SOCAR-ın 645 milyonluq borcu BAĞLANDI

“Maliyyə Nazirliyi ilə SOCAR arasında imzalanmış 645.451.026 manat məbləğində borc müqavilələri Nazirlər Kabinetinin 13 sentyabr 2018-ci il tarixli 626s nömrəli Sərəncamı ilə SOCAR-ın nizamnamə kapitalının dövlət büdcəsi tərəfindən artırılması yolu ilə bağlanıb”.

 Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın  qurumun dövlət büdcəsinə olan borcunun bağlaması ilə əlaqəli sorğusuna cavab olaraq bildirib.

 İ.Əhmədov deyib ki, həmin sərəncamda borcun silinməsindən deyil, nizamnamə kapitalının artırılmasına görə borcun bağlanmasından bəhs olunur:

“Belə ki, dövlət ümumiyyətlə SOCAR-ın nizamnamə kapitalını artırmaq məqsədi ilə şirkətə kapital qoyuluşlarını həyata keçirir. Digər tərəfdən isə SOCAR-ın da dövlət qarşısında maliyyə öhdəlikləri var. Yəni dövlət SOCAR-a kapital köçürməli, SOCAR da öz növbəsində dövlətə vəsait köçürməli olur. Dövlətdən şirkətə və əks istiqamətə uzun müddətli köçürmə proseslərinə və zamana qənaət etmək üçün, şirkətin öhdəlikləri dövlətin şirkətə köçürməli olduğu kapital qoyuluşu hesabına bağlandı. Sadə dildə desək, dövlət şirkətə köçürməli olduğu vəsaitin müvafiq hissəsini özündə saxlayaraq, SOCAR-ın dövlətə olan borcunu bağladı”.

 Rəis müavini SOCAR-ın dövlət büdcəsi qarşısında yaranmış bir sıra öhdəliklərinin bağlanması barədə qısa arayışa istinadən aşağıdakıları qeyd edib:

“Nazirlər Kabinetinin müvafiq sərəncamlarına uyğun olaraq, gələcəkdə (əsasən növbəti 10 ildə) SOCAR-ın nizamnamə kapitalının artırılması yolu ilə geri qaytarılması nəzərdə tutulmaqla, 2014-2018-ci illərdə müxtəlif dövlət proqramlarının icrasına (qazlaşdırma, H.Əliyev adına Neft Emalı Zavodunun və “Azərikimya” İstehsalat Birliyinin rekonstruksiyası və modernləşdirilməsi) Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) dövlət zəmanətli borc vəsaitləri ayırıb.

 “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Qanunun tətbiqi barədə” Prezidentin 27 dekabr 2016-cı il tarixli 1180 nömrəli Fərmanı ilə dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin və müəssisələrin dövlət zəmanəti ilə Mərkəzi Bankdan cəlb etdikləri kreditlərin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaiti, çatışmayan hissəsinin isə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa uyğun olaraq, Mərkəzi Bankın 2015-ci ilin nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına bağlanmasının təmin edilməsi və qeyd olunan kreditlər üzrə tələb hüquqlarının Maliyyə Nazirliyinə ötürülməsi nəzərdə tutulub”.

 SOCAR rəsmisinin sözlərinə görə, qeyd olunan Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin 10 yanvar 2017-ci il tarixli 1s nömrəli sərəncamına əsasən 547.451.026 manat məbləğində borc öhdəlikləri dövlət büdcəsinin vəsaiti hesabına bağlanıb:

“Bununla da Mərkəzi Bankın və Beynəlxalq Bankın SOCAR-a olan tələb hüquqları Maliyyə Nazirliyinin üzərinə keçib və Maliyyə Nazirliyi ilə SOCAR arasında müvafiq borc müqavilələri imzalanıb.
Eyni zamanda, SOCAR-ın Qazlaşdırma Layihəsi 2 üzrə 98 milyon manat məbləğində vəsaitin SOCAR tərəfindən sonradan istifadə olunmasını və bu vəsaitin dövlət zəmanəti ilə təmin olunduğunu nəzərə alaraq, Maliyyə Nazirliyi ilə SOCAR arasında müvafiq borc müqaviləsi imzalanıb.

 Ümumilikdə, Maliyyə Nazirliyi ilə SOCAR arasında imzalanmış 645.451.026 manat məbləğində borc müqavilələri Nazirlər Kabinetinin 13 sentyabr 2018-ci il tarixli 626s nömrəli Sərəncamı ilə SOCAR-ın nizamnamə kapitalının dövlət büdcəsi tərəfindən artırılması yolu ilə bağlanıb”.






Fikirlər