BANKLAR FAİZ məsələsində Mərkəzi Bankı SAYMIR, YOXSA...
Gələn ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirələri zamanı ölkə əhalisini ciddi şəkildə narahat edən bir məsələ gündəmə gətirilib. Belə ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə müzakirələr zamanı bildirib ki, bankların təklif etdiyi kreditlərin illik faiz dərəcələri yüksəkdir. Komitə sədri qeyd edib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var və onlardan biri də bizdədir: “Amma yığışıb bir qərara gəlməli, faiz dərəcələrini azaltmağa getməliyik”. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti bu ilin fevralından bəri uçot dərəcəsinin endirilməsi barədə 3 dəfə qərar qəbul edib. Fevral, aprel və oktyabr aylarında qəbul edilmiş qərarlarla uçot dərəcəsi 15 faizdən 9,75 faizə endirilib, faiz dəhlizinin yuxarı və aşağı həddi +/-2 faiz səviyyəsində müəyyən edilib. Lakin bu dəyişikliklərin ölkədə mövcud kredit faizlərinə heç bir təsiri olmayıb. Hazırda ölkə banklarının təklif etdiyi kreditlərin ən ucuzunun faizi 19-dan başlayır. Halbuki bütün dünyada mərkəzi bankların müəyyən etdiyi uçot dərəcələrindəki cüzi dəyişikliklər belə dərhal kredit faizlərində əksini tapır. Azərbaycanda bu mexanizm niyə işləmir: banklar Mərkəzi Bankı saymırlar, yoxsa məsələnin kökündə ciddi və obyektiv amillər dayanır?
İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Mərkəzi Bankın uçot dərəcəsi Azərbaycanda heç vaxt bank faizlərinə təsir göstərməyib: “2008-2009-cu illərdə Mərkəzi Bankın uçot dərəcəsi birdən-birə 2 faizdən 15 faizə qaldırıldı. Amma hətta bu kəskin dəyişiklik belə bank faizlərinə hər hansı təsir göstərmədi”. Ekspertə görə, bank faizlərinin yüksək olmasının bir səbəbi kredit resurslarının bahalığıdır: “Bu resursların az qala yarısını depozitlər təşkil edir. Bu depozitlər isə manatla 12-15 faizlə cəlb olunur. Belə faizlə cəlb olunan vəsait aydın məsələdir ki, daha yüksək faizlə kreditə yönəldiləcək. İkinci bir səbəb budur ki, kredit resurslarının tərkibində mərkəzləşmiş kredit resursların payı çox cüzidir. Mərkəzi Bankın kredit resurslarına heç də bütün bankların əli çatmır. Əli çatanların kredit resurslarında isə bu vəsaitlərin payı azdır. Bütün bu problemlərin kökündə isə real sektordakı vəziyyət dayanır. Real sektordakı problemlər həllini tapmasa, bu vəziyyət davam edəcək. Bunun üçünsə kompleks tədbirlər həyata keçirilməlidir. Bu gün uçot dərəcələrinin yeganə təsiri Mərkəzi Bankın hərraclarına və notların faiz dərəcələrinədir. Qeyd etdiyimiz problemlər həll olunmayınca bu vəziyyət dəyişməyəcək”.
İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, Mərkəzi Bankın uçot dərəcəsinin bank faizlərinə təsirinin olması üçün mühüm tədbirlər həyata keçirilməlidir: “Milli Məclisdə bank kreditlərinin faiz dərəcələrinin yüksək olması ilə bağlı məsələ neçə ildir qaldırılır. Səbəbinə gəlincə, birincisi bankların kredit resurslarının tərkibində Mərkəzi Bankdan alınan vəsaitlərin azlığıdır. Mövcud vəziyyətin təhlili deməyə əsas verir ki, yaxın perspektivdə uçot dərəcəsinin bank faizlərini təsiri güclənməyəcək. Nə qədər ki, Azərbaycanda sağlam bank fəaliyyəti ilə məşğul olmaq mümkün deyil, bank sektoru xəstə vəziyyətdə qalmaqda davam edir, Mərkəzi Bankın uçot dərəcəsinin faiz dərəcələrinə təsir imkanları olmayacaq”. Ekspertin fikrincə, kredit faizləri ilə Mərkəzi Bankın uçot dərəcəsi arasında əlaqənin yaradılması üçün bank sistemi sağlamlaşdırılmalıdır: “Hətta sabah uçot dərəcəsi sıfıra salınsa da vəziyyət düzəlməyəcək. Çünki Mərkəzi Bank kommersiya banklarına ən aşağı faizlərlə kreditlər təklif etsə, həmin banklar sağlam fəaliyyət göstəmədikləri üçün o pulu götürüb ya dollara çevirib öz ehtiyatlarını artıracaqlar, valyuta bazarında çaxnaşma yaradacaqlar, ya da idxalla məşğul olan şirkətlərə verib ölkənin istehlak bazarının xarici mallarla doldurulmasına səbəb olacaqlar. Çünki bizim banklar qısamüddətli gəlir əldə etmək üçün fəaliyyət göstərirlər. Onlara ucuz vəsaitlər verilsə belə, onu uzunmüddətli kreditlərə deyil, qısamüddətli kreditlərə yönəldəcəklər. Qısamüddətli kreditlər isə adətən idxalçı sahibkarlara verilir. Real sektor, biznes üçün kreditlər uzunmüddətli olmalıdır. Buna görə də çıxış yolu kimi birincisi, bu bankların özləri sağlamlaşdırılmalıdır. Onların böyük bir qismi birləşdirilməli, yaxud nə qədər ağrılı olsa belə, bağlanmalıdır. Həmçinin dövlət banklarla real sektor arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün dəstək verməlidir. Bu dəstək biznes kreditlərinin, bank risklərinin sığortalanması və sair formalarda olmalıdır”.Ekspertlər: “Problemin kökü real sektordadır”