“Valyuta ehtiyatımız sıfırlanacaq!” - QUBAD İBADOĞLU HƏYƏCAN TƏBİLİ ÇALDI
“Bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən ayın yarısında valyuta birjasının və bankların fəaliyyət göstərməməsinə baxmayaraq, kəskin devalvasiyadan sonrakı ayda Mərkəzi Bank tərəfindən valyuta bazarına 600 milyon dollarlıq müdaxilə heç də yaxşı perspektiv vəd etmir.”
Meydan.tv-nin məlumatına görə, bu barədə iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb.
İqtisadçı hesab edir ki, hazırda valyuta bazarında və pul kütləsinin tənzimlənməsində yaranmış situasiya Mərkəzi Bankdan daha operativ və çevik qərarlar qəbul etməyi, strategiyasına və pul-kredit siyasətinə yenidən baxmağı tələb edir. “Əks tədqirdə, xüsusilə də dollara olan ajiotajlı tələbdən doğan psixoloji təzyiqin artması və neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan iqtisadi təzyiq vasitələrinin getdikcə aktivləşməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına və sıfırlanmasına gətirib çıxara bilər. Çünki bu şəraitdə və indiki şərtlər daxilində hətta ucuz məzənnənin də sabit saxlanması həmişə bazara fasiləsiz valyuta müdaxiləsini zəruri edəcək.”