Eldar Qəribov "UniBank"ın səhmlərini Cəlal Qasımovdan aldı
Məlumata görə, bu il iyunun əvvəlində bankın Müşahidə Şurasının sədri Eldar Qəribov UniBank-ın 183 825 ədəd imtiyazlı səhmini 2,91 manata (nominal dəyəti 2,72 manat) alıb.
Qeyd etmək lazımdır ki, satış tərəfi haqda məlumat açıqlanmır. Lakin məlumdur ki, məhz bu sayda səhmi 2013-cü ilin sentyabrında UniBank-ın o zamankı icraçı direktoru Cəlal Qasımov alıb. Bu ilin mayında o, “Pasha Holding” MMC-nin bank qrupunun rəhbəri, həmçinin “Kapital Bank” ASC-nin (“Pasha Holding” qrupunun üzvü) Müşahidə Şurasının sədri təyin edilib.
Alqı-satqı haqqında əqd C.Qasımovun “Kapital Bank”-da vəzifəsinin icrasına başlanmasından sonra bağlanıb.
Qeyd edək ki, bu əqddən öncə E.Qəribov UniBank-da 68,34% adi və imtiyazlı səhmə sahib olub.
UniBank-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) -15,15%, Almaniya İnvestisiya Korporasyası (DEG) - 8,33%, həmçinin yerli və xarici fiziki və hüquqi şəxslərdir.
Dövriyyədə 20 796 000 ədəd sadə və 5 147 100 ədəd imtiyazlı səhm var. Bankın ödənilmiş nizamnamə kapitalı 70,5 mln. manatdır ("Turan").