“AZƏRSU” -da HESABAT İCLASI KEÇİRİLİB...
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Qurumun mətbuat və ictimaiyyətlə əlaqə şöbəsindən "AzerTaym.az"-a verilən məlumata görə,İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2018-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2018-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilib. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verilib. Eyni zamanda Ağcabədi, Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub. Dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli sərəncamı, həmçinin dövlət investisiya layihəsi çərçivəsində içməli su çatışmazlığının müşahidə edildiyi 18 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 325 km magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1100 bulaq quraşdırılıb. 2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında mühüm layihələr icra olunub. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yenilənib. Hesabat dövründə 1162 km magistral və şəbəkə su xətləri, 335 km kanalizasiya kollektoru və xətləri, 10 su anbarı inşa edilib, 26 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 48 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 97 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib. Ötən il bölgələrdə regional laboratoriyaların yaradılmasına başlanılıb. 5 yeni elektron xidmət istifadəyə verilərək xidmətlərin sayı 16-ya çatdırılıb. 2018-ci ildə “Azərsu” ASC yenidən Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib. Sonra İqtisadiyyat və Uçot İdarəsinin rəisi Yaşar Kəlbiyev, Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, Texniki istehsalat departamentinin rəisi Aydın Abbasov, Tikintidə Olan Obyektlərin Müdiriyyətinin direktoru Səid Salayev, “Birləşmiş Sukanal” MMC 2 saylı Regional Sukanal İdarəsinin rəisi Əvəz Nəbiyev çıxış edərək müvafiq sahələr üzrə 2018-ci ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Bildirib ki, bu il Ağdaş, Qəbələ, və Xırdalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq. 2019-cu ildə Qazax və Horadiz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına, 10-dan çox şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin davam etdirilməsi nəzərdə tutulur. 2019-cu ildə müştəri xidmətləri sahəsində də mühüm tədbirlər həyata keçiriləcək. Səhmdar Cəmiyyətinin sədri 2019-cu ildə islahatların davam etdiriləsi, yeni regional idarələrin və laboratoriyaların yaradılması, iqtisadi səmərəliliyin artırılması, abonentlərlə işin təkmilləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.