“Təhsil haqqında” Qanun dəyişir - Kurrikulumların təsdiqi dövlətin vəzifələri sırasından çıxarılır

Azərbaycanda "Təhsil haqqında" Qanuna bəzi dəyişikliklər ediləcək.  Dəyişikliklərdən birində təhsil müəssisələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulub.

 Modern.az xəbər verir ki, adıçəkilən qanuna əsasən, təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisələrinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. 
Eyni zamanda, qanunun 29.0.28-ci maddəsinə əsasən, təhsil müəssisələrinin akkreditasiyası dövlət rüsumu tutulmaqla həyata keçirilməlidir. 

Digər bir dəyişiklik "Təhsil haqqında" Qanuna uyğunlasdırma məqsədi daşıyır. Belə ki, həmin qanuna əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil fəaliyyətini lisenziya almadan həyata keçirirlər. 
İndiyədək qanuna əsasən, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə,  doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutulacaq (Elmi- pedaqoji kadrların hazırlanması isə maddədən çıxarılır). Bu isə "Elm haqqında" qanuna uyğundur (maddə 17.3).
Dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurrikulumların) təsdiq olunması çıxarılır. Mühüm dəyişikliklərdən biri də dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində olduğu kimi, peşə təhsili müəssisələrində təhsilalanların da pulsuz dərsliklərlə təmin olunmasıdır. Bu isə peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

Qanuna təklif olunan dəyişikliklər Milli  Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.






Fikirlər