Bir neçə il öncə dünya bazarında neftin qiyməti düşəndən sonra öncə milli valyutamız devalvasiyaya uğradı, onun ardınca ölkəmizdə iqtisadi böhran başladı. Hökumət bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirməyə çalışsa da, real nəticə olmadı.
Müəyyən müddət sonra ikinci devalvasiya baş verdi və böhran daha da dərinləşdi.
Artıq son bir neçə ildə hökumətin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində böhranın dərinləşməsinin qarşısı alınsa da, mövcud problemlərin həlli mümkün olmayıb.
Belə ki, hələ də ölkə idxaldan asılıdır, inflyasiya ikirəqəmlidir, həyata keçirilən gömrük, vergi islahatları vətəndaşın zərərinədir, əhalinin rifah halının yaxşılaşması, daxili istehsalın artması, milli valyutanın möhkəmlənməsi istiqamətdə nəzərəçarpacaq müsbət dəyişiklik yoxdur.
Mia.az xəbər verir ki, neftin qiyməti bir neçə il öncə ilə müqayisədə artsa da, bu artımın vətəndaşların həyatına ciddi təsiri diqqət cəlb eləmir. Əməkhaqqı, pensiya və müavinətlərin 6-7 faizlik artımı da inflyasiyasnın qarşılığında cüzidir. Amma bunlara baxmayaraq, hökumət təmsilçiləri iqtisadi inkişafdan və nailiyyətlərdən danışırlar.
Hökumətin "pripiska” siyasəti
Real Partiyasının icra ktibi, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, böhran başlayanda hökumət problemləri etiraf etsə də, vəziyyətdən çıxış üçün real addımlar atılmayıb:
"Yadınızdadırsa 2014-ci ildən başlayaraq hökumət iqtisadiyyatda bəzi problemlərin olduğunu etiraf etməyə başladı, 2015-ci ildə "böhran” sözünü işlətdilər, elə həmin ildən başlayaraq ölkədə "islahatlarla” bağlı onlarla müşavirə, konfrans keçirdilər, "Yol xəritələri” hazırladılar, camaata "nefti unudun”,- dedilər, aqrar sahənin inkişafı ilə bağlı saatlarla danışdılar, "biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik”, - bəyanatından zallarda sütünlar silkələndi, Kənd təsərrüfatı naziri quzunu qucağına aldı, yerli icra başçıları özlərini yenidən 1-ci katib kimi hiss edib, əkin-biçin işinə qarışmağa başladılar ki, büdcədən ayrılan puldan onlara da pay düşsün. Xülasə, son 4 ildə israrla ölkənin aqrar potensialının artdığını deyib, büdcədən bu sahəyə ayrılan vəsaitləri həzm etməklə məşğul idilər”.
Rəsmi məlumata istinad edən N. Cəfərli bildirib ki, 2018-ci ilin 8 ayı ərzində Azərbaycana 874 milyon 144 min dollarlıq yeyinti məhsulları idxal olunub. Onun qənaətincə, bu dəyər, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur: "Sözün qısası, indiki idarəetmə sistemi qaldıqca atılan addımlar heç bir nəticə verməyəcək. Hökumət hələ də insanın marağını deyil, özünü idarə etməyə çalışır, başqa dünya görüşü onlara yaddır. İnsanı idarə etməyə çalışan hökumətin məqsədi nəzarətdir, düşünürlər ki, insanı idarə etməklə nəzarət mexanizmlərini işə salırlar. Qalstuklular dəstəsi anlamır ki, maraqların idarə ediləsi daha effektiv, daha verimli, daha mütərəqqi yanaşmadır. Həmin dəstə ölkənin çox böyük potensialının qarşısında ən böyük əngəldir. Bizim insan hökumətdən heç nə ummur, sadəcə, hökumətin mane olmamağını arzulayır. Vətəndaşlarımıza mane olmasalar özləri də əla dolanar, ölkəni də inkişaf etdirərlər”.
Neft hasilatı azalır, böhran qapıda
Nəzərə çatdıraq ki, son bir ildə neftin qiyməti bahalaşıb. Azərbaycanda avqust ayı ərzində gündəlik hasilat 716 min barrel xam neft, 58 min barrel kondensat təşkil edib. Gündəlik 641 min barrel xam neft, 58 min barrel kondensat ixrac olunub. Gündəlik neft hasilatı bu ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında isə 773 min barrel olub.
N. Cəfərlinin sözlərinə görə, rəsmi rəqəmlərdən də görünür ki, taleyi neft borusundan sallanan məmləkətdə hasilat azalır. Bu tendensiya gələn il də davam edəcək, 2020-ci ildən isə hasilat ən yaxşı halda günlük 600-650 min barrel arası sabitləşəcək: "Ölkənin daxili təlabatı günlük 70-75 min barreldir, deməli, yaxın zamanda ixracat 600 min barreldən aşağı düşəcək. Hasilat düşdükcə hər barrelin maya dəyəri də artır, xalis gəlir marjı daralır.
Dünya neft bazarında da maraqlı vəziyyət yaranıb, uzun zaman sonra brent və WTI markalı neftin qiymətləri arasında spred xeyli açılıb - bu gün qiymət fərqi 10 dolları keçib (təqribən 15% fərq var). Neft bazarının bir neçə illik texniki analizi onu deməyə imkan verir ki, qiymət fərqi 10 faizi keçəndə qiymətlərdə aşağıya doğru ciddi korreksiya olur, yəni qiymət düşür. Əgər yaxın aylarda qiymət ensə, paralel olaraq bizdə hasilat da azalsa, bu zaman ölkədə növbəti, daha güclü böhran dalğası olacaq”.
Turizmdən gələn pulları kim görür?
Son dövrlər hökumət rəsmiləri Azərbaycanda turizmin inkişafından və bu sektordan gələn gəlirlərin də artdığından danışırlar. Bəs bu sahədə vəziyyət necədir?
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 milyon 655 min turist gəlib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı 3 dəfə, Bəhreyn 2,7 dəfə, Qətər 2,1 dəfə, İraq 25,1, Oman vətəndaşlarının sayı 16,5 faiz artıb. Yəni, ölkəyə gələn hər 5 nəfərdən biri bu ölkələrdən olub.
2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 2 milyon 515 min nəfər olub.
Ekspert qeyd edib ki, ölkə turizmi birtərəfli artır, ancaq ərəb ölkələri hədəf götürülüb, bu isə dayanıqlı deyil. Onun fikrincə, ölkəyə gələn turist sayı hələ çox azdı, Azərbaycanın turizmdən ciddi qazanması üçün ölkəyə hər il azı 9-10 mln. turist gəlməlidir: "Amma nə ölkə infrastrukturu, nə də ictimai rəy buna hazır deyil.
İkincisi, ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən ciddi şəkildə çoxdur. Deməli, ölkəyə turizmlə gələn puldan daha çox vəsait ölkədən bizim turistlə (əslində daha çox sərhədyanı ticarət "turizmi" ilə) çıxır.
Üçüncüsü, turizm ölkədə hələ ki, multiplikativ effekt yaratmır. Yəni ən çox qazanan 1-2 holdinqə, şəxslərə bağlı otellər, ticarət mərkəzləri, restoranlar şəbəkələridir. Deməli, hələ ki, turistin pulunun "dadını" sadə vətəndaş - kiçik sahibkar bilmir deyə, turistə qarşı da aqressivdir. İctimai rəyin dəyişməsi kiçik və orta sahibkarların, minlərlə vətəndaşın turist pulunu görüb, hiss edib-etməməsindən asılı olacaq”.
Manata təzyiqlər artır
Azərbaycanda böhran başlayandan sonra ən çox zərbə bank-maliyyə sektoruna dəyib. Hökumət etiraf etməsə də, bu sektorda yaranmış böhran hələ də davam edir. Xüsusən də milli valyutamız - manatla bağlı narahatlıq davam edir.
N. Cəfərli qeyd edib ki, manatın və ölkə iqtisadiyyatının taleyi sırf neftdən asılıdır və bu fakt artıq heç kimdə şübhə doğurmur. Manatın məzənnəsi əmrlə, inzibati qaydada təyin edilir - bu fakt da artıq mübahisə yaratmır:
"Manata yan təsirlər də kifayət qədər artıb.
Birincisi, İranda real dəyərdən düşüb dollar qıtlığı yaranıb. Qonşu ölkədə məmnuniyyətlə bizim manatı qəbul edirlər, camaat manatla İrandan mal alır, sonra həmin manat inzibati yolla sabit tutulan məzənnə faktoruna görə ölkəyə gəlib, dollar olub, yenidən İrana qayıdır.
İkincisi, Türkiyədə lirə çox ucuzlaşıb. Deməli, türk lirəsi ilə satılan mallar -əgər qardaş ölkəyə dollar aparırsansa - çox cəlbedici qiymətə düşüb. Son günlər Azərbaycandan xeyli valyuta müxtəlif yollarla Türkiyəyə aparılıb, lirəyə çevrilir, həmin lirə ilə daha çox mal alınıb ölkəyə gətirilir. Məktəb mövsümünü nəzərə alsaq, ölkədə adi qələm, corab, tuman istehsalının belə olmadığını düşünsək, indi Türkiyədən daha çox mal gətiriləcək, bu da ölkədən daha çox valyuta çıxması deməkdir.
Üçüncüsü, Rusiya rublu da 10 faizə yaxın ucuzlaşıb, sərhədyanı ərazilərdə rusiyalılar məmnuniyyətlə manatla yağ, ət, kolbasa, sosiska satırlar, çünki bu mallar bizdə manatla daha bahadır. Həmin manatlar isə yenidən ölkəyə gəlir, dollar olub, Rusiyaya qayıdır.
Gürcüstanda da lari ucuzlaşıb. Gürcülər yenidən həvəslə manat götürüb mal satırlar, eyni qaydada həmin manatlar da ölkəyə gəlib, dollar olur və Gürcüstana dönür - deməli, qonşularda baş verənlər manata artıq həm psixoloji, həm də iqtisadi təsir göstərir.
Deyə bilərsiniz ki, bizim şanlı gömrük işçiləri imkan verməz o qədər valyutanı ölkədən çıxarsınlar - cavabım fəlsəfi olacaq: Dünya yaranandan bəri heç bir dövlət iki məsələnin dövriyyəsini əngəlləyə bilməyib - İdeya və Pul (kapital). Ən qəddar total sovet nəzarəti dönəmində belə alverçilər "kapstran" malı, valyuta ilə məşğul olanlar isə dollar satırdılar və heç bir ağır cəzalar bunun qarşısını ala bilmirdi, ala da bilməzdi. Rüşvətlə hər şeyin həll olunduğu bizim məmləkətdə isə sərhədlər də, gömrük də valyuta çıxışına əngəl deyillər. Deməli, bir müddət sonra manatı ucuzlaşdırmaqdan başqa yol qalmayacaq”.
Mitinqlər, yoxsa sistemli mübarizə?
Maraqlı məqamlardan biri də odur ki, iqtisadi böhran başlayandan bəri cəmiyyətdə ciddi narazılıq yaransa da, total şəkildə etirazlar müşahidə edilmir. Hətta iqtisadi problemlərlə bağlı müxalifətin təşkil etdiyi mitinqlərdə də kütləvilik olmadı. O zaman cəmiyyətin mövcud olan duruma etirazı özünü hansı formada büruzə verməlidir?
ReAL yetkilisi deyir ki, Azərbaycanda uzun illərdir mitinqlər və etiraz aksiyaları ancaq say üzərindən dartışılır, tematik və mövzularla bağlı olmur deyə effektini itirib. Onun sözlərinə görə, uzun illərdir mitinqlər vasitə kimi deyil, məqsəd kimi görülür, halbuki böyük strateji hədəflərə çatmaq üçün mitinqlər vacib, amma yeganə vasitə deyil:
"Mitinqi məqsədə çevirəndə əhəmiyyəti itir, mövzusuzlaşır, ancaq hər hansı bir siyasi qrupun varolma səbəbi, vizit kartı kimi qəbul olunur. Məmləkətdə mövzu və maraq qruplarına bağlı etiraz mədəniyyəti formalaşmadan heç nə dəyişməyəcək. Siyasi, sosial, iqtisadi səbəblərlə etiraz etmək istəyən qruplara siyasi partiyaların həmən "sahiblənməsi" belə bir mədəniyyətin formalaşmasına ən böyük əngəllərdən biridir. Müxtəlif maraq qrupları kiçik bir təşəbbüs göstərən, müəyyən etiraz bildirən kimi siyasilər mövzuya qarışır, orqanik təşəbbüslərin qarşısını alan faktora çevrilirlər. Bu praktikaya son vermək, mövzulara bağlı etirazların orqanik təşkilatlanmasına mane olmamaq lazımdır. Siyasətçilər isə artıq mitinqi son məqsəd kimi görməkdən çəkinməli, məqsədə çatan vasitələrdən yalnız biri kimi düşünməlidirlər. Başqa komponentlər olmadan (toplumu inandırmaq, ümid vermək, önü görmək və cəmiyyətə gələcəyi aydın göstərmək) tək mitinqlə heç bir məqsədə (məqsəd sistem dəyişikliyidir) çatmaq mümkün deyil”.