deyil. Düzdür ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının işindən hər kəs narazıdır. Amma söhbət maliyyə monitorinqindən yox, bank və sığorta sahəsindən gedir. Rüfət Aslanlı bir ilə yaxındır ki, Palatanın rəhbəri deyil. Ötən ilin iyun ayında Palatanın nizamnaməsinə dəyişiklik oldu və  Rüfət Aslanlının sədri olduğu Direktorlar Şurasının səlahiyyətləri xeyli azaldıldı. Əsas işlər palatanın baş icraçı direktoruna keçdi. O isə Rüfət Aslanlı deyil, İbrahim Alışovdur”.

Ekspert bildirib ki, İbrahim Alışovun bank təcrübəsi və biliyi aşağıdır: “İdarəetmə qabiliyyəti də aşağıdır ki, işin öhdəsindən gələ bilmir. Yəni Rüfət Aslanlının da xeyli pis cəhətləri var. Ancaq heç olmasa o, pis-yaxşı peşəkardır və sahəni bilən adamdır. Son bir ildə, yəni Alışovun Palatanı idarə etdiyi dövrdə orada işlər xeyli dərəcədə pisləşib. Müstəqil qurum kimi fəaliyyətə başlayan Maliyyə Monitorinqi Xidmətindən nələrsə gözləmək olar. İlk olaraq onu gözləmək olar ki, nəhayət, Azərbaycanda çirkli pulları yuyulması ilə bağlı faktlar ortaya çıxacaq. Çirkli pulların yuyulması odur ki, hər il ölkədən xeyli məbləğdə pul çıxır. Rüşvətxorlar pulu qazanıb, müxtəlif adlarla xaricə köçürürlər. Monitorinq buna qarşı mübarizə aparmalı idi ki, bu vaxta qədər aparmayıb. Ümid edirəm ki, müstəqil qurum olandan sonra bu işin öhdəsindən gələcək. Ancaq əlbəttə ki, burada iki mühüm amil var. İlk olaraq budur ki, xidmətə kim rəhbərlik edəcək. Yəni həmin adamın da bilik, savad və iradəsindən çox şey asılıdır. Əgər ora da İbrahim Alışov kimisi təyin olunsa, o zaman bu qurumdan heç nə gözləmirəm. Ancaq bu sahədən böyük gözləntilər var. Ümumiyyətlə, dövlət aparatındakı islahatlardan gözləntilər çoxdur. Ümid edirəm ki, mühüm addımlar atılacaq. Biz görəcəyik ki, axır ki, Azərbaycanda kimisə çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb etdilər. Sonda onu da deyim ki, Əbdürrəhim Bəy Haqverdiyevin ”Bomba" əsərində Kərbəlayi Zal oturub danışır ki, pristav məni yanına çağırıb bildirir ki, hamı gedir bomba tapır,  sən isə heç nə tapmırsan. Sən ya sən rüşvət alırsan, ya da qocalıb zay olmusan. Maliyyə Monitorinqi Xidməti yeganə dövlət qurumudur ki, digərlərindən fərqli olaraq, hələ ki “bomba”nı  tapmayıb".






Fikirlər